Düzgün qidalanmanın əsasları

Düzgün qidalanmanın əsasları

Əsas prinsip — daha çox vitamin və mineral maddələrin qəbuludur. Qidanın kaloriliyi uşağın yaş dövrünə uyğun gəlməlidir. Hər bir uşaq süd məhsulları yeməlidir (qatıq, qaymaq, kefir, xama və s).

Kəsmik — mütləqdir! 1 yaşından 3 yaşına qədər uşaqlara hər gün 40-60 qr, bir qədər böyük uşaqlara 50-100 qr təzə kəsmik vermək olar.

Müxtəliflik olması məqsədi ilə kəsmiyi kefirlə, şirələrlə, əzilmiş təzə meyvələrlə qatışdıra bilərsiniz. Daha böyük uşaqlara kəsmiklə hazırlanan un məmulatları verə bilərsiniz.

Zülalın təbii mənbələri — ət və quş ətidir. Onlar dəmir duzları, fosfor, kalium, B qrup vitaminləri ilə zəngindirlər. Balıq əti uşaqlar üçün çox xeyirlidir, həm də balıq ətdən daha tez həzm olunur. Uşaqların daha çox yağsız balıq növləri verməyi məsləhətdir. Erkən yaşlı uşaqların qida rasionunda gündəlik 60-70 qr ət, 20-30 qr balıq, böyük uşaqların rasionunda isə 100-150 qr ət, 50-70 qr balıq olmalıdır. Təbii ki, gün ərzində uşaqlara yalnız ət və ya yalnız balıq da vermək olar. Bu halda məhsulun həcmini artırmaq lazımdır.

Uşaqlara mütləq yumurta verin. Yumurta yaxşı mənimsənilir, dəmir, kalsium, fosfor və bir çox vitaminlərlə zəngindir. 2-3 yaşlı uşaqlara gündəlik ½ yumurta (və ya günaşırı 1 yumurta), daha böyük uşaqlara gündə 1 yumurta yedizdirmək olar.

Uşaqlara həddən artıq yağlı yeməklər vermək məsləhət görülmür. Çətin həzm olunan yağlardan (qoyun, mal, donuz piyi) uzaq olmaq daha yaxşıdır.

Karbohidratlar (əsas enerji mənbəyi) orqanizmə yarmalarla, şəkərlə, tərəvəz və meyvələrlə daxil olur. Burada da normaya riayət etmək lazımdır. Məsələn, şəkər tez həzm olunur, yeməklərin dadını yaxşılaşdırır, lakin uşaq orqanizminə çox miqdarda ziyandır! Sutkalıq qida rasionunda şəkərin miqdarı kiçikyaşlı və məktəbəqədər uşaqlar üçün 50-55 qr, məktəbyaşlı uşaqlar üçün isə 60-65 qr-dan artıq olmamalıdır. Uşaqları konfet, şokolad və digər şirniyyatlara alışdırmaq olmaz. Bunun əvəzinə onlara kişmiş, ərik və əncir qurusu, xurma kimi çərəzlər verin.

Makaron məhsullarından xüsusilə danışaq. Uşaqlara makaron məhsullarını çox verməyin, çünki onların tərkibində qidalanma üçün lazımlı maddələr çox deyil. Əvəzinə uşaqlara tez-tez sıyıqlar (xüsusən qarabaşaq, yulaf yarması (“gerkules”)) bişirin.

Çörək mineral duzlar, B qrup vitaminləri və bitki lifləri ilə zəngindir. Çörək də normadan artıq verilməli deyil. Belə ki, erkən yaşlarda olanlara gündəlik 60-70 qr, məktəbəqədər yaşlarda 150 qr-a qədər, məktəbyaşlılara 200-300 qr çörək norma təşkil edir. Pis iştahlı uşaqlar çörəyi az yeyir. Onları məcbur etməyin.

Uşaqlarlara tez-tez təzə meyvə, tərəvəz, giləmeyvələr verin.

Mənbə: saglamolun.az 

Top