Ölməyə 1 saatınız qalıb

Ölməyə 1 saatınız qalıb

İşimə yeni başlamağın həm ləzzətini, həm də həyəcanını yaşayırdım. Xüsusilə də, “həkim“ xitabına öyrəşməyə çalışırdım
Təcili tibbi yardım xidmətində işə yenicə düzəlmişdim. İşimə yeni başlamağın həm ləzzətini, həm də həyəcanını yaşayırdım. Xüsusilə də, “həkim“ xitabına öyrəşməyə çalışırdım. Bütün böyük xəstəxanaların təcili yardım şöbəsində olduğu kimi, burada da qaynar iş qrafikimiz vardı. Təcrübəli həkimlərin yanında mənə çox iş düşməsə də, mən öz işimi daha dərindən öyrənmək və təcrübi biliklərimi artırmaq üçün hər işdə yaxından iştirak etməyə cəhd göstərirdim...
Gecə saat 1 idi. İki qadın qollarından tutduqları 16-17 yaşlı bir cavan oğlanı xəstəxananın qapısına doğru gətirirdilər. Onların arxasınca isə təngnəfəs halda yaşlı bir kişi gəlirdi. Oğlanın atası olduğu bəlli idi. “Oğlumu xilas edin“, — deyə yalvarırdı.
Yorğun halda kresloda yarıyuxulu vəziyyətdə oturmuş növbətçi həkim dərhal yerindən qalxdı. Tibb bacıları gələnləri qarşılayıb, onları müayinə otağına dəvət  etdi. Təbii ki, mən adətim üzrə onların yanında idim. Yaşlı ata danışmağa davam edirdi:
— Həkim, oğlum intihar etmək üçün çoxlu dərman içib. Anası bundan xəbər tutan kimi çox gecikdirmədən xəstəxanaya gətirdik.
— İçdiyi dərmanlar yanınızdadır?
Yaşlı adam cəld əlini cibinə saldı və bir neçə dərman qutusu çıxarıb, həkimə uzatdı:
— Bu həbdən 10-15 dənə idi, bundan təxminən 10 dənə, bundan isə 3-5 dənə...
Həkim dərman qutularına diqqətlə baxdıqdan sonra soruşdu:
— Dərmanları nə vaxt içib?
— İki saat olar.
Həkim bu cavabı aldıqdan sonra yenidən dərman qutularına baxmağa başladı. Çox arxayın bir şəkildə ayaq üstdə çətinliklə dayanan dəliqanlıya baxdı və başını buladı. Mən isə fikirləşirdim ki, həkim dərhal xəstənin mədəsini yumağa başlayacaq. Ancaq zənnimdə yanılmışdım. Həkim heç nə demirdi. Səssizlik nigaran atanın sualı ilə pozuldu:
— Nə edə bilərik, həkim?
Həkim isə soyuqqanlı bir şəkildə:
— Hmm. Heyif, çox heyif. Artıq gecdir. Bizim əlimizdən gələn bir şey yoxdur.

Həkimin ağzından çıxan bu sözlər, sanki, bir güllə kimi xəstəyə və xəstənin yaxınlarına dəydi. Mənim üçün də gözlənilməz idi. Gözucu xəstənin yaxınlarına baxdım. Çox pərişan olmuşdular. Həkimin son sözlərini xəstə özü də eşitmişdi. Bir anlıq ölümü hiss etdi sanki. Gücünü toplayıb həkimin üzünə baxdı. Həkimin sifətindəki ciddiliyi gördü və vəziyyətin ciddi olduğunu anladı. Bütün ağırlığını buraxdı və aşağı çökdü. Bayaqdan onu Güclə saxlayan iki qadın da müvazinətlərini itirdilər və hərəsi bir yana oturdu. Ancaq xəstənin yaxınları ümidlərini hələ tam itirməmişdilər:
— Həkim, yəni heç ümid yoxdur? Bəlkə, nəsə edəsiniz.
— Artıq çox gecdir. Belə vəziyyətlərdə biz heç nə edə bilmirik. Nəsə etsək də, faydası olmayacaq. Hər halda xəstənin bir saat vaxtı qalıb. Ancaq yenə də xəstəni nəzarət altında saxlayacağıq.
Həkimin birsaatlıq diaqnozu hamımızı şoka salmışdı. Xəstənin gözlərinin içinə baxdım. Ölüm qorxusu iliklərinə qədər işləmişdi. Onun indi hansı hissləri keçirdiyini düşünməyə başladım. Ölümə bu qədər yaxınlaşmaq, məncə, çox ağır bir vəziyyət idi. Onun yerində olmaq, əlbəttə ki, çətindi. Görəsən o, hansı hissləri keçirirdi? Sonra düşündüm ki, əslində, hər birimiz ölümün birsaatlıq məsafəsinə gələcəyik. Ancaq o məsafənin nə zaman bizə yaxınlaşacağını bilmədiyimiz üçün biz narahat deyilik.
Bu cavan oğlanın durumu isə fərqli idi. O, bir saat sonra öləcəyini bilir. Bəlkə də, həmin vəziyyətdə o, dostlarını, yaxınlarını, doğmalarını düşünürdü. Bəlkə də, ölümdən sonrakı həyatı, qəbri, yəni bir saat sonra baş verəcəkləri gözlərinin önünə gətirirdi...

