Bir çox ailələrdə gizli bir küçədə, uşaqların gözünə dəyməyən yerdə ehtiyat üçün içində yod tinkturu olan flakon (birdən kimsə barmağını kəsər), içində gənəgərçək yağı olan şüşə (birdən qarnı ağrıyan olar), başağrısı dərmanı, bint saxlamaq bir adət halını almışdır. Bir hadisə baş verdikdə ehtiyat görülmüş vasitədən istifadə edilirdi. İndi isə elə deyildir. Ailələrin çoxunda, xüsusən şəhər sakinləri arasında evdə nəinki dərman qutusu, hətta tam bir aptek, öskürəyə, başağrısına, revmatizmə, böyrək ağrısına, ürək fəaliyyətinin pozulmasına, təngnəfəsliyə, bir sözlə, nəyə qarşı istəsəniz, az qala bir yeşik dərman tapmaq olar.
Bütün bunlar yalnız həkimin göstərişi ilə qəbul edilsəydi, bəlkə, o qədər də təşviş doğurmazdı. Amma çox vaxt həmin dərmanlar Hafizə xalanın və ya İsmayıl dayının məsləhəti ilə qəbul edilir ki, bunların da bütün tibbi bilikləri yalnız özlərindəki xəstəlikləri müalicə etmək təcrübəsindən, həm də həmişə uğurlu olmayan təcrübədən ibarətdir.
Bununla bərabər, hazırda tətbiq edilən, müəyyən xəstəliklər zamanı çox effektli olan dərmanların əksəriyyəti orqanizm üçün heç də zərərsiz olmayan maddələrdir. Bunlar bir şəraitdə bu və ya digər orqan və ya sistemin vəziyyətini və ya fəaliyyətini xeyli yaxşılaşdırdığı halda, digər şəraitdə elə həmin orqan və ya sistemin pozulmasına və ya zədələnməsinə səbəb ola bilər. Bəzən onlar hazırda narahatlıq törədən orqanın deyil, digər orqanın fəaliyyətini pozur və geniş yayılmış allergik xəstəliklərin inkişafına səbəb ola bilər. Bəzi dərmanlar uzun müddət işlədildikdə orqanizm onlara öyrəşir və dərmandan asılılıq yaranır. Hafizə xalanın məsləhət gördüyü həbləri yeşikdə axtaranda və ya aptekdən alanda bu haqda düşünürükmü? Yox. Çoxumuz hər şeyi daha sadə təsəvvür edirik. Hafizə xalanın böyrü ağrıyırdı, ona 5-NOK təyin etdilər. İki həftə qəbul etdikdən sonra ağrı keçdi. Məhbubə xalanın da böyrü ağrıyanda fikirləşdi ki, 5-NOK tapıb qəbul etsəm, yəqin mənim də ağrım kəsilər. Həm də xarici preparatdır, çətin tapılır, deməli, həqiqətən çox effektlidir. İşin mahiyyətini araşdırdıqda isə, ola bilər ki, Hafizə xalanın iltihablı böyrəyi ağrıyırmış və doğrudan da, 5-NOK onun üçün faydalı imiş. Məhbubə xalanın isə böyrəkləri sağlamdır, ağrı kiçik bir əzələnin dartılması ilə əlaqədardır və 5-NOK ona qətiyyən lazım deyil və əzələ ağrılarını aradan götürmək üçün bu preparatın heç bir köməyi olmayacaqdır.
Son 10-20 ildə xarici ölkələrdə, elə bizim ölkədə də ayrı-ayrı rayon və şəhərlərdə aparılan müşahidələr göstərmişdir ki, xəstəxana çarpayılarının təxminən 5%-ni dərmanları düzgün işlətmədiyi üçün xəstələnənlər tuturlar.
Dərmanların düzgün seçilməməsi və ya tətbiq edilməməsi ilə əlaqədar xəstəliklər arasında ən çox, deyildiyi kimi, dərman allergiyaları təsadüf edilir. Xatırlayaq ki, allergiya artıq nə vaxtsa orqanizmə yeridilmiş (və ya qəbul edilmiş) və onu zərərli maddələrin təsirindən mühafizə edən sistemlərin müəyyən dərəcədə yenidən qurulmasına səbəb olmuş maddələrin təkrar yeridilməsinə qarşı orqanizmin qeyri-normal reaksiyasıdır. Bu yenidən qurulma nəticəsində orqanizm həmin maddənin təkrar yeridilməsinə qarşı şiddətli reaksiya verir, həmin reaksiya ilə əlaqədar xəstəlik əlamətləri müxtəlif mənşəli allergik xəstəliklərin, o cümlədən, dərman allergiyasının mahiyyətini təşkil edir.
