Tibbi mütəxəssislərə görə, yalnız qalın geyinməklə deyil, qidalara diqqət etməklə də üşütmənin qarşısını almaq olar. Başqa sözlə, qida rasionuna qış fəslində xüsusi diqqət ayırmaq lazımdır. Necə?
Azərbaycan Milli Kulinariya Mərkəzinin baş direktoru Tahir Əmiraslanov soyuq havalarda daha çox isti və xəmir yeməklərinin qəbulunu məsləhət görür: “Qışda daha çox enerji verən qidalara üstünlük vermək lazımdır. Bunlar əsasən xəmir və ət yeməkləridir. Qış mövsümündə tərəvəz az olduğundan bədənin zülala olan ehtiyacını ət yeməkləri ödəyir. Xəmir xörəklərinə gəlincə, əriştə, xəngəl və digərləri də məsləhətlidir”.
Aşağıdakı qidalar isə qış aylarında yemək daha məsləhətlidir.
Balıq — xüsusilə dəniz balıqları (skumbriya, tuna, qızıl balıq): omega-3 qrupunun aminturşularının dəyərli mənbəyidir, onlar bədəni bakteriadan qoruyur.
Süd məhsulları — süd, az yağlı pendirlər və yumurtalar qışda zəifləyən metabolizmə müsbət təsir edir və bədəni D vitamini ilə təmin edir. Proteinlər gün ərzində 3 əsas yeməyə qarışdırılmalıdır.
Qırmızı ət — bədəndə dəmir mineralları çatışmayanda orqanizmdə qansızlıq əmələ gəlir. Bu da öz növbəsində üşüməni ən çox artıran elementlərdən biridir. Ona görə də orqanizmi gündəlik dəmir mineralı ilə təmin etmək üçün bu cür tərkibli qidalardan istifadə olunmalıdır. Qırmızı ət, dəmir mineralının ən zəngin qida mənbəyidir. Gündəlik qidalanmada ən azı 2 küftə qədər qırmızı ət yeməlisiniz.
Şorba — isti olduğu üçün bədənin də temperaturunun yüksəlməsinə səbəb olur. Eyni zamanda süd, qatıq, yumurta və ya ətlə, toyuqla hazırlanan şorbalar toxluq müddətini uzadır. Maddələr mübadiləsini sürətləndirir.
Acı qidalar — acı bibər turşusu kimi acı qidalar da bədənin temperaturunu artırır. Amma acı turşuların həddindən artıq istehlakı şiş yaradır. Mədəsində problemləri olanlar bu cür qidalar yeməməlidirlər.
Yaşıl çay — tərkibindəki katexin turşular sayəsində metabolizmı sürətləndirir. Gündə 3 fincan yaşıl çay içmək maddələr mübadiləsinin sürətini 1-2 faizə qədər artıra bilir.
Yumurta — onda olan protein, B vitaminləri orqanizmi daha da yaxşı çalışdırır. İmmun sisteminin güclənməsinə səbəb olur.
Kompleks karbohidratlar əsasən tam buğda çörəyində, qəhvəyi düyüdə və arpada olur. Onları gündəlik 2 yeməyə daxil etmək gərəkdir.
Sadə karbohidratlar — əsasən şirniyyatlarda olur. Onlar sürətlə aclığı aradan qaldırır, lakin baldan başqa hamısı kökəldir. Balın immunitetə böyük təsiri var və əhvalımızı qaldırır. Əgər bal yeməyin əks göstəriciləri yoxdursa, yetkin şəxs hər gün bir qaşıq yeməlidir. Onu limonlu çayla içmək olar, lakin çay isti olmamalıdır, çünki bal 40 dərəcədən yüksəkdə dəyərli xüsusiyyətlərini itirir.
Mütəxəssislər xüsusilə quru üzüm və quru qaysını da qışda qida rasionuna əlavə etməyi məsləhət görürlər. Həmçinin şokoladlı tort, tut və üzüm doşabı da bədəni isitmə qabiliyyətinə malikdir. Doşab bədəni üşüməyə maneə olmaqla yanaşı, immuniteti gücləndirərək qrip, öskürək kimi xəstəliklərə qarşı da orqanizmi qoruyur. Zəif və arıq insanlar daha çox üşüyürlər. Ona görə də onlar səhər evdən çıxmadan öncə 2 qaşıq doşabı bir stəkan südə əlavə edərək qarışdırıb içməlidirlər.
Rasiona paxla və noxud da əlavə edin. Bu qidalar bədənin istilik tarazlığını qoruyur. Həmçinin qoz, fındıq, fıstıq və yerfındığı kimi çərəzlər də bədəni isidir. Yaşıl yarpaqlı bitkilərdən ispanaq, cəfəri, kəvər də üşüməyə mane olan qidalar sırasındadır.
Maraqlıdır, üşüməmək üçün qaynar yediyimiz yeməklər səhhətimizdə hansısa problem yarada bilərmi? Tibb elmləri doktoru, professor Adil Qeybulla qaynar yeməklərin insan səhhəti üçün zərərli olduğunu dedi: “Yeyilən qidalar otaq temperaturundan aşağı olmamalıdır. Həm də yaxşı olar ki, həmin qidalar çox isti olmasın. Həddən artıq qaynar qidalar qida borusunu, mədənin selikli qişasını yandıra, zədələyə bilər. Temperaturun müəyyən qədər olması insanda daxili temperatur yaradır və müəyyən qədər orqanizmi isidir. O baxımdan soyuq havada insanlar daha çox ev şəraitində olurlar. Ona görə də yaxşı olardı ki, evi isti saxlasınlar.
Bayıra da çıxanda havaya uyğun şəraitdə geyinmək lazımdır. Çünki yeyilən qida kalori versə də, o istilik müvəqqəti olur. Amma insan uzun müddət evdə oturur və yaxud da bayırda gəzir. İnsanın olduğu məkanın temperaturunun uzun müddət aşağı olması istilik tənzimini pozur və nəticədə soyuqdəymə baş verə bilər. Qidalanmaya gəlincə isə soyuq havalarda vitaminlərlə və zülallarla zəngin qidalardan istifadə etmək lazımdır. Çünki bu vaxt təbii meyvə tərəvəz azalır”.
musavat.com