Duzlu göl sağlamlığa faydalıdırmı?

Duzlu göl sağlamlığa faydalıdırmı?

Bugün bəlkə bir çox insan fikirləşir ki, duzlu gölə getməyin faydası varmı? Son vaxtlar mətbuatda oranın gigiyenik şəraitsizliyi barədə çox yazılar var. Bəli, bunlar ətraflara aid ola bilər, amma oranın suyunda və palçığında heç bir mikrob ola bilməz, çünki duzlu gölün suyu və palçığı bakterisiddir, yəni mikrob və bakteriyaları öldürür.

Mən deyərdim, hər bir insan ildə bir dəfə 2 gündən bir olmaqla 15 prosedur qəbul etsə çox yaxşı olar.

Gölün xeyirləri
Duzlu gölün palçığının çox faydalı tərəfləri var. Belə ki, dəri səthinə çəkilmiş palçıq müəyyən vaxtdan sonra quruyur, bu da dərimizin büzüşməsinə səbəb olur. Bu zaman dərimizin altına yığılıb qalmış lazımsız maddələr (tromblaşmış qan, ağır metal duzları, sellülitə səbəb piy toxuması və s.) həm palçıq vasitəsilə sorulur, həm də büzüşmə nəticəsində geriyə sorulma baş verir. Demək olar, dərimiz həm xaricdən, həm daxildən təmizlənir və eyni zamanda dərinin məsamələri genişlənir və bu da bizi çox rahatlaşdırır. 15 prosedurdan sonra siz ekzema səpgilərindən, qaşınmalardan, civzələrdən, aknelərdən, dəri ləkələrindən azad olacaqsınız. Psoriazın və vitiliqonun müalicəsinə yaxşı kömək edir. Ödemlərin əmələ gəlməsinin qarşışını alır, varikoz genişlənmədən əziyyət çəkənlər üçün əvəzolunmazdır.

Revmatizm, revmatoid poliartrit, Reyno xəstəliklərindən əziyyət çəkənlər, pullarınızı cibinizdə saxlayıb palçıq müalicəsi götürün. Duzlu gölün palçığı dəridə olan bütün zərərli canlıları məhv edir (demodeks, qoturluq və s.), hipotenziv təsir edərək təzyiqi normallaşdırır, bununla da stress və depressiyanı aradan qaldırır. Qaraciyərin işi rahatlaşır, çünki bədən zərərli toksinlərdən azad olur. Bədəndən gələn pis qoxunun müalicəsi üçün idealdır. (Bir dəfə futbol oynayırdıq. Futbolçulardan birindən xoşagəlməz iy gəlirdi, o həm də bir az kök idi. Mən ona duzlu gölə getməyi məsləhət gördüm. 20 gün ara vermədən getdi, çünki bədənindən gələn xoşagəlməz iydən azad olmaq istəyirdi. 20 gündən sonra bədənində artıq heç bir iy, qoxu qalmamışdı).

Qığırdaq metabolizmini sürətləndirir, bununla da bütün iltihabi və destruktiv oynaq xəstəliklərinin müalicəsində – osteoxondroz, revmatoidli poliartrit, bursit, fəqərəarası sürüşmələrdə əvəzolunmazdır. Əzələləri tonuslandırır, bununla da miozit adlı xəstəlik sağalır. Palçıq çox güclü ağrıkəsicidir. Sümük hüceyrələrini aktivləşdirir, bununla da kalsiumun sorulmasını asanlaşdırır, osteoporozun (sümük əriməsi) qarşısını alır, yumşaq toxuma iltihabını müalicə edir. Palçığı gözaltı nahiyələrə çəkəndə gözaltı torbalanmalar aradan qalxır. Duzlu gölün yanında yodlu-bromlu palçıq var, əsəbləri yerində olmayanlar və hipotireozdan (zobdan) əziyyət çəkənlər üçün faydalıdır.

Sonda, bizi Allah palçıqdan yaratmışdır, yəni biz torpaqla qohumuq, torpaqdan bizə ziyan gəlməz, torpağı sadəcə yemək olmaz, bu, dinimizdə də bəyənilmir.

Fizuli Hüseynov
Top