Zavallı qızcığaz

Zavallı qızcığaz

O gün çox isti idi. Həmişəkindən də isti. Göydən od yağırdı sanki...
Bir kişi və bir qız uşağı... Qızcığazın iki yaşı olar bəlkə də. Bəlkə də heç olmaz. Bütün uşaqlar kimi şirindir o da...
Bir məchulluğa doğru gedirdilər. Atası dartır əllərindən tez-tez. Ağrıyır əlləri. Ürkək baxışlarla atasına baxır. Görəsən günahı nədir? Atası onu hara aparır?
Axşam anası çox ağlamışdı, niyə görəsən? Hər dəfə hıçqırıq səsinə oyananda anası ona şəfqətlə baxıb oxşamışdı yaşlı gözləri ilə...
Kim bilir, nə baş verirdi? Halbuki " bazara gedirik " deyə çıxmışdılar evdən. Anası ağlayır, atası isə qəzəblənirdi. Bu cür də bazara getmək olmaz ki?...
Getdilər, getdilər. Nəhayət, kimsəsiz bir yerə çatdılar. Qız atasının əlindən çıxıb, ətrafdakı kiçik daşları yığmağa başladı. Bu da onun üçün bir oyun idi yəqin ki...
Atası tələsik bir çuxur qazmağa başladı. Zavallı qızcığaz nə baş verəcəyindən xəbərsiz maraqla ona baxırdı. Ata artıq xeyli qazmışdı. Balaca qız maraqla çuxurun yanına gəldi. Atası beli kənara qoyub, çuxurdan çıxdı. Göz-gözə gəldilər. Ancaq ata tez gözlərini çəkdi. Bu körpə və məsum gözlərə baxmağa cəsarəti yox idi çünki...
Adətlər belə tələb edirdi və mərhəmətə yer yox idi bu adətlərdə. Buna görə də baxa bilmirdi qızının gözlərinə. Hər yerdə gücü ilə öyünən bu adamın kiçik bir qızın, həm də öz qızının gözlərinə baxmağa cəsarəti çatmırdı. Haqq nahaqq qarşısında güclüdür həmişə...
ata və qızıBir az da geciksə, bəlkə də, əli " soyuya " bilərdi. Odur ki, işi bitirib tez qayıtmalı idi daşürəkli dostlarının yanına. Qızının əlindən tutub, bir göz qırpımında çuxurun içinə atdı. Sonra da tələsik üstünü torpaqla örtməyə başladı. Qızcığaz bir tərəfdən ağlayır, bir tərəfdən də " Ata, atacan ", -deyib çuxurdan çıxmağa çalışırdı. Ancaq bacarmadı. Bir azdan səsi kəsildi qızcığazın. Günahı isə qız doğulmaq idi onun!...
O bütün bunları danışdıqdan sonra hönkür-hönkür ağlamağa başladı. Ağladı, ağladı. Yanındakılar da ağladılar. Sonra gözlərindəki o dərin kədərlə: " İndi, belə atanı necə bağışlamaq olar?"- deyə soruşdu.
Yanındakı adam isə " Allah bilməyərək etdiyiniz və sonra da peşman olduğunuz hər şeyi bağışlayar", - deyərək, az da olsa, ona təsəlli verməyə çalışdı...
Olmuş bir hadisəni hekayəyə çevirib sizə çatdırmaq istədik, əzizlərimiz! Yəqin soruşacaqsınız ki, harada baş verib bu hadisə? Nə fərqi var? Əsas odur ki, belə hadisələr bu gün də baş verir. Həm də xəstəxanalarımızda, doğum evlərində, qadın məsləhətxanalarında. Bəlkə də bir az başqa cür, ancaq hər gün baş verir bu hadisə...

Həmçinin bax:
Körpənin günahı nədir?
Top