Məcnun Leylisinə qovuşmadı, kim bilir, bəlkə, bizə elə gəlir, bəlkə, qovuşublar daha. Bəlkə, qovuşub küsüşüblər, bəlkə o Leyli-Məcnun eşqindən peşman da olublar. Hər sevmək bir qovuşmaqdır, hər hicran bir vüsal. Hər Məcnun öz Leylisinə qovuşacaq, ha burda, ha ölümün o üzündə, buna şübhə eləmirəm, amma hər vüsalda xeyir varmı, bunu bilmirəm; hər kəs kimi sevməyindən, niyə sevməyindən, necə sevməyindən razıdırmı, bunu deməyə bilgim, cəsarətim, haqqım çatmır.
Qovuşsalar da, qovuşmasalar da, bir-birinə sarılanlar, bir-birinə sarıldığını zənn edənlərdir. Qovuşmaq sarılmaq və ya sarılmaq hələ gerçək anlamda qovuşmaq demək deyil ki. Bir-birinə gerçək anlamda sarılanlar Haqqın kəndirinə sarılanlardır. Haqqın kəndirinə sarılanlar təkcə Haqqın kəndirinə sarılmırlar, həm də bütün sevdiklərinə, yəni Haqqın kəndirinə sarılanlara sarılırlar. Haqqın kəndirinə sarılaraq Haqqın kəndirinə sarılmışa sarılmaq dünyada da, axirətdə də birlikdə olmaqdır. Amma kim nə deyir-desin, Haqqın kəndirinə sarılmaq bütün sevdiklərinə sarılmaqdır, bütün sevdiklərinə qovuşmaqdır.
Bəndəsinə istəmək qabiliyyətini verən Allah ya onun istədiyini verməyi istəyib, ya da bu istədiyi ilə bəndəsini imtahana çəkir. Amma bəndə də əmin olmalıdır ki, ədəblə istəyib, ədəbli istəyib, ədəbi istəyib, qovuşmamaq yoxdur. Allahı sevməyin meyvəsi bəndəni sevməkdir, bəndəni sevməyin varacağı mənzil Allahı sevməkdir. Bəndənin Allahı sevməsi Allahın bəndəyə ən böyük lütfüdür. Uca Rəbb hansı qəlbə özünü sevdirirsə, o qəlbi cənnət bağçasına çevirər. Allahın ipinə sarılın! Allah-Təalanın biz bəndələrindən istəyidir bunlar. Allahın ipi Qurani-Kərimdir. Qurana sarılın demək, həyatı bu İlahi kitabın nuru ilə, göstərdiyi istiqamətdə qurmağa çağırmaqdır.
Allah “bəndələrim dua eləsinlər, Mən də onların dualarına cavab verim” buyurur. O, əlbəttə bütün qullarını görəndir, eşidəndir, Onun bilgisi xaricində heç bir şey yoxdur, əslində Onun bilgisi üçün “xaric anlayışı yoxdur.” Məcnun Leylisiz öldü, Fərhad Şirinsiz. Sən şahid ola bilərsənmi ki, istəyən onların ruhu idi, nəfsi deyildi? Nəfsi ilə istəyənlər sevgisini libas kimi dünyada soyunub gedirlər, ruhu ilə sevənlər o sevgini savab kimi özləri ilə axirətə aparırlar. Nəfs - bədənin istəyi, ruh Allahın sirridir, məkanı da Cənnət. Ruh istədiyini özünə cənnətə yoldaş istəyər. Nəfsin istədiyini sevgi bilmək özünü aldatmaqdır. Nəfsin istəyi küləyin alıb apardığı yelqovan kimidir, bir az sonra gözdən itəcək, gözdən itən kimi də unudulacaq. Yaşı səksəni ötmüş Məmmədsəid dədə yönünü qibləyə çevirib “Allahu Əkbər” deyən kimi ömür-gün yoldaşı Zibeydə nənə kürəyində hazır olur. Özləri də unudublar ki, bu mənzərə neçə illərdir beləcə davam edir, əlli , altmış, altmış beş... Amma heç yorulmayıblar, heç usanmayıblar. Bir çətən oğul-uşaq böyüdüblər, bir kənd sayılacaq qədər nəvə-nəticələri var, amma hər dəfə ilk sevgi kimi yanaşı durub qibləyə yönəlirlər, hər gün təzətərdilər, hər gün təravətli, hər gün şuxdular. Hərəsinin də öz canamazı var, illərdən bəri alın qoyulduğundan səcdə yerinin rəngi seçilməz hala gəlib, amma