Müasir dövrün əsas problemlərindən biri də ofis şəraitində, oturaq işdə, kompüter önündə çalışan insanların həyat tərzidir. Zehni fəallıq tələb edən ağır iş günündən sonra insanların çoxu tez evə gedib yatmağı düşünür. Bu isə onların kökəlməsi, bel, boyun sümüyünün passivləşməsinə gətirib çıxarır. Mütəxəssislər bu cür insanların tezliklə həyat tərzlərini dəyişmələrini məsləhət görürlər. Xüsusən də evdə oturaq həyat tərzi keçirən xanımların kökəlmək riski daha çoxdur.
Oturaq həyat tərzi keçirənlər gün ərzində ən azı 6 km piyada gəzməlidirlər. Bu, qan dövranını yaxşılaşdırır, bədəndə olan artıq toksik maddələrdən azad olmağa kömək edir. Bundan başqa ev şəraitində 15-20 təkrarla 4-5 yanaşma oturub-durma hərəkətləri etmək olar. Bu, qan dövranını yaxşılaşdırır, artıq çəkidən azad olmağa kömək edir: “Yerdə uzanaraq jim vəziyyətində sinə, qollar üçün hərəkətlər, qarın hərəkətləri etmək olar. Bu, həm kişilərə, həm də qadınlara aiddir. Yeməklərə xüsusi diqqət etmək vacibdir. Oturaq olanda insanın yeməyə meyli daha çox olur. Bundan qaçmaq lazımdır”.
Pəhriz saxlayan insanların çoxu saat 18:00-dan sonra yemək yemir. Bu isə yanlışdır. Ən yaxşı yol yatmazdan 4 saat əvvəl yeməkdir, amma yağsız qidalar. Bu, yağsız kəsmik, toyuğun döş əti, bulğur, qarabaşaq, qatıq, çoban salatı ola bilər: “Bu fakt idmana da aid edilir. Bəzən deyirlər ki, axşamlar məşq etmək olmaz. İnsanların çoxu məşqləri iş qrafikinə uyğun qurur. 17:00-19:00 arası məşq daha yaxşı vaxtdır. Ən geci 20:00-dək idman etmək olar. Məşqdən dərhal saat sonra yatmaq olmaz, azı 2 saat keçməlidir. Səhər tezdən də qəfil bədənə güc salmaq olmaz. Əvvəlcə isinmə hərəkətləri etmək, sonra normal idmana keçmək olar. Əzələlər oyandıqdan sonra səhər idmanı idealdır”.