Yumurtaya əl vurduqdan sonra əlləri yumaq lazımdırmı?

Yumurtaya əl vurduqdan sonra əlləri yumaq lazımdırmı?

Toyuq yumurtası bütün zamanlar və millətlər üçün ən populyar qidalardandır.

Olduqca ləzzətli dada malik yumurta sağlamlıq üçün faydalıdır, ucuz başa gəlir və bir çox yeməklərin tərkib hissəsinə daxildir. Lakin bunlarla yanaşı toyuq yumurtası həm də təhlükə mənbəyidir, belə ki, salmonelyoz xəstəliyinə yoluxma riski daşıyır. Bəs bu xəstəliyə yoluxmaqdan necə qorunmaq olar?

Salmonelyoz — salmonella bakteriyaları tərəfindən törədilən kəskin bağırsaq infeksiyasıdır. Yoluxma adətən infeksiyaya yoluxmuş heyvanlardan qida məhsulları (ət və ət məhsulları, süd, yumurta) yolu ilə baş verir. Salmonella bakteriyalarına yoluxmanın müxtəlif yolları olsa da, ən çox rastlanan səbəb məhz toyuq yumurtalarıdır. Buna görə də bu problemlə qarşılaşmamaq üçün bəzi qaydaları bilmək və əməl etmək önəmlidir.

İlk əvvəl bilmək lazımdır ki, infeksiya daşıyıcısı yumurtanın özü deyil, yumurtlayan toyuqdur. Quş fermaları, quşçuluq təsərrüfatlarında quşların böyük sıxlığı, qeyri-təmiz saxlama şərtləri və keyfiyyətsiz yem bu xəstəliyin geniş yayılma səbəblərindəndir. Ancaq hətta xəstə toyuqdan olan təzə yumurtalarda belə salmonella olmur. Bakteriyalar ancaq yumurtanın qabığında olur, xüsusilə də onun üzərində toyuq peyininin izləri görünürsə. Beləliklə də yoluxma adətən yumurtanın tərkibindən deyil, yumurtanın qabığı ilə təmas nəticəsində baş verir.

Amerika Birləşmiş Ştatlarında bu problemin sadə həlli tapılıb: hələ 1970-ci illərin ortalarından quşçuluq fermalarında yumurtalar yuyulur və xüsusi zərərsizləşdirmə emal prosedurundan keçirilir. Lakin bu, tamamilə əks effekt verə bilər. Son araşdırmaların nəticələrinə əsasən, Amerika quşçuluq fermalarında yumurtaların təmizlənməsi zamanı yumurtanın qabığında olan xüsusi qoruyucu təbəqə pozulur. Halbuki bu təbəqə təbiət tərəfindən müxtəlif infeksiyalardan qoruyan təbii baryer kimi yaranıb. Nəticədə amerikan yumurtaları həmişə çox təmiz və gözəl görünüşə malikdir, lakin daha az təhlükəsizdirlər.

Bəs belə olduğu halda salmonelyozdan necə qorunmaq olar? Yumurtanın alınması, saxlanılması və hazırlanması zamanı hansı qaydalara əməl etmək lazımdır?

1. Yumurta aldıqda böyük fermalarda deyil, kiçik fermer təsərrüfatlarında istehsal olunan yumurtaları almağa çalışın.

2. Yumurta seçərkən onun təmiz və qabığının zədəsiz olmasına diqqət edin.

3. Yumurtanı soyuducuda xüsusi rəfdə saxlayın və digər məhsullarla təmas etməməsinə diqqət edin.

4. Yumurtanın saxlanması üçün olan qabları mümkün olduğu qədər tez-tez yuyun.

5. İstifadə etməmişdən əvvəl (ancaq bundan tez yox) yumurtanı isti suda sabunla yaxşıca yumaq lazımdır.

6. Hazırlanma prosesi zamanı yumurtanın bütün qabıqlarını yığmaq və atmaq, onunla təmasda olmuş bütün alətləri (bıçaq, kəsici taxta, işlək səth) isə yaxşıca yumaq lazımdır.

7. Əllərinizi mütləq yuyun!

Bu sadə qaydalar sizə salmonelyoz xəstəliyinə yoluxma riskini azaltmağa kömək edəcək. Ancaq təhlükəsizliyinizə 100% əmin olmaq istəyirsinizsə, o zaman bilməlisiniz ki, salmonella
mikrobları soyuğa davamlıdır, ancaq termik emala qarşı həssasdırlar. Bu səbəbdən də yumurtanı bişirərkən sarısının çiy qalmamasına diqqət etmək, qaynamağa başlayan andan 15-20 dəqiqədən az olmayaraq bişirmək, qayğanaq hazırlayırsınızsa, hər iki tərəfini qızartmaq lazımdır.

Bu qaydaları gözardı etməmək məsləhət görülür. Çünki olduqca xoşagəlməz və geniş yayılmış infeksiya olan salmonelyoza hər kəs yoluxa bilər. Xüsusilə də qida rejiminin pozulduğu ilin isti aylarında və tətil zamanı daha diqqətli olmaq tövsiyə olunur.

Mənbə: saglamolun.az
Top