Sənə "mail"im var!

Sənə "mail"im var!

O, yeniliklərin (xüsusilə də, texniki yeniliklərin) "geri qalmayanlarından" biri idi. Hətta, bəzən "irəli gedənlərindən" biri olduğunu belə demek olardı. Harda bir texniki yenilik olsa, onu hamıdan əvvəl öyrənməyə çalışar, bunun onun üçün lazım olub - olmadığını, hətta lazım olsa belə, nə qədər lazım olduğunu düşünməzdi. Ən yeni ixtiralar, ən yeni kəşflər, ən yeni icadlar...O, bu işlərin adamı idi. Hətta, buna görə dostları ona "texniki adam" adını qoymuşdular. Hətta yaşadığı ölkənin "internet" deyilən yeni bir kəşflə tanış olduğu ilk illərdə də bu yeni kəşf ilə ilk tanış olanlardan biri də o idi.

O, özünü internetə o qədər "həsr etmişdi" ki, işdən gələr - gəlməz kompyuterin qarşısında oturur, ailəsinə - uşağına baxmamış kompyuterə "baxırdı". Təbii ki, hamıdan əvvəl bu işdən həyat yoldaşı narahat olmuşdu. Hətta, bəzən: "Mənim günüm kompyuterdir", - deyə dərdini rəfiqələri ilə bölüşürdü. Gün keçdikcə o, rəfiqələrindən də buna oxşar şikayətlər eşitməyə başladı. Bir neçə dəfə həyat yoldaşından özünü internetə həddindən artıq "həsr edib - etmədiyini" düşünməyi xahiş etsə də, bir nəticə olmadı. Həyat yoldaşı isə dərhaı internet vasitəsilə dünyaya necə "açılmasından", hətta az qala dünyanı necə "fəth etməsindən" danışdı. Halbuki həyat yoldaşının internet xəyaları ilə həyat hıqiqətləri arasında bir uçurum var idi. Ancaq nə yazıq ki, o hələ də bunu dərk edə biləcək bir vəziyyətdə deyildi. Ona görə də qadın "sirrini" öz içində saxlamaqla kifayətlənirdi.

Bu vəziyyət təkcə onu yox, uşaqları da narahat edirdi. Evin ən kiçiyi nə vaxt oynamaq üçün atasının qucağında oturmaq istəsə, hər dəfə: "Xanım, zəhmət olmasa, bu uşağı götür. İndi çox vacib bir adamla yazışıram".- sözləri eşidilirdi. Evin kiçiyinin bütün bu baş verənlərdən xəbəri yox idi, ancaq eyni şeyi böyük oğlanla ortancıl oğlan haqqında demək olmazdı. Bir sözlə, onlar da ən azı anaları qədər bu vəziyyətdən narahat idilər.

Nəhayət, bir gün böyük oğlan dözə bilmədi və artıq neçə aydır yarım saat belə olsa, söhbət edə bilmədiyi atası ilə onun başa düşəcəyi bir dildə danışmağı qərara aldı. O axşam atası kompyuteri açıb internetə girəndə ekranda böyük oğlunun adını gördü. Oğlu "Sənə bir "mail"im var!" deyə "e-mail" göndərmişdi. Ata bu "e-mail"i açmağa belə ehtiyac duymadı. Çünki hər şey onsuz da məlum idi. Xəcalət dolu bir ifadə ilə kompyuteri bağladı, qaralmış ekranın qarşısında bir neçə dəqiqə oturdu və nəhayət, çoxdan atmalı olduğu o doğru addımı atdı. O axşam da və o axşamdan sonra da...

O, yenə də internetdən "ayrılmadı", ancaq bir daha həyat yoldaşının ağzından "günü" sözünü eşidən olmadı...

Mənbə: Ailəm jurnalı
Top