Uzunömürlülüyə görə, yaponlar mütləq rekordçulardır. Onlar həm də haqlı olaraq dünyanın ən arıq xalqlarından biri sayılır. Ölkə əhalisinin orta hesabla 3%-i artıq çəkidən əziyyət çəkir. Bu məsələdə yaponların qida mədəniyyətinin rolu az olmayıb. Yaponiyada hökumət tərəfindən rəsmən tövsiyə edən qida sistemi mövcuddur. Bu sistemi 2000-ci ildə bir neçə nazirlik hazırlayıb və o «Fırfıra» (populyar uşaq oyuncağının şərəfinə) kimi tanınır.
Bu yazıda sizi yaponların qidalanma sistemi ilə tanış edəcəyik:
«Fırfıra» qidalanma sisteminin əsas xüsusiyyəti odur ki, tərkibində aşağı miqdarda yağ olan karbohidratlar üstünlük təşkil edir. Həmçinin böyük miqdarda şəkər, duz, şirniyyat və içki məhsullarının istehlakını azaltmaq tövsiyə olunur.
Bütün məhsullar bir neçə qrupa ayrılır, onların hər biri tövsiyə edilən miqdarda günlük porsiyalara (porsiyalar insanın cinsindən və yaşından asılıdır) bölünüb. Rasionun əsasını yarmalar, dənli bitkilər, tərəvəz, (təzə hazırlanmış şorbalar) təşkil edir, ardınca ət və balıq yeməkləri gəlir. Meyvə və süd məhsulları gündə 2 porsiya verilir.
Nə yediyimizlə bərabər necə yediyimiz də vacibdir. Yaponiyada yeməkdən zövq almaq xüsusi bir mədəniyyətdir. Həmçinin orqanizm üçün ən optimal ritmi tapmaq və eyni saatda qidalanmaq tövsiyə olunur.
Qidalanma sisteminə əsasən, düyü və balıq kimi beynəlmiləl mətbəxin yeməkləri, eləcə də yerli və mövsümi məhsullar daxildir.
Hər bir qida qəbulu balanslaşdırılmış olmalı və ona müxtəlif qrupların qida məhsulları daxil edilməlidir. Məsələn, Yaponiyada tipik məktəb naharı belədir: düyü, ət və ya balıq, miso şorbası, bir stəkan süd və meyvə.
Şüurlu bəsləmə yaponlarda ibtidai məktəbdən formalaşır. Nahar fasilə deyil, həm də təhsilin ayrılmaz hissəsidir. Şagirdləri nahar fasiləsində heç kim tələsdirmir, yeməkdən sonra isə masanı uşaqlar özləri təmizləyir.
Yemək və xərclənən kalorilərin miqdarı arasında balans nəzarət və müşahidə edilməlidir.
Yaponiyada ehtiyat qida saxlamaq, çox yemək hazırlamaq qəbul edilmir. Üstünlük təzə məhsullara verilir.
Çörək yox, düyü
«Mən də həmişə qaynadılmış düyü yesəm, arıqlayaram», — deyə düşünürsünüzsə, yanılırsınız. Çünki yaponlar yalnız plov və suşi ilə qidalanmır. Əksinə, gündəlik qidalanma menyuları çox zəngindir.
Məsələn, yaponların klassik süfrəsində balıq, yeməli yosun növləri, pörtülmüş tərəvəzlər, bir kasa düyü, soya, şirniyyatı əvəz edən meyvələr və matça çayı daxildir. Yəni ağızlarına bir neçə suşi atmaqla kifayətlənmirlər, doyana qədər yeyirlər. Ancaq bu yeməklərin heç biri yüksək kalorili deyil. Başlıcası onlar fəstfud məhsullarını sevmirlər.
“Yapon qadınları nə qocalır, nə də kökəlir" adlı kitabın müəllifi Naomi Moriyama bu vəziyyəti ətraflı şəkildə izah edib:
“Yapon qidalanma tərzi 26 faiz yağ ehtiva edir. Şəkər və kalori də olduqca aşağıdır. Balığa əsaslanan bu qidalanma tərzi yaponların daha yüksək dozalarda Omeqa-3 yağları qəbul etməsinə imkan verir. Yaponiyada işlənmiş və konservləşdirilmiş yeməklər də qərbə nisbətən azdır. Yaponların gündəlik qəbul etdiyi ümumi kalori miqdarı digər ölkələrə görə çox aşağıdır.
Yaponların yediyi plov bizim bol yağlı plovdan deyil. Çünki onlar düyünü duzsuz və yağsız halda yeyir. Azərbaycan mətbəxini çörəksiz və xəmir xörəklərsiz təsəvvür etmədiyimiz kimi, yapon süfrəsini də düyüsüz təsəvvür etmək mümkün deyil. Hətta Yaponiyada «yemək yeyək» ifadəsini «düyü yeyək» birləşməsi əvəz edir.
Bişirilmə texnikası
Yaponlar demək olar ki, bütün yeməkləri az bişmiş və çiy halda istifadə edir. Yeməkləri daha çox qaynatma, buxarda bişirmə və dəmir tor kimi üsullarla hazırlamağa üstünlük verirlər. Yapon qadınları heç qızardılmış xörəklər bişirmir. Bu üsullarla yeməklər daha yumşaq şəkildə bişirildiyi üçün qida dəyərlərini də itirmir.
Az öncə bəhs etdiyimiz sağlam bişirmə üsulları sayəsində yaponların yağa ehtiyacı qalmır. Buna görə də kərə yağının dadını belə bilmirlər, süd məhsullarını az hallarda istifadə edirlər. Kərə yağı daxil heç bir heyvan mənşəli yağ istifadə etməyən yapon qadınları bu ehtiyaclarını soya və küncüt yağları ilə qarşılayır. Beləliklə, sağlam yağlar həyat keyfiyyətlərinə də birbaşa təsir edir. Yeməklərini kiçik boşqablarda yeyən yaponlar boşqabı bizim kimi doldurmurlar. Porsiyalar kiçik olmalı və yemək tikələri yavaş-yavaş çeynənilməlidir.
Şirniyyat mədəniyyətləri yoxdur
Yaponlar bizim kimi kalorili yemək yeyib, üstündən də ağır şirniyyatlar yemirlər. Çünki Yaponiyada şirniyyat mədəniyyəti yoxdur. Onlarda şirniyyatları meyvələr əvəz edir. Damaq dadı bizdən olduqca fərqli olan yaponlar düyüdən hazırlanmış dondurmalara və qaynadılmış qırmızı lobyadan hazırlanmış faydalı desertlərə üstünlük verir.
Nəticə
Bu qaydaların sadəliyinə baxmayaraq, onlar çox səmərəli işləyirlər. Tədqiqatın təsdiqlənmiş nəticələri 2016-cü ildə dərc olunub. Tədqiqatlar zamanı bir qrup yapon alimləri 15 il ərzində təxminən 80 min həmyerlisinin qida vərdişlərini öyrənib. Məlum olub ki, yemək üzrə rəsmi tövsiyələrinə əməl edən, insanlar arasında, ölüm halları 15% azdır.
Gördüyünüz kimi, yaponların qida sistemi tamamilə aydın və şəffafdır: Təmiz məhsullar və ənənəvi ləziz yeməklərə üstünlük vermək lazımdır, şiriniyyatların və yağların miqdarını məhdudlaşdırmaq, ümumiyyətlə, qidalanmaya şüurlu yanaşmaq lazımdır.
publika.az