Bir hökmdar bir zahidi görüb soruşdu:
-Bizi heç yada salırsanmı?
Dedi:
-Bəli, Allahı unudanda
Loğmandan soruşdular:
-Ədəbi kimdən öyrəndin?
Dedi:
-Ədəbsizlərdən. Onlarda gördüyüm pis hərəkətləri təkrar etmədim.
Bir mürid öz mürşidinə dedi:
-Adamlar məni bezdiriblər. Boş-boş suallar verir, mənasız sözlərlə vaxtımı alırlar. Nə edim?
Mürşid dedi:
-Yoxsuldusa, borc ver, varlıdısa, borc istə. Bir də gözünə görünməyəcəklər
Pis səsli birisi ucadan Quran oxuyurdu. Onun yanından keçən arif soruşdu:
-Bu Quran oxumağın üçün sənə nə qədər verirlər?
-Heç nə qədər.
-Bəs niyə özünə əziyyət verirsən?
-Allah xətrinə oxuyuram.
-Allah xətrinə, oxuma!
Bir alimdən soruşdular:
-Bir adam gözəl bir dilbərlə xəlvət otağa çəkilə, qapını daldan bağlaya, o, gözəllərin əlindən özünü qurtara bilər?
-Gözəlllərin əlindən qurtarsa da, söz gəzdirənlərin əlindən qurtara bilməz
Bir kişinin gözü ağrıyırdı. Baytarın yanına gedib dedi:
-Gözümü müalicə et.
Baytar heyvanların gözünə çəkdiyi dərmandan onun gözünə çəkdi. Kişi kor oldu. Onlar dalaşıb hakimin yanına getdilər. Hakim dedi:
-Baytarın təqsiri yoxdu. O kişi heyvan olmasaydı, baytarın yanına getməzdi.