İkinci gün idi ki, Əsmərin dilinin altından sudan başqa heç nə keçməmişdi. Aclıq ona güc gəlirdi. Yeridikcə başı gicəllənirdi. Buna baxmayaraq tozlu dağ yolu ilə ayaqlarını sürükləyirdi...
...Neçə gündən bəri Füruzəni bir anlığa olsa da yadından çıxara bilmirdi. Mənzil başına uzanan yolu da hələ yarı deyildi. Füruzənin adı xəyalında canlananda sol əlini qaldırıb barmağındakı nişan üzüyünə baxdı. Evində bundan başqa satmağa yararlı heç nə qalmamışdı. Neçə illər əzizləyib saxladığı bu üzüyü satmağa isə ürəyi gəlmirdi. Əvvəlcədən özünə söz vermişdi: «Lap acından ölsə də, bir tikə çörəyə möhtac qalsa da üzüyü satmayacaq. Onu Füruzəyə pay verəcəkdi.»
Qaş qaralırdı. Dağların arasında ulayan canavarın səsini eşitdi. Xoflandı. Lakin özünə təskinlik verdi: "Ölümdən o tərəfə nə var? Onsuz da acından ölürəm." Yoluna davam etdi...
...Hardasa çəkilən gecə namazıının əzan sədasını külək ona çatdırııdı. Yaxınlıqda kənd olduğunu xatırladı. Ürəkləndi. Addımlarını bir az yeyinlətdi. Yala qalxsa kənd görünəcəkdi. Qalxdı. Lakin kənd görünmürdü. Artıq elektrik işıqları söndürülmüşdü. Enişə çatanda ağaran uçuq divarları gördü. Bu, kolxoz dövründən miras qalmış və indi xarabalığa çevrilmiş maldarlıq fermasının binaları idi. Ani olaraq götür-qoy etdi. Onsuz da qarşıdakı kənddə açacağı bir qapı yox idi. Yoldan sola döndü. Tövləyə tərəf getdi. Içərini bürüyən zülmətdə kor-koranə addımlarını atdı. Nəyə isə ilişdi. Qaranlıqda ayağı çuxura düşüb büdrədi. Və yıxıldı. Bərk ağrıdı. Inlədi. Qalxmağa amanı olmadığından iməkləyərək axura tərəf süründü. Keçib beton axurun içində oturdu. Nəfəsini dərdi. Yalnız indi dodaqlarında quruyan qanın dadını duydu. Başa düşdü ki, yıxılanda burnu yerə toxunmuşdu. «Bircə bunu Füruzəyə çatdıra bilsəydim heç dərdim olmazdı.» — deyə fikirləşdi. Kif iyi verən küləşin üstündə uzandı.
O, pıçıldayırdı:
— Yazıq balam, yetim balam! Ananı balaya həsrət qoydular. Səni əlimlə gəlin köçürə bilmədim. Sinəmə çalın-çarpaz dağ çəkdilər.
Əsnədi. Kirpiklərini qapadı. Lakin gözünə yuxu getmədi. Aclıqdan əsməmişdi. Aclıq isə onu üstələyirdi. Vaxtı ilə bir tikə çörəyini qazana bilirdi. Indi ona da möhtacdır. Keçən günlər ani olaraq gözləri önündən süzülüb getdi:
— Heç olmasa o zaman getmə ilə də olsa çörəyimizi çıxarırdıq. Onu da bizə çox gördülər. Qalmışıq işsiz-gücsüz.
Gecə yarıdan keçmişdi. Çaqqallar xarabalıqdan o yanda, kənd tərəfdə ulaşırdı. Əsmər isə hələ də acı xatirələri ilə çırpınırdı...
