Bugünkü gündə fərqli təsirə malik bitkilərdən və bitki qarışıqlarından ibarət məcunlara maraq daha çoxdur. Bitkiləri ayrı-ayrılıqda dəmləməyə vaxtı olmayanlar və rahat şəkildə fitoterapiyadan yararlanmaq istəyənlər bitki tərkibli təbii məcunları yemək şəklində istifadə edirlər. Bir sıra xəstəliklərdə praktikamda da tətbiq etdiyim məcunlarla sizi tanış edəcəm.
Boy-inkişafı artırmaq üçün məcun:
Bal – 1 kq, Çiçək tozu – 100 q, Arı südü – 20 q, keçibuynuzu meyvəsi tozu – 200 q və Şirin biyan kökü – 100 q. Bir-birinə qarışdırlır və 2 gün qaldıqdan sonra istifadə etməyə başlamaq olar.
Bu təbii məcunun tərkibi sink, kalsium və mis kimi elementlərlə zəngindir və bu maddələr boy uzanması üçün olduqca lazımlı mikroelementlərdi. Boy üçün lazım olan vitamin və mineralları cəmləyən bitki mənşəli boy və inkişaf məcunu yaşa uyğun boyun korreksiyasını həyata keçirir.
10 yaşa qədər 1 çay qaşığı 3 dəfə yeməkdən sonra.
10 yaşdan sonra 1 xörək qaşığı 3 dəfə yeməkdən sonra.
Qızlarda 15 yaşa, oğlanlarda isə 18 yaşa qədər təyin edilir. Orqanizmdə boyatma imkanının olması rentgenoloji təsdiq olunan hallarda təbii məcun qızlarda 18 yaşa, oğlanlarda isə 20 yaşa qədər təyin edilə bilər.
Qaraciyər üçün məcun:
Ləkəli alaqanqal toxumu tozu – 150 q, ənginarlı şahtərə bitki tozu – 100 q, güləm – 50 q, solmazçiçəyi – 40 q, boymadərən – 40 q, dazıotu – 40 q və bal – 1 kq.
Hepatoprotektor, antioksidant, antitoksik, antiseptik, iltihab əleyhinə, xolelitik, xolekinetik, zəif xolesekretik təsir göstərir, həzm prosesini yaxşılaşdırır. Hepatitlər, qaraciyər piylənməsi, öd kisəsi xəstəliklərinin müalicəsində geniş tətbiq edilən bu təbii məcun qaraciyər hüceyrələrinin yenilənməsi, biokimyəvi proseslərinin sürətlənməsi üçün şərait yaradır. Alkoqol, uzun müddət hormonal dərman və antibiotik qəbul edənlər məcunu gündəlik qida kimi istifadə edə bilər. Yaşdan və kliniki gedişdən asılı olaraq 1 ç/q və ya 1 x/q 3 dəfə yeməkdən sonra qəbul etmək məsləhətdir.
Yaddaş və beyin qan dövranı üçün məcun:
Ginkqo biloba yarpağı tozu – 120 q, çiçək tozu – 100 q, qaragilə meyvəsi tozu – 80 q, yemişan meyvəsi tozu – 80 q, darçın tozu – 40 q, Bal – 1 kq. Bir-birinə qarışdırılır və 3 gün saxladıqdan sonra istifadə edilir.
Bu təbii məcun beyin damarlarının tromblarını əridir, angioprotektiv təsir göstərir, mikrosirkulyasiyanı yaxşılaşdırır, toxumaların oksigenizasiyasını artırır. Həmçinin hüceyrə membranının qurulmasında, sərbəst radikalların orqanizmdən çıxarılmasında və fermentlərin aktivləşməsində iştirak edir. Beyin toxumasının qanla təchizatını artırır, oksigenin istifadəsini və toxuma tənəffüsünü normallaşdırır. İmtahana hazırlaşanlar, psixoemosional stresi olanlar, beyin qan dövranı pozulanlar, yaddaş zəifliyindən və yaşlılarda unutqanlıqdan əziyyət çəkənlər geniş şəkildə gündəlik qida kimi istifadə edirlər.
2 yaşdan yuxarı hər kəs 0,5 ç/q-dan 1 desert qaşığına qədər qəbul edə bilər.