Bütün dərmanlar allergiya törətmir və allergiya bütün şəxslərdə inkişaf etmir. Lakin hazırda məlumdur ki, adamların çoxu (16%-dək) penisillin preparatlarına, antibiotiklərə qarşı həssasdırlar, bəzi vitamin preparatlarına (B6, B12 vitaminləri), sulfanilamidlərə, zərərsiz kimi görünən və çox tətbiq edilən aspirinə (asetilsalisil turşusu) və bir çox digər dərmanlara qarşı yüksək həssaslıq göstərirlər.
Allergik reaksiya preparat qəbul edildikdən və ya yeridildikdən bir müddət sonra, bəzən demək olar ki, dərhal (xüsusən əzələyə və ya venaya yeritdikdə), bəzən isə bir neçə saatdan və ya gündən sonra meydana çıxır. Dərman allergiyasının (hər hansı digər allergiya kimi) əlamətləri çox müxtəlifdir. Bunlar, bədənin müxtəlif sahələrində yerləşən ağrısız və ya qaşınma hissiyyatı törədən müxtəlif xarakterli və ölçülü dəri səpgilərindən — ləkələrdən, düyüncüklərdən, qabarcıqlardan ibarət ola bilər, dərinin az və ya çox geniş sahələri ekzema tipində zədələnə bilər, adətən, üzün və boyunun aşağı hissəsində dərinin və dərialtı toxumanın ödemi mümkündür. Çox vaxt tənəffüs yolları selikli qişasının katarı təsadüf edilir ki, bu da öskürək, bəzən xəstənin dəsmalı burnundan çəkməyə macal tapmadığı güclü zökəmlə birlikdə kəskin respirator xəstəlik kimi gedir. Xoşbəxtlikdən, allergiyanın xüsusilə ağır əlaməti olan bronxial astmanın boğulma tutmaları az-az baş verir.
Müxtəlif şəxslərdə eyni dərman müxtəlif xarakterli allergik reaksiya törədə bilər, eyni zamanda müxtəlif dərmanlar yeritdikdə törənən allergik reaksiya tamamilə eyni cür aşkar ola bilər.
Təsadüfi deyil ki, həkimlər dərman preparatı təyin edərkən, adətən, dərmana xəstənin necə dözdüyünü soruşurlar. Xəstə preparatın onda hər hansı qeyri-normal reaksiya törətdiyini söylədikdə həkim onu digəri ilə əvəz edir. Preparat xəstəyə ilk dəfə təyin edilirsə, həkim minimal dozalardan başlamağa çalışır və xəstənin vəziyyətinə nəzarət edir. Preparatın mənfi təsir göstərdiyi aşkar olduqda onu kəsib, başqası ilə əvəz edir. Əlbəttə, elə müstəsna hallar olur ki, xəstənin vəziyyəti həkimin müəyyən riskə getməyə və xəstənin yaxşı dözəcəyinə əmin olmadan preparatı təyin etməyə məcbur edir. Əslində risk o qədər də böyük deyil, çünki dərman allergiyasının ağır əlamətləri az təsadüf edilir.
Bəzi dərmanlar, xüsusən ağızdan və uzun müddət qəbul edilənlər arasında disbakterioz halı törədə bilər. İnsanın bağırsaqlarında çoxlu miqdarda olan mikrobların tərkibinin dəyişilməsi belə adlanır. Bağırsaqlarda yaşayan mikrobların adi yığımı nəinki zərərli deyil, hətta orqanizmə müəyyən fayda da verir. Çünki bir tərəfdən həzm proseslərində iştirak edir, digər tərəfdən isə orqanizmə lazım olan və bəzən qida ilə kifayət miqdarda daxil olmayan vitaminləri hasil edir. Disbakterioz həzmin pozulması və vitamin aclığı ilə aşkar ola bilər ki, bu da zəiflik hissi, iş qabiliyyətinin azalması, bəzən əsəbilik, yuxunun pozulması ilə müşayiət olunur. Disbakterioz ən çox apteklərdə reseptsiz satılan və məlumatı olmayan şəxslərin səbəbli-səbəbsiz həvəslə qəbul etdiyi antibiotiklərin və sulfanilamid preparatlarının (digər penisillin, tetratsiklin, sulfidimizin, ftalazol və s.) işlədilməsi nəticəsində inkişaf edir.
