Yalnış qidalanma orqanizmdə həzm problemlərinə, qəbizliyə və bunların nəticəsi olaraq, digər xəstəliklərə gətirib çıxarır. Düzgün qidalanma vərdişlərinə qidanı düzgün qəbul etmə qaydası və düzgün gündəlik rasion aiddir.
Bu gün həyat tempi sürətli olduğu üçün, əksər insanlar qidanı, demək olar ki, çeynəmədən udurlar. Unutmaq olmaz ki, qidanın maye vəziyyətinə gələnədək çeynənməsi bağırsaqların normal fəaliyyətini təmin edən amillərdən biridir.
Eyni zamanda, yaxşı çeynəmək üçün dişlər də qaydasında olmalıdır. Dişlərin sağlam olması bağırsaqların normal fəaliyyəti üçün vacibdir. Buna görə də, dişlərə hər zaman qulluq etmək, onları qaydaya salmaq lazımdır.
Bəs düzgün qida rasionu necə olmalıdır?
Sağlam qidalanma vərdişlərini qazanmaq bir çoxlarımızın düşündüyü qədər qarışıq və ya məhdudlaşdırıcı deyil. Sağlam pəhrizin ilk prinsipi sadəcə müxtəlif cür təbii ərzaqlardan istifadə etməkdir. Bu vacibdir, çünki fərqli qidalar bizi fərli qida maddələri ilə təmin edir.
İkinci olaraq, meyvə, trəvəz, dənli və paxlalı bitkilər, yəni kompleks karbonhidrat, lif, vitamin və mineral cəhətdən zəngin, az yağlı və xolesterolsuz ərzaqlar qida rasionunuzun əsas hissəsini təşkil etməlidir. Qalan hissəsini də az yağlı süd məhsulları, yağsız ət, toyuq və balıq tamamlamalıdır. Yeməkdə həm zülallara, həm də karbohidlara yer verilməlidir.
Həmçinin qidada pektinlərin olmaması bağırsaqların peristaltikasını zəiflədərək qəbizliyə səbəb olur. Buna görə də daha çox meyvə və tərəvəz, xüsusən də kök və çuğundur istifadə etmək lazımdır.
Eyni zamanda, rafinə olunmuş qidadan, tərkibinə dadlandırıcı, konservant, kimyəvi boyaq maddələri və s. daxil olan zərərli məhsullardan, eləcə də bağırsaqlarda qıcqırma əmələ gətirən və disbakterioz yaradan ağ çörək və şirniyyatdan imtina etmək (tam buğdalı un məmulatlarına üstünlük verilməlidir), şəkərin istifadəsini azaltmaq, imkan daxilində onu balla əvəz etmək lazımdır. Gecələr bir stəkan təbii qatığa 1 çay qaşığı bal əlavə edərək içmək faydalıdır.
Bundan başqa, qəbul etdiyiniz və sərf etdiyiniz kalori arasında tarazlığı qursanız, yəni vücudunuzun sərf edə biləcəyi kaloridən artıq yeməsəniz, piylənmə və artıq çəki problemi ilə qarşılaşmazsınız.
Bu üç əsas qaydaya riayət etmək çox sevdiyiniz qidalardan imtina etməli olduğunuzu göstərmir. Hər gün sağlam rasionunuzu təmin etməyiniz şərtilə, nadir hallarda zərəli sayılan qidalardan da istifadə edə bilərsiniz. Sadəcə bu cür qidaları uzun müddət fasilələrlə və az-az yeməyə çalışın.
Sağlam qidalanmaq dadsız və ləzzətsiz qidalar yeməli olduğunuz demək deyil. Bunu adətən istifadə etmədiyiniz təbii qida maddələrinin dadını kəşf etmək fürsəti kimi baxın.