Elə bil ölmüsən... Səni hətta görəndə belə mənə elə gəlir tamam başqasıdır. Həmin cizgilər də elə bil dəyişib. Elə bil birinci dəfədir görürəm səni. Tamam başqasıdır qarşımda duran.
Səni əvvəlkindən də çox istəyirəm. Həmişə əzizsən mənə, həmişə anıram səni. Anıram səni, amma başqa səni. Həmişə yanımda duran, xəfifcə gülümsəyən , hamıdan əvvəl məni başa düşən, məni duyan , mənə hər kəsdən əziz səni. Amma indi o təbəssümün ala- toran yaddaşımda əsir. Onu görürəm , amma hardasa uzaqda. Boylarııram ki, yaxşıca görüm. Amma təbəssüm yerindən tərpənmir. Nə yaxınlaşır , nə uzaqlaşır.
Aha, aydınlaşdı. Necə də kədərli təbəssümdür! Mən də cavabında kədərlə gülümsəyirəm. Başımı sakitcə aşağı salıram. Sonra başımı qaldırdıqda təbəssüm yox olur. Bax belə... Həmişə... Səni elə bil heç vaxt tanımamışam. Tanıdığım başqası olub. O , ya sağollaşmamış harasa gedib uzaqlara və heç vaxt qayıtmayacaq, ya da qeyb olub, bilmirəm hara. Səninsə heç adını da bilmirəm. Kimsən , nə vaxt gəlmisən, niyə gəlmisən- onu da bilmirəm. Elə bil ayrı -ayrı adamlarsınız. Onu qəlbimdə isidirəm, darıxıram onunçun, səsini eşitmək istəyirəm, səni isə... heç tanımaq da istəmirəm , bilmirəm kimsən. Məndə heç bir hiss yaratmayan , tamamilə mənimçün laqeyd, yad birisisən. Adın da yaddır mənə. Qəribədir... Niyə belə olur?! ... Mən yenə də o təbəssümü axtarıram... Hə axtarıram, hardadır...? Yəqin heç vaxt tapmaram. O həmişə vaxtaşırı gəlir və sonra yenə də yox olur. Bilirsən nə vaxt gəlir? - Ən qayğılı vaxtlarımda gəlir göz yaşlarımı silməyə , gəlir ki, baxsın gözlərimin içinə :" Hər şey yaxşı olacaq , görərsən!" -deyə pıçıldasın. Yenə də əvvəlki kimi kədərlə gülümsəyib yox olur. Mən onu ümidsiz çağırıram , osa hay vermir. Sənsə tamamilə yad adam , o təbəssümdən də xəbərin yoxdu. Sən bilmirsən ki, hər dəfə sənə baxanda uçurum yadıma düşür. Sən və o təbəssüm arasındakı o keçilməz uçurum. Bəs bu uçurum nə vaxt yarandı. Necə yarandı? - Hə, o xəbərsiz gedəndə ! Təbəssüm yox olanda! və... və sənin amansız ayaq səslərin eşidiləndə, hə ... sən hər dəfə adımlayanda o uçurum dərinləşdi. Beləcə hər şey yarandı . Uçurum, Sən - mənimçün yad olan birisi , məni ovudan " Təbəssüm" və Yalnızlığım. Görəsən, başqa Sən, doğurdan da ölmüsən . Bəs nə vaxt öldün? Necə öldün? Niyə öldün? Çox təəssüf! Bilirsən nəyə təəssüflənirəm? - Heç biriniz bu suallara cavab verə bilmirsiniz! Ona görə. Hamınız susursunuz. Təbəssüm də, Sən də, Yalnızlığım da , Uçurum da! Necə də acizsiniz!!! " Həmişə çətinə düşəndə öz ürəyimdə, fikrimdə sənə şikayətlənib ağlayardım , indi də çətin vəziyyətdəyəm, ancaq şikayətlənəcəyib , dizini qucaqlayıb ağlayacağım adam yoxdu. Bilirəm sənə qəribə gəlir , bunu sənə niyə deyirəm , düzü, niyəsini mən də bilmirəm, bəlkə hələ də mənə səndən əziz adamın olmamağıdı". 18 aprel 2004 Müəllif: Zeynalova Vüsalə. M