Un və şəkərdən uzaq durun

Un və şəkərdən uzaq durun

Hazırda xərçəng bütün dünyada ən bəlalı xəstəliklərdən birinə çevrilib. Xüsusən də un və şəkərdən çox istifadənin bu xəstəliyə daha çox rəvac verdiyi bildirilir. Bəs artıq çəkisi olanlarda, şəkərli qidalardan çox istifadə edənlərdə xərçəng xəstəliyi niyə daha çox görülür? 

Artıq çəkisi olan insanlarda xərçəng xəstəliyi daha çox görülür. Bu, bir faktdır.

Şəkərli, unlu məmulatları və düyü çox yeyən insanlarda da xərçəng xəstəliyinə daha çox rastlanır. Ət istifadəsi ilə də xərçəng xəstəliyinin əlaqəsi mövcuddur. Bunlar faktdırlar. İsbat edilib artıq.

Görəsən, niyə belədir?
Xərçəng xəstəliyi canlının hüceyrələrinin genetik materialının xətalarından ötrü baş verir. Hər hüceyrənin tərkibində onun nə iş görəcəyini konspekt şəklində saxlayan genetik material vardır. Hüceyrə hər addımını bu konspektə baxaraq, onun üzünü köçürərək həyata keçirir.

Xərçəng əmələ gəlməsi üçün genetik xəta miqdarı canlının hansısa hüceyrəsində müəyyən kritik həddi aşmalıdır. Ortalama olaraq 30 000 genetik xəta, mutasiya o hüceyrədə xərçəng başlaması üçün kifayət edir.

Hələ siz valideynlərinizdən onsuz da müəyyən genetik xəta dəstəsi ilə doğulduğunuzu da xatırlayın. Götürək ki, siz, 10 000 mutasiya ilə doğuldunuz. İyirmi min xəta da ömrünüz boyu yığsanız, «vsyo», xərçəng başlaya bilər.

Sanki sizin bədəniniz bir növ mətbəxdir. Yumurta çığırtması bişirmək üçün genetik materialınıza, yəni konspektinizə baxırsınız, oradan çığırtmanın reseptini köçürürsünüz, sonra bu reseptə əsasən ambara gedib yumurta, yağ, duz gətirirsiniz.

Konspektinizi nə qədər çox vərəqləsəniz, səhifələri bir o qədər tez köhnələcəkdir. Bəzi səhifələr cırılacaq, bəzilərinin üstünə ləkələr qonacaqdır. Cırılmış vərəqlərin sırasını unudub necə gəldi yığa bilərsiniz. O zaman sizin konspekti oxumaq bir o qədər çətin olacaqdır.

Bir mətbəx nə qədər çox işləyərsə, o mətbəxin konspektində cırılmış, itirilmiş, ləkələnmiş vərəqlərin sayı bir o qədər çox olacaqdır.

Məsələn, yağ toxumasının hüceyrələri ana bətnində nə qədər formlaşdılarsa, ömür boyu bir o qədər də qalacaqdır. Bir insanda həyatı boyunca bircə dənə də yeni yağ hüceyrəsi meydana gəlməyəcəkdir. Üstəlik, yağ hüceyrəsinin vəzifəsi çox vaxt bədəndə dolaşan artıq yağ turşularını yığmaqdan ibarətdir.

Yağ hüceyrəsi bölünmək üçün də zəhmət çəkmir, işi də sadədir. Ona görə də insanda yağ hüceyrəsindən inkişaf edən xərçəng, yəni Liposarkom nadir görülür.

İnsanın böyrək hüceyrələri də ana bətnində nə qədər yarandısa, ömür boyu artıq o qədər qalacaqdır. Yəni böyrək hüceyrələri də bölünmürlər və bölünmək üçün öz «konspektləri»ni «narahat» etmirlər.

Eeeeeee? Axı böyrək hüceyrəli xərçəng çox görülür?* Doğrudur, böyrək hüceyrəli xərçəng Liposarkoma nisbətən daha çox görülür.

Çünki… Necə yəni çünki? A kişi, ana bətnindən etibarən düz ölənə qədər gündüz- gecə demədən, qış demədən, nə bilim, yaz demədən, səhərdən axşama qədər sidik ifraz etmirsinizmi? Daha nə istəyirsiniz?

Böyrək hüceyrəsi bölünməsə də, gecə-gündüz işlədiyi üçün öz «konspektini» korlayır və....doğrudur, xərçəng meydana gəlir.

İnsanın yoğun bağırsağının daxilini örtən selikli qişa ana bətnində formalaşdıqdan sonra bütün ömür boyu səhərdən axşama qədər bölünür, çoxalır, sonra ölür, gecə-gündüz demədən işləyir.
Hələ ətdən zaddan da gecə-gündüz, hər Allahın günü yesəniz, yenə də «vsyo», xərçəng başlaya bilər.
Yaxşı, bütün bunların şəkərlə, unla, düyü ilə, artıq çəki ilə nə əlaqəsi var?

Götürək ki, sizin bədəninizdəki bütün heceyrələrə gündə 1 000 molekul şəkər bəs edər. Yediyiniz şiriniyyat, unlu məmulatlar, düyü, meyvə, tərəvəz və s. axırda sadə şəkərə çevrilir və ancaq bundan sonra hüceyrələriniz tərəfindən istifadə edilir.

İndi, gün boyu yediyiniz bütün məhsullardan bədəninizin 10 000 dənə şəkər molekulu aldığını düşünün.
Sizin bədəninizdəki hüceyrələr bütün bu şəkəri toplamalıdır, təmizləməlidir, «bişirməlidir», artığını harasa yığmalıdır… Sağlam bədən şəkər artığını heç vaxt eləcə tullamaz. Ancaq şəkər xəstələri şəkəri sidiklə çölə ata bilirlər.

Çox yeyən, artıq çəkisi olan hər kəsin bədənində az yeyən, normal çəkisi olana nisbətən daha çox reaksiya gedir.

Mətbəxdə daha çox yemək bişir. Yeməklərin reseptlərinin yazıldığı konspekt daha çox istifadə edilir.
Konspekt daha tez köhnəlir və s. Artıq çəkisi olan, artıq şəkərli, unlu məmulatlar və düyü istifadə edən insanlarda xərçəng daha çox meydana gəlir.

 Vasif İsmayıl
Top