Məşhur bir rəssam dünyanın ən gözəl rəsm əsərini çəkmək qərarına gəlir. O, əsərinin mövzusunu tapmaq üçün uzaq səyahətə çıxır. Bir meşənin içindən keçərkən nurani bir adamla qarşılaşır. Ona: “Dünyanın ən gözəl şeyi nədir?” - sualını verdikdə:“İmandır”, -cavabını alır. Rəssam yoluna davam edir. Bir kənddə toy məclisinə gəlir. İzdihamın arasından sıyrılaraq, gəlinə yaxınlaşır və eyni sualı ona da verir. “Dünyanın ən gözəl şeyi məhəbbətdir”, - cavabını alır. O, yenə yoluna davam edir. Bu dəfə müharibədən qayıdan yorğun bir əsgərlə qarşılaşır. Həmin sualın cavabını ondan da istəyir Əsgər: “Dünyanın ən gözəl şeyi sülhdür”, - deyir. Aldığı cavabları kifayət hesab edən rəssam evinə qayıdır. Yol boyu səyahətdə şahidi olduqlarını götür-qoy etməyə başlayır. Eyni suala verilən üç fərqli cavabı əsərində birləşdirmək üçün yollar axtarır. Artıq evinə çatır. Qapıdan içəri girdikdə dünyanın ən gözəl mənzərəsi ilə qarşılaşır.Övladlarının baxışlarında imanı, həyat yoldaşının gözlərində məhəbbəti, evində isə sülhü görür. Bu,rəssamın axtardığı idi. O arzuladığı əsəri çəkməyə başlayır. Çox keçmədən dünyanın ən gözəl rəsm əsəri hazır olur. Rəssam ona ad da verir: - “Ailəm”. Sonda hər birinizə dünyanın ən gözəl neməti olan xoşbəxtliyin nəsib olması diləyiylə.