Bir sıra dərmanlar, deyildiyi kimi, əlavə təsirlərə malikdir ki, bunlar haqqında da, adətən, dərmanın qabına qoyulmuş təlimatda məlumat verilir. Əlavə təsirlər həmin dərmanı qəbul edən xəstələrin heç də hamısında baş vermir, lakin aptekdən reseptsiz alınmış preparatı qəbul etməyə başlayarkən bunları nəzərə almaq lazımdır. Məsələn, böyük dozalarda və tez-tez işlədilən amidopirin, analgin, fenasetin, asetilsalisil turşusu (aspirin) və bir sıra digər ağrıkəsici dərmanlar böyrəkdə iltihabın inkişafına (nefrit) səbəb ola bilər. Amidopirinin tətbiqindən bəzən qanyaranma zəifləyə bilər. Qanın formalı elementləri — ağ və qırmızı qan hüceyrələri tədricən məhv olur, sümük iliyində əmələ gələn yeniləri ilə əvəz olunur. Onların əmələ gəlməsi prosesinin zəifləməsi qanazlığına və orqanizmin xəstəliklərə qarşı müqavimətinin azalmasına səbəb ola bilər. Butadien, fenasetin, sulfanilamidlər də belə təsirə malikdir. Asetilsalisil turşusu nadir hallarda, xüsusən butadien və ya prednizolonla birlikdə qəbul edildikdə mədədən qanaxmaya, mədənin və onikibarmaq bağırsağın xora xəstəliyinin kəskinləşməsinə səbəb ola bilər. Həmin preparatları yeməkdən sonra qəbul etdikdə, yaxud da üstündən süd və ya kisel içdikdə bu zədələnmələrin qarşısı alınır.
Bikarbonu, besalolu, tərkibində atropin olan digər preparatları uzunmüddət qəbul etdikdə gözdaxili təzyiq yüksələ bilər ki, bu da ağır göz xəstəliyi olan qlaukomanın inkişafını asanlaşdırır. Həmin dərmanları uzun müddət qəbul etdikdə həkim nəzarəti xüsusilə vacibdir.
Bəzən belə olur ki, xəstələr guya tez müalicə olunmaq üçün dərmanları həkimin təyin etdiyi və ya təlimatda göstəriləndən artıq dozadaqəbul edirlər. Bu, dərmanların orqanizmdə toplanmasına və zəhərlənməyə səbəb olur ki, onun da əlamətləri dərmanın xarakterindən, sağlamlığın və əhvalın pozulmasından asılı olaraq çox müxtəlif ola bilər.
Dərmanlarla müalicə dövründə alkoqol işlədilməsi, xüsusən sərxoş vəziyyətdə dərman qəbulu ağır nəticələr verə bilər. Lakin alkoqol dərmanların əlavə təsirini (bəzən bir neçə dəfə), onlardan bəzisinin zəhərliliyini artırır. Belə ki, alkoqol sərxoşluğu fonunda yuxu dərmanının qəbulu şiddətli ayılmaya səbəb ola bilər Asetilsalisil turşusu ilə bir vaxtda spirtli içkinin qəbulu xora xəstəliyinin kəskinləşməsi təhlükəsini bir neçə dəfə artırır.
Qadınların hamiləlik dövründə qəbul etdikləri bir sıra dərmanlar dölün orqanizminə keçib anadangəlmə inkişaf qüsuru törədə bilər. Bunlara bəzi antibiotiklər, hormonal preparatlar, yuxu dərmanları, qusmağı kəsən və bir sıra digər dərmanlar aiddir. Gənc qadının bir xəstəliyi varsa, qabaqcadan, hamiləlik baş verməzdən əvvəl müalicə olunmaq çox vacibdir. Hamilə qadın özbaşına heç bir dərman qəbul etməməli, xəstələndikdə isə həkimin göstərişlərinə ciddi əməl etməlidir. Həkim çoxlu dərman preparatlarından ən təhlükəsizlərini seçər və ya tamamilə dərmansız keçinməyə imkan tapar.
