Odunçu ilə Şeytan

Odunçu ilə Şeytan

Bir odunçu vardı, güzəranını odunçuluqla keçirirdi. Allaha ibadət edər, heç kəsə qarışmazdı. Qonşu kəndin sakinləri dağda müqəddəsləşdirdikləri ağaca ibadət edər, ondan mədəd umardılar. Bir gün odunçu: " Bunların tapındığı ağacı kəsim, həm bazarda satıb pul qazanaram, həm də bir qövmü Allaha üsyandan qurtarmış olaram, " - deyə düşündü.
Dağ yolunda qəribə sir-sifəti pis bir adamla qarşılaşdı. Həmin adam ondan hara getdiyini soruşdu. Odunçu:
- Xalqın Allah deyə ibadət etdikləri ağacı kəsməyə gedirəm, - dedi.
Bu adam odunçuya:
- Mən şeytanam... O ağacı kəsməyə icazə vermirəm, - deyincə zahid odunçu yaman əsəbiləşdi. Şeytana hücum edib onu yerə yıxdı, üstünə çöküb xəncərini boğazına dirədi.
Şeytan zahidə:
- Ey zahid, sən məni öldürə bilməzsən. Allah mənə qiyamətə qədər möhlət vermişdir. Ancaq gəl o ağacı kəsmə, səninlə müqavilə bağlayaq. Mən sənə hər gün bir qızıl verim, sən də ağacı kəsməkdən əl çək. Sənin nə işinə qalıb xalq neyləyir, nəyə ibadət edir, - dedi.
Zahid şeytanı buraxdı. Şeytan onun axşam yatıb səhər yastığın altında bir qızıl görəcəyinə söz verib uzaqlaşdı. Zahid də ağacı kəsməkdən vaz keçib evinə qayıtdı. Axşam yatıb səhər yastığının altında bir qızıl gördü. Sevinmişdi. İkinci gün oldu. Lakin bu dəfə şeytan qızıl qoymamışdı. Zahid əsəbləşərək baltasını alıb meşəyə ağacı kəsməyə getdi. Yolda yenə şeytanla qarşılaşdı. Zahid yaman qəzəblənmişdi. Onu görüncə:
- Vay saxtakar, vay! Aldatdın ha məni,- deyib hücum çəkdi. Ancaq bu səfər şeytan onu yıxıb üstündə oturdu. Zahid çaşıb qalmışdı. Heyrətlə şeytana baxırdı.
Şeytan dedi:
- Təəccübləndin, hə? Niyə mənə məğlub olduğunu sənə deyim? Əvvəlki gün sən Allah rizası üçün ağacı kəsməyə gedirdin. Səni nəinki mən, dünyanın bütün şeytanları gəlsə idi, məğlub edə bilməzdi. Ancaq indi Allah rizası üçün yox, sənə qızılı vermədiyim üçün gedirsən. Bax buna görə də mənə məğlub oldun və mən sənin ağacı kəsməyinə imkan verməyəcəyəm.
Top