Yaşlanmaq sanki birdən baş verirmiş kimi görünsə də, əslində hər orqanın öz yaşlanma sürəti vardır.
Sizi nəyin gözlədiyini bilsəniz, əvvəlcədən bədəninizin bəzi qisimlərinə daha çox diqqət edərsiniz. Klivlend Klinikasının geriatriya üzrə mütəxəssisi dr. Ronan Factorun fikrincə, bədəninizi hər yaşda mühafizə etmək mümkündür.
Beləliklə, hər orqan neçə yaşında və necə yaşlanmağa başlayır…
Dəri — 18 yaş: 18 yaşından etibarən davamlı kollagen və elastik elastin ildə 1% azalmağa başlayır. Bu müddətdə siqaret çəkməyərək, yaxşı qidalanaraq bunun qarşısını ala bilərsiniz.
Gözlər — 40 yaş: Milli sağlamlıq institutlarından Milli Göz İnstitutunun həkimi dr. Rachel Bishopun fikrincə, gözləriniz başlanğıcda çox yönümlü fotoaparat kimidir, fəqət 40 yaşına gəldikdə görmə sahəsi zəifləyir. Göz xəstəliklərini azaltmaq üçün siqaret çəkməyin və ultrabənövşəyi radiasiyadan yayınmaq üçün gün eynəklərindən istifadə edin. Günəşə məruz qalma və siqaret katarakta yaranmasını sürətləndirir.
Ağciyərlər — 30 yaş: Boston Tibb Mərkəzinin həkimi dr. Thomas Perlsin fikrincə, ağciyərin fəaliyyəti 30 yaşından etibarən ildə 1% nisbətində azalmağa başlayır və oturaq həyat tərzi keçirən insanlarda aktiv insanlara nisbətən daha çox azalır. Bunun qarşısını almaq üçün ən yaxşı üsul müntəzəm idman məşqləridir.
Sümüklər — 35 yaş: Sümük kütləsi 35 yaşından sonra 1%-lik nisbətlə azalmağa doğru gedir (klimaksdan sonra daha da sürətlənir) Ağırlıqqaldırma məşqləri sümük ağırlığında böyük fərq yaradır.
2015-ci ildə aparılan bir araşdırma gündə 20 dəfə tullanmağın belə çanaq sümüyünün mineral konsentrasiyasını yaxşılaşdırdığını aşkara çıxarıb.
Əzələlər — 40 yaş: Milli Yaşlanma İnstitutunun elmi işlər üzrə rəhbəri dr. Luigi Ferruccinin fikrincə, yaşlandıqca hər kəs əzələləri itirərək yağ toplayır. Bu dəyişiklik 40 yaşında sürətlənir. Əzələ itkisinə məruz qalmaq istəmirsinizsə, idman məşqləri mütləq həyatınızın ayrılmaz tərkib hissəsi olmalıdır.
Böyrəklər — 50 yaş: Özünüz fərqində olmasanız da, böyrəklərin fəaliyyəti 50 yaşdan sonra zəifləməyə başlayır. Bunun qarşısının alınması üçün ən yaxşı üsul bol su içməkdir. Susuzluq yaşla birlikdə azaldığı üçün özünüzə bunu xatırlatmağınız lazım ola bilər. Bir araşdırmanın nəticələrinə görə, çox maye qəbul edənlər böyrək funksiyasının zəifləməsinə ən az meyilli insanlardır.
Qulaqlar — 60 yaş: Yaşla əlaqədar eşitmənin azalması mərhələlərlə baş verir, lakin 65-74 arası 3 insandan 1-də bu vardır. Bunun baş verməsini ləngitmək üçün edilə biləcək bir şey yoxdur, lakin qeyd etmək lazımdır ki, tez-tez yüksək səslə musiqi dinləmək və ya çalmaq və tikinti kimi gurultulu sektorlarda işləmək bu prosesi sürətləndirir.
Bağırsaq — 60 yaş: Başınızdakı saçlar itirdiyiniz tək şey deyil. Bağırsağınızdaki villüslər – saça bənzəyən və qəbul edilən qidalardan qida maddələrini əmən kiçik çıxıntılar 60 yaşlarında düzləşməyə başlayır. Bu isə daha az qida maddəsi əməcəyiniz mənasına gəlir.
Ürək — 65 yaş: Siz yaşlandıqca ürək əzələlərinizin sayı azalır, lakin ölçüləri böyüyür ki, bu da ürək divarını qalınlaşdırır və arteriyalarınızın sərtləşməsinə səbəb olur.
20-30 yaşlarından başlayaraq pik aerobik qabiliyyət hər 10 ildə 10% azalmağa doğru gedir və infarkt əsasən 65 yaşında özünü göstərməyə başlayır.
Beyin — 70 yaş: Johns Hopkins Bloomberg İctimai Sağlamlıq Məktəbinin koqnitiv (zehni) yaşlanma üzrə araşdırmaçısı George Rebokun fikrincə, hər unutqanlığınızı yaşlanma ilə əlaqələndirməyin. Lakin 70 yaşlarında beyində yaşla bağlı dəyişikliklər özünü göstərməyə başlaya bilər.
Saglamolun.Az