...Tövlənin içində qəflətən sahibsiz qalmış çoban köpəyinin ulayan səsi əks-səda verdi. Əsmər eyməndi. Tükləri biz-biz oldu. O, ömründə belə qorxunc səs eşitməmişdi. Qısılıb nəfəsini içinə çəkdi. Canavar boyda olan köpək iy almışdı. Torpağı iyləyə-iyləyə onun yanına gəldi. Birdən axurun içinə atıldı. Sanki heyvan qarşısındakı insanın acizliyini duymuşdu. It axura qısılmış ovuna baxıb yenidən uladı. Əsmərin qorxudan ürəyi partlamaq dərəcəsinə çatdı. Küləyə düşmüş tənha yarpaq kimi əsirdi. Əsdikcə dişləri bir-birinə dəyib şaqqıldayırdı. Qudurmuş köpək də sanki onu təqlid edirmiş kimi dişlərini şaqqıldatdı və ovunun üstünə cumdu. Qadının ayaq pəncəsini ağzına saldı. Köpəyin iti dişləri qadının pəncəsini deşdi. Ona elə gəldi ki, ayağı üzüldü. Hövlnak dikəldi. Əsmərdən tüküpərdici hayqırtı qopdu. Vəhşiləşmiş it bir anlığa dayandı. Dikəlib oturmuş qadına baxdı. Qarşısındakının zəifliyini duyub ona elə bir məhəl qoymadı. Ağzına aldığı ayağı yenidən dartışdırmağa başladı.
Həyat eşqi Əsməri üstələdi. Qeyri ixtiyari irəliyə atılıb heyvanın boynundan yapışıb axurun içinə basdı. Ayağı köpəyin dişləri arasından çıxdı. Qadın onun burnunu yerə basıb var gücü ilə sıxırdı. Boğulan heyvan çabalayır, bağırırdı. Çabaladıqca çaynaqları ilə qadının dizlərini parçalayırdı. Əsmər isə ağrıya dözür və hiddətlə vəhşini boğurdu. Ölümlə çarpışdığı anda Füruzə gözləri önünə gəldi. Anladı ki, it onu öldürsə üzüyü qızına çatdırmayacaq...
...Qadın onun ulqumunu ələ keçirtdi. Insan və vəhşinin mübarizəsi uzun çəkdi. Nəhayət, vəhşinin səsi zəiflədi. Qadın isə onu qorxudan buraxmırdı. Elə hey boğurdu. Əsmər huşunu itirib boğduğu vəhşinin üstünə yıxıldı...
...Dan yeri sökülürdü. Soyuq dağ mehi onu üşündürdü. Əsmər ayıldı. Dodaqları qorxudan uçuqlayıb parça-parça olmuşdu. O, xeyli lal-dinməz qarşısında uzanmış cəsədə baxdı. Nə üçün ölmüş köpəklə yanaşı yatdığına təəccübləndi. Bayıldığını dərk etmədi. Ayağı ağrıdan sancdı. Gecə yarı itlə çarpışmağını xatırladı. Və birdən hönkürdü. Əsmər içini döyə-döyə ağlayırdı...
...Kənd oyanmışdı. Tək-tək elektrik işıqları közərirdi. Nəhayət, yola çıxdı. Axsayırdı. Paltarı əlçim-əlçim olmuş, sifəti qana boyanmışdı. Bu görkəmdə o səfil sərsəriyə bənzəyirdi. Əsmər irəlilədikcə gözlərinin yaşı bir anlığa da olsa qurumur, üstən aşağı süzülürdü. Gecəki hadisənin təsirindən uzaqlaşa bilmirdi. Sağ qalmağı ona möcüzə kimi görünürdü. Beyni dumanlı kimi kor-koranə düşüncələr içərisində kəndi ötüb keçdi. Yenidən üzü yuxarı qalxdı. Səhərin soyuq havası bir az onun beyninin geyini açdı. Üst-başına nəzər saldı. Düşdüyü halətindən utandı və özünə yazığı gəldi. Kimsəsizlərin beləcə məhv olduğunu görüb dərk etdiyi üçün dünyaya lənət oxudu. Sonra donquldandı:
— Gorbagor! Məni bu kökə saldın. Mənim nə təqsirim vardı?
Gorbagor dediyinin arxasınca pis söyüş göndərdi. Və axırdı qarğıdı:
— Allah sənə nəhlət eləsin. Sənin sümüyün qəbirdə də od tutub yansın. Oğlun köpəkoğlu da sənin sözünə baxdı. Ona görədə də hamımız tar-mar oldunuz. Allah haqsız işi götürməz. Götürmədi də.