dəyişmək, yeniləmək istəmirlər, çünki o canamazlar illərin səcdə şahidləridir, birgəliyin, sədaqətin şahidləridir. “Allah ataa, anaa rəhmət eləsin, ay Zibeydə, kürəyində namaz qılan arvadı olmaq Misirə sultan olmaqdan əfdaldı”. Məmmədsəid dədə namazı qurtarıb zikr edəndən sonra yanında büzüşüb dodağı altında dua eləyən ömür-gün yoldaşına deyirdi bu sözləri. Zibeydə nənə də ərinin bu alxışından məmnun halda başını yelləyər, zikrinə davam edərdi. Bu “Misirə sultan olmaq” məsələsi Məmmədsəid dədənin ağlına hardan gəlmişdi, kimdən götürmüşdü bu sözü, heç özü də xatırlamırdı, amma ancaq o məqamda işlədirdi, ancaq Zibeydə nənəyə deyirdi. Onlar ömür-gün yoldaşı olduqları qədər də namaz yoldaşı, dua yoldaşıydılar. Bir dəfə gənclik illərində necə olmuşdusa, aralarına inciklik düşmüşdü. Kişi xanımına əvvəlcə səsini qaldırmışdı, sonra da əlini, özü də heç bir şeyin üstündə. Namaza duranda Zibeydə xanım: “dur, ay Məmmədsəid, nə qədər eləyirəm, qəzəbim keçmir, sən öz namazını qıl, sonra da mən qılaram”- deyib ağlayaraq otaqdan çıxmışdı. Xanımın bu sitəmi kişiyə bərk yer eləmişdi və namazı necə qılıb qurtardığını özü də bilməmişdi. O hadisədən, bəlkə də, qırx il keçmişdi, ömür-günləri bir sevgi nəğməsi kimi oxunub gedirdi, amma o hadisəni də heç unutmurdular, kişi bir balaca səsini qaldıran kimi arvad başı ilə qapıya işarə edir, yəni “gedərəm haa”, gülüşürlər və Məmmədsəid dədə söhbəti dua ilə tamamlayır: “Allah ayırmasın!” Qovuşmaq sevməyin meyvəsidir, hər sevən qovuşmağa can atar. Sevməyin zövqü olduğu kimi, qovuşmağı istəməyin də ədəbi var. Sevdiyin sizə gələcək, nə gözəl. Bir həftə əvvəldən hazırlıqlar başlar. Ev-eşik, həyət-baca çiçək kimi tər-təmiz olar, hər tərəf gül qoxuyar. Bazarlıqlar, biş-düşlər, geyim-kecim, nə lazımsa, hamısı ədəbinə, qaydasına uyğun... Bəs, sən sevdiyini qəlbinə qonaq etmək, könlünə hakim qılmaq istəsən necə? Bilirsənmi, aləmlərə sığmayan Allah sevdiyi qulunun qəlbinə sığar? Sənin qəlbin o Müsafiri qəbul etməyə layiqmi, hazırmı? Qurdla quzu, atəşlə pambıq bir yerdə ola bilmədikləri kimi imanla küfr də eyni zamanda bir qəlbə sığmazlar. Bir qəlbdə ya o var, ya o birisi. Bir az ondan, bir az bundan mümkün deyil, imanın şərtləri var, şərtlisi yoxdur, ya tam var, bütöv var, ya da yoxdur. Hər sevməyin qovuşmağı var, hər sevən sevdiyinə qovuşacaq. Bundan zərrə qədər də şübhən olmasın. Sən sevdiyinə bax, hansı ünvana qovuşmaq istədiyinə bax; sən sevməyinə bax; sevdiyinə bax və bir də sevdiyinə layiq olmağa bax, gerisini düşünmə, narahat olma, heç canını da sıxma. Ədəbli sevgi Sırat körpüsü kimidir, səni sevdiyindən başqasına aparmaz. Sevmək qovuşmaqdır, sən heç narahat olma, sevən sevdiyinə qovuşacaq, ha bu gün, ha sabah... Mənbə: Zaman qəzeti
Allahın rənginə boyanın!
Kim nə deyir-desin, sevmək qovuşmaqdır. Sevib də qovuşmamaq kimi bir şey yoxdur. Sevən sevdiyinə qovuşacaq, ha bu gün, ha sabah.
Qovuşmadığını zənn edənlər səbirsizlərdir. Ömür dediyin təkcə ölümün bu sahili deyil ki! Hər şey ölümün bu üzündə tamamlansaydı, həyatın anlamı olmazdı ki!
Müəllif: ƏLİ ÇƏRKƏZOĞLU