Bir gün bir turist Afrikaya gəlir. Görür yerli qəbilədən birisi fildən enib onun boğazındakı ipi kiçik bir dirəyə bağlayır. Turist yanındakı tərcüməçidən soruşur:
-Nəyə görə fili dirəyə bağladı ki? Fil həmin dirəkdən 10 dəfə böyükdür. Bircə dəfə dartsa, dirəyi kökündən çıxara bilər. Dirək məndən də kiçikdir ki, elə mən də onu qoparardım.
Tərcüməçi özü də təəccüblənir. O da dirəyin nə qədər davamsız və nazik olduğunu görüb, bunun səbəbini qəbilə başçısından soruşur. Qəbilə başçısı yaxınlaşıb fili sığallayır, sonra isə deyir:
-Bu fil balaca olanda mən onu bu dirəyə bağlayırdım. Balaca olanda o, illərlə bu dirəyi dartıb yerindən qoparmağa çalışırdı. Amma o vaxtlar çox balaca idi, dirəyi qoparmağa gücü çatmırdı. İndi güclüdür, bircə dəfə dartsa, dirəyi yerindən qopara bilər. Amma o taleyiylə çoxdan barışıb. Artıq inanıb ki, bu dirəyi qoparmaq olmur. Mən də onu rahatca bağlayıb gedə bilirəm.