Hərəkət sağlamlıqdır

Hərəkət sağlamlıqdır

Qədim bir atalar sözündə belə deyilir: “Dayanmaqdansa  oturmaq, oturmaqdansa  uzanmaq daha yaxşıdır. Amma ən yaxşısı oturmuş və uzanmış vəziyyətdə hərəkət etməkdir”. Sizcə, bunun mənası nədir?
Həyat hərəkət deməkdir. Hərəkətsizlik daşlaşmış onurğa sütunu, boyunun fəaliyyətsiz əzələləri, soyuq, hissiyyatsız əl və ayaqlar və s. deməkdir.Vaxtilə insanlar yaşamaq üçün, əsasən, fiziki əmək sərf etmişlər. Onlar ağır əzələ işindən can qurtarmaq üçün münasib yollar axtarmış və buna nail olmuşlar. Müasir dövrdə əzələ işini əvəz edən və ya yüngülləşdirən texniki vasitələrin sayı gündən-günə artır.
fiziki işi əvəz edən müasir qurğularHazırda insanların əksəriyyəti şəhərlərdə yaşayır. Kəndlər də şəhər yaşayış səviyyəsi normalarına uyğun abadlaşdırılır. Evlərin kanalizasiya və istilik sistemləri, isti və soyuq su ilə təchizatı, məişət və ticarət obyektlərinin yaşayış yerlərinə yaxın olması, məişət texnikalarının hər məqamda köməyə çatması insanların fiziki işlə az məşğul olmasına, bu da özlüyündə passivliyə və azhərəkətliliyə gətirib çıxarır. Bütün bunlar bir çox xəstəliklərin yaranmasına səbəb olur.
Bilirsiniz ki, ürəkdən vurulan qan damarlarla bütün hüceyrələrə çatdırılır. Ürəkdən axan qanın sürəti kapilyarlarda hədsiz aşağı düşür. Onu geri qaytarmaq isə skelet əzələlərinin yığılması sayəsində mümkün olur. Əgər əzələlər fəaliyyətdən qalarsa və ya fəallıqları azalarsa, hüceyrə və toxumalar üçün oksigen aclığı, qida çatışmazlığı yaranar. Maddələr mübadiləsinin son məhsullarının toxuma və orqanlardan kənarlaşması prosesi hüceyrə və toxumaların qanla təchizatında problem yarandığı zaman pozulur. Bu da orqanların iş qabiliyyətinin azalmasına, nəticədə isə xəstəliklərə səbəb olur. Belə hallarda arterial təzyiq artmağa başlayır. Bəzən qan damarlarının divarlarında yağabənzər maddə — xolesterin yığılır. Damarların divarında yığılan bu maddə onların mənfəzini daraldır və ateroskleroz xəstəliyi inkişaf etməyə başlayır. Bu xəstəlik çox vaxt ürəyin tac damarlarını zədələyir.

Fiziki işin yoxluğu insan ömrünü 4 il azaldır. Fiziki işlə məşğul olmamaq ürək xəstəlikləri və insult riskini iki dəfə artırır.
Ancaq insanlarda rast gəlinən stenokardiya, miokard infarktı, insult (beynə qan sızması) və s. xəstəlikləri yalnız hərəkət fəallığının azalması ilə əlaqələndirmək olmaz. Sinir gərginliyi, bədən çəkisinin artması, bədənin nikotin və alkoqolla tədricən zəhərlənməsi və s. də buna səbəb olur.Hər bir insan öz əzələlərinin işləməsinin qayğısına qalmalıdır.
Aktiv həyat tərzi keçirən insanlarda tez qocalma və artıq çəki problemləri çox azalır.
Sağlam olmaq üçün insanlar hər gün bir neçə kilometr piyada gəzməlidirlər. Təmiz hava, hərəkət, düzgün qidalanmaq böyüyən nəslin sağlamlığı üçün vacib şərtlərdir. Orqanizmin, onun hüceyrə və toxumalarının təbii vəziyyəti dinclikdən yox, hərəkətdən asılıdır.
Hərəkət təkcə fiziki sağlamlığı möhkəmləndirmir, o həm də iradəni gücləndirir, insana güc verir, onun sinir sisteminin sağlamlığına şərait yaradır. Sağlam olmaq üçün mənən və ruhən güclü olmaq tələb olunur. İradənin, əsəblərin və psixikanın gücü, doğrudan da, ürəyi və damarları gücləndirir.

Beləliklə, insanlar öz sağlamlıqlarını qorumaq üçün hərəkətdə olmalıdırlar. Alimlər belə nəticəyə gəliblər ki, insan sağlamlığının 10%-i irsindən, 5%-i həkimlərin yardımından, 85%-i isə özündən asılıdır. Deməli, sağlamlığımız həyat tərzimizlə bağlıdır.

Mənbə: Biologiya — 10 Ümumtəhsil məktəbləri üçün dərslik
Top