Qızılgül suyu təbii antidepressant və antiseptik

Qızılgül suyu təbii antidepressant və antiseptik

Dahi alim və həkim Avisenna qızıgülün faydalı xüsusiyyətlərinə böyük elmi əsər həsr etmişdir.

Ta qədimdən qızılgül suyu və yağı müalicəvi və kosmetik vasitə kimi geniş istifadə olunurdu.

İnsanların əksəriyyəti bilir ki, qizilgülün ətri əhval-ruhiyyəni yaxşılaşdırır. Bunu tibb də təsdiq edir. Qızılgülün ətri insanın sinir sisteminə sakitləşdirici təsir edir, stresslə və depressiya ilə mübarizə etməyə kömək edir. Qızılgül əsl təbii antidepressantdır.

Gərgin iş günündən sonra üzünüzü qızılgül suyunda isladılmış pambıqla silin və bir qədər uzanın. Bu sizi sakitləşdirəcək və gərginliyin azalmasına kömək edəcək.

Qızılgül suyu ilə vannalar da çox yaxşı sakitləşdirici təsir edir. Vannanı ilıq su ilə doldurun və ora 1 stəkan qızılgül suyu tökün. Belə vannalar həmçinin bədən dərisinə də çox müsbət təsir edir — cavanlaşdırır, daha hamar edir, sellülitlə mübarizə aparır.

Baş ağrıları, miqren zamanı pambıq parçanı gül suyunda bir qədər isladın və alnınıza qoyub uzanın. Bu baş ağrıların azalmasına kömək edəcək.

Qızılgül suyu bir çox xəstəliklər və pozulmalar zamanı təbii müalicəvi vasitə kimi istifadə oluna bilər. Belə ki, qızılgül suyu güclü antiseptik xüsusiyyətlərinə malikdir. Damaq problemləri zamanı (iltihablar, damaqların həssaslığı və s.) gün ərzində bir neçə dəfə ağız boşluğunuzu qızılgül suyu ilə qarqara edin. Bunu bir müddət etdikdən sonra siz iltihabın azalmasının və damaqların möhkəmlənməsinin şahidi olacaqsınız.

Boğaz iltihabları zamanı gün ərzində bir neçə dəfə qızılgül suyu ilə qarqara edin. Bu iltihabın azalmasına kömək edəcək.

Dəri xəstəlikləri zamanı (dermatit, ekzema, psoriaz və s.) qızılgül suyu ilə vannalar və islatmalar çox yaxşı müalicəvi təsir edir.

Daxilə qəbul etdikdə qızılgül suyu həzm sisteminə çox müsbət təsir edir, mədə-bağırsaq sisteminə iltihabların azalmasına kömək edir, antiseptik təsir edir.

Qızılgül suyu qaraciyərin fəaliyyətini yaxşılaşdırır.

Qızılgül suyu kosmetologiyada çox geniş istifadə olunur. Ev şəraitində təbii qızılgül suyu tonik kimi istifadə etmək olar. Daim istifadə etdikdə qızılgül suyu üz dərisini cavan və sağlam saxlamağa kömək edir, qırışların əmələ gəlməsinin qarşısını alır, dərini daha elastik edir, iltihabları azaldır.

Qızılgül suyu saçların vəziyyətinə də çox müsbət təsir edir. Saçlarınızı yuduqdan sonra onları qızılgül suyu əlavə olunmuş su ilə yaxalayın və sonra qurudun.

Nəzərinizə çatdıraq ki, yalnız təbii qızılgül suyu sizə fayda verə bilər. Azərbaycanın bir çox kəndlərində təbii qızılgül suyu istehsal edirlər. Məhz belə təbii qızılgül suyu əsl təsirli müalicəvi vasitədir.

Məryəm İsayeva

Top