Niko və anası kasıb bir daxmada yaşayırlarmış. Hər səhər Niko fırça, boya və kətan götürüb təbiətin qoynuna gedər, gözəl rəsmlər çəkərmiş. Onun getdiyi cığır knyazın evinin yanından keçərmiş. Knyazın ay parçası kimi bir qızı varmış. Eyvandakı qızılgüllərə qulluq edərmiş. Hər səhər onların baxışları toqquşardı. Aralarında dilsiz-ağızsız məhəbbət yaranmışdı… Bir gün Nikonun qoca anası şikayətləndi:
— Ay oğul, ürəyimə damıb ki, ölümüm yaxınlaşır. Bir halal süd əmmiş al, toyunuzda iştirak edim, sonra rahatca köç edə bilərəm…
Niko bunu gözləyirmiş kimi anasına ürəyinə açdı:
— Ana, gözaltım var. Günü bu gün elçiliyə gedə bilərsən. Anası sevindi. Ancaq qızın kim olduğunu biləndə gözlərinə kədər qondu.
— Oğul nə danışırsan. Knyaz biz kasıblara qız verməz.
Bununla belə, Niko anasını dilə tutdu ki, gedib knyazgilin qapısındakı elçi daşının üstündə otursun. Qadın çar- naçar getdi. Knyazın qulluqçuları cındırından cin hürkən qarını elçi daşının üstündə görəndə onun səhvə yol verdiyini zənn etdilər. Dedilər ki, sədəqə diləmək daşı deyil, sağdakıdır. Qarısa daşı düz seçdiyini, knyazın qızını oğlu Niko üçün istədiyini bildirdi. Bu xəbər knyaza çatanda, o, bərk əsəbiləşdi. Qadını ölüncə döyməyi əmr etdi. Döyülən qarı üç gündən sonra canını tapşırdı. Hadisədən bərk sarsılan Niko bir müddət evdən çıxmadı. Knyaz qızı onun yolunu gözləyə-gözləyə qaldı, bənizi saraldı, xəstə düşdü. Bir müddət də keçdi, Niko evini, bütün əşyalarını, çəkdiyi rəsmləri satıb puluna düz bir milyon ədəd qızılgül aldı. Gecə ikən barını aşıb həmin qızılgülləri knyazın həyətinə, knyaz qızının eyvanının qarşısına düzdü. Knyaz qızı tezdən eyvana çıxanda gözlərinə inanmadı. Bütün həyət qızılgülə bürünmüşdü.
Niko isə o gündən qeyb oldu. Öldüsü- qaldısı bilinmədi.