Arıqlama xəstəliyin əlaməti ola bilər

Arıqlama xəstəliyin əlaməti ola bilər

Bəzən insanlar istəmədən və bunun üçün heç bir cəhd etmədən (pəhriz, idman və s.) arıqlamağa başlayır.

Bəzən belə arıqlama çox tez gedir, insan sanki "əriyir". Bu çox təhlükəli haldır. Belə kəskin arıqlama bir çox ağır xəstəliklərin əlaməti ola bilər.

— Bədən çəkisinin kəskin azalması onkoloji (xərçəng) xəstəliyin əlaməti ola bilər. Xüsusilə belə kəskin arıqlama mədə-bağırsaq sistemi, mədəaltı vəzi və qaraciyərin onkoloji xəstəlikləri zamanı baş verir. Buna «kaxeksiya» deyilir. Arıqlama xərçəngin ilk görünən simptomu kimi meydana çıxa bilər.

— Vərəm xəstəliyi, virus hepatitlər, QİCS infeksiyası zamanı da bədən çəkisinin azalması xəstəliyin ilk simptomu kimi meydana çıxa bilər.

— Tireotoksikoz arıqlamanın növbəti səbəbi ola bilər. Tireotoksikoz zamanı qalxanvari vəzi artıq miqdarlarda öz hormonlarını ifraz edir ki, bunun nəticəsində insan orqanizmində gedən maddələr mübadiləsi prosesləri kəskin pozulur (sürətlənir). Tireotoksikoz zamanı iştaha normal olur və bəzən hətta artır, bədən çəkisi isə daim azalır. Bundan əlavə tireotoksikoz özünü zəiflik, əhval-ruhiyyənin tez-tez dəyişilməsi, tərləmə, əllərin əsməsi, ürək döyünməsinin tezləşməsi və s. kimi simptomlarla büruzə verir.

— Hipofizin funksiyalarının pozulması da kəskin arıqlamaya səbəb ola bilər. Arıqlamadan əlavə xəstədə fəziflik, dərinin quruluğu, həyata marağın azalması, bayılmalar kimi simptomlar inkişaf edir.

— Böyrəküstü vəzilərin fəaliyyətinin pozulması da arıqlamağa səbəb ola bilər. Bundan əlavə xəstədə halsızlıq, daim yorğunluq, dərinin tündləşməsi, ürəkbulanması, qusma inkişaf edir.

— Şəkərli diabet də özünü kəskin arıqlama ilə büruzə verir. Xəstənin iştahası artır, lakin buna baxmayaraq çəkisi daim azalır. Xəstədə güclü susuzluq, dərinin qaşınması, tezləşmiş sidik ifrazı kimi simptomlar inkişaf edir.

— Helmintozlar da (qurd xəstəlikləri) arıqlamağa səbəb ola bilər. Bu zaman arıqlama tədricən gedir, iştaha isə normal olaraq qalır. İnsanda zəiflik, dərinin qaşınması, dəridə allergik səpgilər, qarında ağrılar kimi simptomlar inkişaf edir.

— Bir çox mədə-bağırsaq sistemi xəstəlikləri zamanı həzm və qidalı maddələrin sorulması prosesləri pozulur ki, nəticədə xəstə arıqlayır.

— Yaşlı insanlarda kəskin arıqlamanın səbəbi Alsqeymer xəstəliyi ola bilər.

Beləliklə, «səbəbsiz» arıqlama bir çox ağır xəstəliklərin simptomu ola bilər. Bu səbəbdən özünüzdə bu simptomu müşahidə etdikdə, vaxt itirmədən həkimə müraciət edin. İlk növbədə terapevtin müayinəsindən keçin. Lazım olduqda terapevt sizə əlavə müayinə və analizlər təyin edəcək. Müayinə və analizlərin nəticəsindən asılı olaraq həkim sizi digər mütəxəssislərin (endokrinoloq, qastroenteroloq, infeksionist, onkoloq, ftiziatr) müayinələrinə göndərə bilər.
Top