Səhər yeməkləri həm dadlı, həm də xeyirli olmalıdır. Müsli – səhər yeməkləri üçün ən yaxşı variantdır. Müsli tez mənimsənilir, vitamin və mikrolementlərlə zəngindir, qanda xolesterinin miqdarını azaldır, mübadilə proseslərini tənzimləyir.
Bundan əlavə qəbizlikdən əziyyət çəkən insanlar üçün bu qida əsl müalicəvi effekt verir ki, bağırsaqları “işləməyə” vadar edir. Bu xeyirli yeməyin bir neçə reseptini sizə təqdim edirik.
Zövqünüzə və səhhətinizə uyğun olaraq müxtəlif yarmalara (buğda, yulaf, darı və s.) xoşladığınız meyvələri, giləmeyvələri, meyvə quruları, çərəzlər və s., şirələr ələvə edə bilərsiniz. Nuş olsun!
Ərik və alma ilə müsli
3 stol qaşığı yulaf yarması (“gerkules”) bir qədər ilıq qaynanmış suda isladın. 5 ədəd ərik və 1 almanı xırda doğrayın və yarmaya əlavə edin. ¼ stəkan yağı az olan xama, 2 çay qaşığı bal və xırda doğranmış 3-4 qoz ləpəsi əlavə edib yaxşı qarışdırın.
Armud və üzüm ilə müsli
3 stol qaşığı yulaf yarması, 2 çay qaşığı xırda doğranmış fındıq, 2 çay qaşığı üzüm, 2 ədəd xırda doğranmış armüd qarışdırın. Üzərinə ½ limonun şirəsi, bir qədər darçın, 1 çay qaşığı bal və 200 qr yoqurt əlavə edib yaxşı qarışdırın.
Ərik və əncir qurusu ilə müsli
4 stol qaşığı buğda yarmasını (preslənmiş şəkildə) bir qədər ilıq qaynanmış suda isladın. Üzərinə 3 xırda doğranmış ərik və 3 əncir qurusu, 150 qr yoqurt əlavə edin və qarışdırın.
Mənbə:saglamolun.az