Bir universitetdə praktika keçirdim, dərs deyirdim. Eyni semestrdə həm mühazirə, həm seminar dediyim bir qız tələbə diqqətimi çəkməyə başlamışdı. Çox gözəl idi, qeyri-ixtiyari ona baxırdım, çox çalışqan idi, bütün imtahanlarda ən yüksək qiyməti o alırdı. Həm də çox xanım xarakterli idi.
Bir gün təsadüfən qızı nişanlısı ilə gördüm və boynuma alıram, ilk ağlımdan keçən «Armudun yaxşısını ayılar yeyər» düşüncəsi oldu. 27-28 yaşlarında, saçı bir az tökülmüş, kök, balacaboy adam idi. Bu insanla puluna görə nişanlana biləcəyi ağlıma gələn ilk fikir oldu. Sonra öyrəndim ki, imkanlı biri deyil və başqa bir universitetdə psixologiya üzrə doktoranturada oxuyur və gələcəkdə ixtisası üzrə professor olmaq istəyir. Düşüncəm məni rahat buraxmırdı. Görəsən nə tapmışdı mənim gözəl tələbəm bu oğlanda?
Bir gün koridorda qıza yaxınlaşdım və bir az ordan-burdan danışdıqdan sonra maraqlı olduğum mövzu ilə bağlı sual verdim:
— Nişanlınla necə tanış olmusan mənə çox maraqlıdır?
— Bir dini müşavirədə bərabər iştirak edirdik, orda tanış olduq.
— Bəs səni nəyi cəlb etdi?
O, bu sualı heç gözləmirdi. Ziyalı xanım olduğundan, bu cür sualları insanın şəxsi həyatına təcavüz hesab edərək təəccüblə üzümə baxdı. Bir qədər sonra gülümsəyərək:
«O, şəhanə bir insandır; O mənim qəhrəmanımdır. Ondan çox şey öyrənmişəm» dedi.
İlk anda duyduğum hiss qısqanclıq oldu. Gözəl bir qadının bir kişiyə «Sən mənim qəhrəmanımsan» duyğusu ilə baxmasının kişiyə verilmiş ən böyük hədiyyə olduğunu hiss etdim. Bu hədiyyəni həyatım boyu almadığımı bildiyim üçün qısqandım.
— Necə yəni? soruşdum.
— O, uşaq evində böyüyüb. Yetim olmağın nə demək olduğunu bildiyi üçün universitetdə tələbə olarkən, yetimxanadan 2 uşağa böyük qardaşlıq edir. Həftədə 10 saatını onlara ayırır; onlarla görüşüb oynayır, kitab oxuyur, onları gəzməyə aparır. Onların yaxşı yetişməsi üçün əlindən gələni edir. Onlardan biri əməliyyat olunub və nişanlım indi xəstəxanada qalıb ona baxır.
Üzümə şillə yemiş kimi oldum. Mən guya yüksək təhsil dərəcəsinə gəlmiş biriyəm və qarşımdakını hələ də görünüşünə görə mühakimə edir, onu «ayı» olaraq görürdüm. İçimdəki pislikdən utandım. Belə bir məntiq yürütdüm: Niyə mən o adama baxarkən, ilk növbədə «Armudun yaxşısını ayı yeyər» düşündüm. Çünki mən, yetişdiyim mühitdə tez-tez bu bənzətməni eşidərək böyümüşəm. Mənim mühitim mənə necə təsir edibsə, gözəl tələbəmin böyüdüyü mühit də ona elə təsir etmişdi.
Bu ailə məndə maraq oyatmağa başladı. Bir müddət sonra tələbəmə onlara qonaq gəlmək istədiyimi dedim. Getdim. Ənənəvi gülərüzlüklə qarşıladılar məni. Tələbəmin 4 yaşında bir balaca qardaşı, bir də özündən böyük evli qardaşı var idi.
Bu ailədə 2 hadisə diqqətimi çəkdi. Birinci, ata öz 4 yaşlı oğlu ilə danışarkən, aşağı əyilib düz onun göz xəttində dayanırdı. Bunu o qədər təbii edirdi ki, artıq fərqinə belə varmadan edilən davranış olduğu bəlli idi. Tələbəmdən bu haqda soruşdum.
O dedi:
— Hə, atamız həmişə bizimlə elə danışdı. Bir qardaşım evlidir və o, da uşaqları ilə elə danışır. Mən də həmişə elə danışacam.
Tüklərim biz-biz oldu. Atasına «Maraqlıdır, uşaqlarınızla göz xəttinə enərək danışırsız» dedim.
O, bir az təəccüblə gülümsəyərək:
— Bəli, axı onlar da balaca insanlardır. O qədər təbii baxırdı ki, mənə, gözləri «Sən belə etmirsən ki?» soruşurdu sanki. Mənimsə verdiyim tək cavab utanc bir gülümsəmə idi.
İkinci diqqətimi çəkən isə onun qardaşının davranışı oldu. Çox zəngin bir biznesmen olan bu insana çay əsnasında zəng gəldi və sabah önəmli bir görüşdə iştirak etməsinin vacibliyi bildirildi.
O isə belə cavab verdi:
«Mənim sabah eyni saatda daha vacib görüşüm var, başqa görüşləri təxirə salın».
Daha sonra bizə belə açıqlama verdi:
" 4 övladım var və həftədə biri ilə 4-5 saat bir yerdə zaman keçiririk. Sabah qızımla görüşüm var, bunu hec cür ertələmək olmaz. Uşaqlar tez böyüyür, bir də baxırsan böyüyüb və sən heç uşaqlarınla zaman keçirməmisən"
Öz uşaqlarıma içim yandı. Daha sonra uşaqlığıma yandı içim. Və son dayanacaq bütün ölkəmin uşaqlarına yandı içim.Heç kəsə hirslənə bilməyəcəyimi anlayıb «Bundan sonra nə edə bilərəm?» haqqında düşünməyə başladım. Tələbəmin böyüdüyü mühiti görəndə, onun seçdiyi o insanla nişanlanmasına daha yaxşı məna verə bilirdim. Atası hər dəfə onunla göz xəttinə əyilib danışanda, uşaq «Sən varsan, təbiisən, olduğun kimisən, dəyərlisən, güclüsən, sevilməyə layiqsən» mesajını alıb və onun ruhu bəslənib.
Uşağı ilə görüş vaxtına sadiq qalan ata «Səninlə vaxtımı keçirmək istəyirəm, sənin üçün darıxmışam» sözlərini onun bütün ruhuna yayır. Uşaq bunu yalnız sözlərdə yox, əməllərdə duyur, uşağın xəmiri «Mən sevilməyə layiq biriyəm» düşüncəsi ilə yoğrulur. Və o uşaq gələcəkdə bütün insanlara «sevilməyə layiq biriləri» kimi baxır. Bir ata-ananın övladına verə biləcəyi ən böyük miras, sevgi ilə böyümüş, bəslənmiş və buna inanmış güclü bir candır.