Kaliforniya Universiteti alimləri şəkər və şirniyyatlardan imtina edən insanın orqanizmində baş verən dəyişikliklərlə bağlı araşdırma aparıb. Alimlər sübut edir ki, şəkər və şirniyyatlardan (tort, pirojna, konfet, şirin qazlı içkilər və s.) imtina edən insanın orqanizmində çoxlu sayda müsbət dəyişikliklər baş verir, bir çox orqan və sistemlərin fəaliyyəti xeyli yaxşılaşır, insanın sağlamlığı bərpa olunur.
1. İlk növbədə bu ürək-damar sisteminə aiddir. Son araşdırmlar göstərib ki, əslində ürək-damar sisteminin əsas düşməni yağlı qidalar deyil, şəkərdir. Məhz şəkər damarlarda xroniki iltihab yaradır ki, nəticədə iltihablaşmış damarlarda xolesterin yığılmağa başlayır, damarlar zəifləyir, onların partlaması riski artır. Alimlərin fikrinə görə, şəkərdən imtina ürək-damar sistemi xəstəliklərinin riskini 2-3 dəfə azaldır.
2. Şəkər dərinin qocalması, qırışların əmələ gəlməsi prosesini sürətləndirir. Şəkər dərini cavan və dartılmış edən kollagen və elastin liflərinin dağılmasını tezləşdirir ki, dəri sallanmağa başlayır, qırışlarla örtülür. Beləliklə, şəkərdən imtina dərini daha cavan və baxımlı edəcək.
3. Şəkər bağırsaqların mikroflorasını pozur ki, nəticədə insanda müxtəlif həzm problemləri, köp, qarında ağırlıq, meteorizm əmələ gəlir. Orqanizmə lazım olan vitamin və mineralların sovrulması prosesi pozulur, bu maddələrin defisiti yaranır.
4. Bağırsaqların mikroflorası immun sistemi ilə sıx əlaqəlidir. Mikrofloranın pozulması immun sisteminin zəifləməsinə gətirib çıxardır. Beləliklə, şəkərdən imtina həm bağırsaqların mikroflorasına, həm immun sisteminə müsbət təsir edəcək.
5. Çoxdan sübut olunub ki, artıq çəkinin əsas səbəblərindən biri şəkərdir. Artıq şəkər orqanizmdə piyə çevrilir. Bu o deməkdir ki, şəkər və şirniyyatlardan imtina edən insan artıq çəkidən də xilas oluna bilər.
6. Şəkərin çoxlu miqdarda istehlakı sinir sisteminə də mənfi təsir edir — yaddaşı, təfəkkürü zəiflədir, yuxu pozulmaları və əsəbiliyə səbəb olur.
7. Şəkər kişilərin əsas cinsi hormonu olan testosteronun ifrazını azaldır. Beləliklə, şəkərdən imtina kişilərdə cinsi funksiyasını yaxşılaşdıra bilər.
Bütün bunları nəzərə alaraq alimlər şəkər və şirniyyatları bal, meyvə və meyvə quruları ilə əvəz etməyə çağırır.
saglamolun.az