İnfarktdan sonra adi həyat tərzinə qayıtmaq olarmı? Qəti şəkildə “bəli” və ya xeyir” demək çətindir.
Buna hər bir halda fərdi şəkildə yanaşmaq lazımdır: çünki biri yükdaşıyan fəhlə işləyir, digəri isə iş gününü yazı stolu arxasında keçirir. Əlbətdə ki, birinci şəxsə öz adi işi ilə məşğul olmaq asan olmayacaq, ikinci şəxsə isə az bir səbəb mane ola bilər. Bundan başqa infarktın özü və onun fəsadları da hər bir şəxsdə fərqli olur.
Miokard infarktından sonra bərpa prosesi bir neçə ay müddətində davam edir. Hadisələri qabaqlamağa çalışmayın. Heç bir halda nəyin hesabına olursa-olsun tez bir zamanda əvvəlki həyat tərzinə, iş rejiminə qayıtmağa tələsməyin! Bununla siz özünüzə yalnız ziyan vurmuş olarsınız! Miokard infarktından sonra həkim nəzarəti altında xüsusi müalicəvi bədən tərbiyəsi (“qaçan yol” qurğusunda gəzmək, velotrenajorda məşğələ və s.) ilə məşğul olmaq orqanizmə özünü bərpa etmək üçün çox yaxşı kömək edir.
Açıq havada, əvvəlcə qısa müddətli, daha sonralar tədricən artırılan piyada gəzintilər, müəyyən vaxtdan sonra isə hovuzda üzmək və pillələrlə hərəkət etmək də çox xeyirli hesab edilir. Hətta, pillələr ilə hərəkət aktiv həyata qayıtmaq üçün yaxşı sınaq (test) da hesab edilə bilər: əgər xəstə döş nahiyyəsində ağrı, təngnəfəslik hiss etmədən, orta templə binanın 4-cü mərtəbəsinə qalxa bilirsə, demək bərpa prosesi müvəffəqiyyətlə keçir.
Miokard infarktı keçirənlərin əksəriyyətini düşündürən suallardan biri də: “xəstəlikdən sonra dərman preparatları hansı müddət ərzində qəbul etmək lazımdır?” Bu halda yalnız bir cavab var: “Ömrünün sonunadək!” Hətta həmin şəxs özünü yaxşı hiss etsə də. Xəstənin vəziyyəti məhz ona görə yaxşıdır ki, onun qəbul etdiyi dərmanlar ürəyə kömək edir.
Miokard infarktından sonra cinsi əlaqəyə girmək olarmı? Heç nədən utanmadan bu sualı müalicə həkiminizə verin. Bu zaman hər şey sizin fiziki gərginliyi necə keçirməyinizdən asılı olacaq. Belə ki, cinsi əlaqə aktı da heç də yüngül olmayan fiziki gərginlik hesab edilir.
İnfarkt keçirmiş adam mütləq siqaret çəkməyi, spirtli içkilərin qəbulunu tərgitməli, yemək rasionunda yağlı, qızardılmış, duzlu qidaları minimal səviyyəyə qədər məhtudlaşdırmalı, ağır çəkidən qurtulmalı, streslərdən uzaq olmalı, mümkün qədər çox hərəkət etməlidir. Belə xəstələr arterial təzyiqlərini, şəkərli diabeti olanlar isə qanda şəkərin miqdarını da daim nəzarətdə saxlamalıdırlar.
saglamolun.az