Uşaq əmizdirən qadın da ehtiyatlı olmalıdır, çünki bir çox dərmanlar döş südü ilə uşağın orqanizminə keçə bilər. Uşaqların preparatlara qarşı xüsusilə həssas olduğunu nəzərə çatdırmaq lazımdır. Uşaqların əlinə düşən hər bir şeyin dadına baxmaq meylini və toz dərmanı, yaxud həb şəklində olan bir çox preparatlarda əsas, yaxud aşqar kimi şəkərdən istifadə edildiyini nəzərə alaraq dərmanları uşaqların əli çatmayan yerlərdə saxlamaqda ehtiyatlı olmaq lazımdır.
Əmək (xüsusən zehni) fəaliyyətini kəsməyən ambulator xəstələrin sinir sisteminə və psixikasına təsir edən preparatlar, xüsusən hər cür sakitləşdirici vasitələr (trankvilizatorlar), yuxu dərmanları reaksiyaların sürətini, diqqətin gərginləşdirilməsi və cəmləşdirilməsi qabiliyyətini azaltmaqda onların əmək qabiliyyətinə təsir göstəriləcəkdir. Belə olduqda əzələlərin boşalması hərəkətlərin koordinasiyasının (uzlaşmasının) pozulması müşahidə edilə bilər. Bu zaman bir dəfə qəbul edilmiş dozanın təsirini bir neçə saat hiss etmədikdə də təsir davam edə bilər. Bunu ilk növbədə nəqliyyat sürücüləri unutmamalıdırlar, çünki reaksiyanın yavaşıması, diqqətin zəifləməsi bir an belə olsa da, qərarın gec qəbul edilməsi fəlakətə səbəb ola bilər.
Yuxu dərmanları sürücü üçün xüsusi təhlükə törədir. Səhər işləmək lazım gələcəksə, onların qəbulundan qəti surətdə imtina etmək lazımdır. Psixi gərginliyi azaldıb yuxuculluq törədən sakitləşdirici preparatlar haqqında da eyni şeyi demək olar. Arterial təzyiqi azaltmaq üçün tətbiq edilən bəzi preparatlar (məsələn, rezerpin, rauvazan) təhlükəlidir. Bunlar sinir impulslarının nəql olunmasına aid reaksiyaların sürətini azaldırlar.
Tibbidə həddən artıq sayda tətbiq edilən dərmanlar (5000-dən artıq dərman məlumdur) böyük nemət olub, bəşəriyyətə əvvəllər xəstələrin çoxunun ölümünə səbəb olan bir çox xəstəliklərin öhdəsindən gəlməyə imkan verir. Sulfanilamid preparatlarının, bunların ardınca — antibiotiklərin müalicəvi xüsusiyyətlərinin kəşfi, hormonal preparatların işlənib hazırlanması tibb tarixində əsl mənada yeni era olub, onların təsirlərini bir neçə dəfə artırmışlar. Bununla bərabər, demək olar ki, məqsədyönlü işlədilməyən və ya artıq dozada tətbiq edilən hər bir dərman orqanizmi zəhərləyə bilər.
Nisbətən az dərman vardır ki, bunları həkim məsləhətini gözləmədən müstəqil qəbul etmək mümkündür və hətta lazımdır. Bunlara haqqında danışdığımız vitamin preparatları aiddir. Lakin burada da dozanın həddən artıq olmasından ehtiyat etmək və hər bir dərman qabında olan təlimata ciddi riayət etmək lazımdır.
Odur ki, məsləhət görürük: öz ev apteklərinizi sahmana salın! Yalnız həkimin yazdıqlarını və onun məsləhətinə ciddi riayət edərək qəbul etdiklərinizi ev aptekimizdə saxlayın. Qalanlarını (bunlara nə qədər vəsait sərf olunmuşsa da) tərəddüd etmədən zibil yeşiyinə tullayın.
Müəllif: Qasımov Maqsud Səfər oğlu,Azərbaycan Tibb Universitetinin kommunal və qidalanma gigyena kafedrasının professoru
Mənbə: Sağlam həyat tərzi uğrunda