Məntiq dərsi

Məntiq dərsi


Tələbələr növbəti tədris ilində yeni dərsin “Məntiq” olacağını öyrəndilər. Bu dərsi yaşlı bir professor aparmalı idi. Nəhayət, ilk dərs başladı və tələbələrdən biri söz istəyərək:
— Professor, məntiq bizə nə öyrədir? – deyə soruşdu.
Professor tələbələrin ona maraqla baxdığını gördü və:
— Məntiqin insanların şüuruna göstərdiyi təsiri izah etmək çətindir. Ona görə də, bunu sizə bir misalla izah etmək istəyirəm, – deyərək sözə başladı:
— Fərz edin ki, mədəndən iki adam çıxır. Birinin üst-başı tər-təmiz, o birininki isə kir içindədir. Sizin fikrinizcə, bunlardan hansı yuyunmalıdır?
Tələbələr heç tərəddüd etmədən:
— Əlbəttə ki, üstü kirli olan, – deyə cavab verdilər.
Professor gülümsəyərək:
— Məntiq isə bu suala cavab verməzdən əvvəl bunu soruşur: “Necə olur ki, eyni mədəndən çıxan iki nəfərdən birinin üst-başı tər-təmiz, o birininki isə kirlidir?..”
Top