Digər tərəfdən, həyat davam edirdi. Palatalarda yatan xəstələrin yaxınları həkimlərdən nəsə soruşur, bu arada xəstəxanaya yeni xəstələr daxil olur, kimlərsə xəstəxanadan evinə buraxılır. Yəni həyat ölümlə iç-içə idi...
Xəstənin yaxınları ağlamaqda davam edirdilər. Yalvara-yalvara həkimdən ümidverici bir söz deməsini xahiş edirdilər. Ancaq həkim başını bulayırdı.
Bu vaxt onlara başqa bir həkim yaxınlaşdı və göz işarəsi ilə nə baş verdiyini soruşdu. Birinci həkim:
— İntihara cəhd edib. Xəstəxanaya isə gec çatdırılıb. Vəziyyəti ağırdır, dedi.
Həkimin ağzından çıxan sözlərə ən çox xəstənin özü qulaq asırdı. Görünən o idi ki, ölüm ilə üzləşmək onu bərk qorxutmuşdu. Titrək bir səslə həkimə tərəf doğruldu:
— Həkim, ölmək istəmirəm, yaşamaq istəyirəm. Məni xilas edin, yalvarıram.
Həkim isə, sanki, onu eşitmirdi, bəlkə də eşitmək belə istəmirdi. Ölümə bu qədər yaxın olan kimsəni daha əvvəl görməmişdim. Üstəlik, bu qədər də gənc. Xəyalən bir anlıq morqa getdim, bu cavanın cəsədini yardım… Düşünmək belə istəmirdim. Ölüm və həyatın, yaşamaq və ölməyin bu qədər iç-içə olduğunu, sanki, o anda dərk etdim.
Həkim oradan uzaqlaşdı. Mən də onun arxasınca getdim. Bir az da təcrübəsizliyimi büruzə verən bir üslubla:
— Həkim, xəstəyə bir tərəfdən sistem qoşub, digər tərəfdən də, sidikqovucularla onun qanını təmizliyə bilməzdik? — dedim.
Həkim dayandı və çevrilib düz gözlərimin içinə baxdı:
Qardaşım, görmürsənmi xəstə ölmək istəyir? Yaşlı insanlar belə, bir az daha uzun yaşamaq istəyərkən, bu gənc oğlan ölümü dadmaq üçün intihara cəhd edib. Madam ölmək istəyir, biz niyə onu xilas edək ki?! İmkan verək, bir müddət öz istəyi ilə baş-başa qalsın, ölümün nə demək olduğunu anlasın, həyatın Allahın bizə verdiyi ən böyük nemətlərdən olduğunu anlasın, yaşamağın, ailəsinin dəyərini başa düşsün, ölümü və ondan sonrakı həyatı düşünsün...

Təəccübdən donub qalmışdım. Sonra isə həkim məni bir qədər də təəccübləndirəcək şəkildə qəhqəhə çəkdi və dedi:
— Yoxsa, sən də onun öləcəyinə inandın?
— Necə yəni? Xəstə ölməyəcək bəyəm?
Həkim xəstənin içdiyi dərmanların qutularını mənə uzatdı. Qutuların üzərlərində vitamin həbi, öskürəkkəsici kimi sözlər yazılmışdı… (Yaşanmış hadisə)

Mənbə:Zaman qəzeti
Top