Bəzən orqanlarımız müvəqqəti olaraq sanki düzgün işləmək istəmir, adət etmədiyimiz hissiyyatlar və kiçik problemlərlə üzləşirik. Əslində ortalıqda problematik sayılacaq heç nə yoxdur, orqanizm nəyəsə eyham edir və ya işarə verir.
Belə olur ki, bəzən biz yatmağa başlayarkən əvvəlcə mürgüləmək vəziyyətində oluruq. Mürgü zamanı ətrafdakı bəzi səsləri eşidə bilirik, lakin artıq yuxu “şəkilləri” də görməyə başlayırıq.
Bu zaman qəfildən biz sanki yıxıldığımızı hiss edir və vəziyyətdən çıxmağa cəhd göstəririk. Gözlərimizi açdıqda başa düşürük ki, heç hara yıxılmırıq, sakitcə və dinc vəziyyətdə yatağımızda uzanmışıq.
Əslində nə baş verir? Alimlər müəyyən ediblər ki, biz mürgüləyərkən bədənimizin temperaturu dəyişir. Nəfəs alıb-vermək yavaşlayır, əzələlər gərginlikdən çıxır. Bizim beynimiz bu vəziyyəti yıxılmaq kimi qəbul edir və ayaqlara siqnal göndərir ki, bərk bir yerə dirənsin, söykənsin və ya basılsın. Məhz buna görə də biz ayaqlarımızın qeyri-iradi dartınması və ya qıcolması ilə yuxudan ayılırıq.
Həkimlər bu vəziyyəti “hipnozlu dartınma” və ya “yuxu qıcolması” adlandırır. Belə gecə qıcolmalarına insanların təxminən 70 faizində rast gəlmək mümkündür.