Bir çoxları özünü yorğun hiss etsələr də, bu yorğunluğun nədən qaynaqlandığını bilmirlər. Halbuki bunun səbəbi heç ağlımıza gəlməyən səbəblər də ola bilər. Oxuculara həmin səbəbləri təqdim edirik. Bu səbəblərdən biri uzun müddət eyni vəziyyətdə oturmaq ola bilər. Bu hal ən çox televizora baxanda və ya kompüter arxasında oturarkən olur. Belə ki, bədən hərəkətsiz qalmaqla yatmağı eyni cür qavrayır. Buna görə də, oturarkən tez-tez gərilin, qalxıb bir az hərəkət edin. Boşuna enerji sərf etdirən ikinci səbəb pis duruş vəziyyətidir. Belə ki, əgər insan önə əyilərsə, əyri durarsa, onurğanın tarazlığı pozular və əzələlər də bu tarazlığı bərpa etmək üçün enerji sərf edər. Buna görə, hərəkət edəndə, oturanda və ya ayaq üstə ikən düz durulmalıdır, baş önə əyilməməlidir, qulaqlar çiyinlərin üstündə olmalıdır. Üçüncü səbəb aşağı kalorili pəhrizlərdir. Gündəlik 850-dən az kalorili qidalarla pəhriz insanları daha yorğun edir, hətta sağlamlıqlarına da ziyan vura bilər. Buna görə, hazır və şəkərli qidalardan uzaq durun, həftədə 1 kilodan artıq çəki verməməyə çalışın. Qapalı yerlərdə çox olmaq da yorğunluğa səbəb olur, xüsusilə də «evdən işə, işdən evə» kimi həyat tərzi keçirənlərdə. Buna görə gündə ən azı 10 dəqiqə piyada gəzin ki, günəş işığından və təmiz havadan faydalana biləsiniz. Daimi narahatlıq və stress zamanı da əzələlər gərildiyindən bədəndə yorğunluq yaranır. Buna görə də günə başlayarkən işlərinizi sahmana salın ki, bütün gün eyni problem haqqında düşünməyəsiniz və baş verənlərə müsbət cəhətdən yanaşın.
Mənbə: az.med.az