Əsmər dolanbac yollarda özünü tənha görüb ürəyini boşaldırdı:
— A gorbagor, on doqquz yaşımda sənin xarabana düşdüm. Cəmi iki il gəlinlik etdim. Mənə elə qara yaxdın ki, heç görünməmiş kimi. Iyirmi ildir ki, məni başsız qoymusan. Bəs, bilmirdin ki, mənə belə zülm edəndə Allah da o zülmü yerdə qoymayacaq. Bilmirdin ki, it kimi ulaya-ulaya gəbərəcəksən...
… Günorta üstü Əsmər mənzil başına çatdı. Küçə qapısına yaxınlaşdı. Bir başa darvazanı döyməyə cəsarəti çatmadı. Tərəddüt içində dayanmışdı. Həyətdən danışıq səsi gəlirdi. Diqqət yetirdi. Qadın deyirdi:
— Ata, mən anamı heç xatırlamıram da. Nənəm onun haqqında o qədər pis danışıb ki, anamın adı gələndə utanıram.
Əsmərin əti çimçəşdi. Anladı ki, danışan onun qızıdır. Ürəyində söyləndi: «Gorbagor qızın da başını yeyib. Onun gözündən də məni salıbdır.»
Əsmər bu dəfə kişinin danışığına qulaq asdı:
— Yox, qızım. Əsmər elə qadın deyil. Taqsır mənim dayım qızında idi. Gülbikədə. Gülbikə hikkəsindən ona qara yaxdı. Atan da anasının sözündən çıxa bilmədi. Əsməri boşadı.
Əsmər Füruzənin qaynatası Əyyub kişini səsindən tanıdı. Iyirmi il bundan əvvəl onu müdafiə edən yalnız Əyyub olmuşdu.
Yenə həyətdən səs gəldi:
— Bircə anamı görə bilsəydim heç dərdim olmazdı.
— Allah qoysa görərsən. Taxılımızı səpək sonra yığışıb gedərik.
Əsmərin ürəyi çırpındı. Dəmir qapını keçmək istəyirdi ki, bura nə üçün gəldiyini xatırlayıb sol əlini qaldırdı. Üzük barmağında yox idi...
...Qadını sanki ildırım vurdu. Sağ əli qapıda, sol əli havada qalmışdı. Beyni işləmədi. Burada niyə dayandığını, kimin qapısını döymək istədiyini dərk edə bilmədi. Sol əli irəliyə uzanmış Əsmər canlı heykəli xatırladırdı...
...Əsmər haçandan-haçana özünə gəldi. Və üzüyü harada itirdiyini xatırlamağa çalışdı. Qəflətən hərəkətə gəldi. Sürətlə geri götrüldü. Indi o gəldiyi yolla qaçırdı. Kəndin içində tək-tək görünən adamlar cırım-cındır içində yürüyən qadını dəli hesab edirdilər. Bir dəstə uşaq onun arxasınca düşdü. Əsmər isə heç kəsə məhəl qoymayıb qaçırdı. Dodaqaltı pıçıldayırdı:
— Mən neçə ildir ki, bu üzüyü saxlamışdım. Bundan başqa gücüm heç nəyə çatmırdı. Bir ümid yerim o üzük idi. Üzüyü qızıma cehiz verəckdim. Onu da həyatım kimi itirdim...
...Iki gündən sonra yeni seçilmiş kənd bələdiyyə sədrinin qardaşı tövlədəki mişar daşını xəlvəti söküb aparmağa gələndə uçuq tövlənin içində bir qadın görüb haray-həşir saldı. Camaat tökülüb gəldi. Başını qurdbasar köpəyin leşi üzərinə qoymuş meyidin yumulmuş ovucundan qızıl üzük çıxdı. Üzüyün içinə "ƏSMƏR-FÜRUZƏ" sözləri həkk edilmişdi.
Müəllif: Ağaəli AĞAYEV Mənbə: İrfan dərgisi