Dünyada AİDS-lə bağlı təbliğat işlərinin hər gün daha da artmasına baxmayaraq, ölənlərin sayında da eyni temp müşahidə edilir. Əsasən cinsi əlaqə ilə yoluxduğu üçün AİDS-dən qorxmayıb. Amma tədbiri də əldən verməyin.
AİDS yoluxucudur. Yoluxmasına HIV (Human Immunodeficiency Virus — İnsan İmmunçatışmazlıq Virusu) adlı virus səbəb olur.
HIV-in 2 növü var. HIV-1 dünyada ən məşhur AİDS faktoru virusudur. HIV-2 isə daha az müşahidə olunur. Yoluxduğu bədəndə, bədəni xəstəliklərə qarşı qoruyan immunitet sistemini zəiflədir və hətta yox edir. Mikroblara qarşı immuniteti, yəni müqaviməti azalan bədən də HIV-lə birgə müxtəlif mikroblar və xəstəliklərə qarşı müdafiəsiz qalır. Sətəlcəm, dəri xərçəngi, ağlını itirmə bunlardan bəziləridir.
AİDS hansı hallarda yoluxmur?
HIV virusu bədəndən kənarda yaşaya bilmədiyi üçün əslində yoluxması çətindir.
— Tüpürcəklə,
— Tərləmə ilə,
— Dəriyə toxunma ilə,
— Başqasının dəsmalı ilə,
— Əl sıxışma ilə,
— Qucaqlama ilə,
— Yanaqdan öpüşmə ilə,
— Yemək və içkidən,
— Ortaq qab istifadəsi ilə,
— Hovuz və tualet istifadəsi ilə,
— Eyni evdə yaşamaqla,
— Başqasının geyimindən istifadə ilə yoluxmaz.
AİDS hansı hallarda yoluxur?
— HIV virusu qan yoluyla, HIV/AİDS-li adamın qan, qan məhsulları, toxuması və ya orqanlarının nəqliylə,
— Cinsi əlaqə ilə,
— Hamiləlik dövründə HIV daşıyıcısı olduğunu bilməyən anadan uşağına yoluxar. Ən çox yoluxma yolu da ana südüdür.
Xəstəliyin aşkarlanması
AİDS HIV infeksiyasının son mərhələsidir. HIV virusunun bədənə yoluxmasından sonra 2-6 həftə ərzində qrip infeksiyasına bənzər hallar müşahidə edilir. Bunlar yüksək temperatur, halsızlıq, yorğunluq və sairdir. Bu dövr xəstəliyin ən çox yoluxduğu zaman müddətidir. 3 ay tamam olmamış aparılan analizlərlə qandakı virus yükü müəyyən edilə bilər. Ancaq qanda yaranan anticisimi görmək üçün 3 ayın keçməsi lazımdır. 3 ay bitdikdən sonra aparılacaq ELİSA (ELİSA — enzyme-linked immunosorbent assay və ya alternativ olaraq İFA — immunoferment analiz) analizi ilə hər hansı bir insanın HIV virusunun olub-olmadığı müəyyənləşdirilir. Daha sonra isə Westernblood analizi aparılır. Hər iki test müsbət nəticələnərsə, o adamda 90 faiz HIV olduğuna dair qərar verilir.
HIV deyilən virus insana yoluxduqdan 2-10 il sonra əsl AİDS dediyimiz xəstəlik ortaya çıxır. 2-10 illik müddətdə bədənin immun sistemi getdikcə zəifləyir. Xəstəliyin dərhal diaqnozunu müəyyənləşdirəcək tapıntı yoxdur. Bədən temperaturunun yüksəlməsi, üç aydan daha çox gecə tərləməsi, bədən çəkisinin azalması, halsızlıq, həddindən artıq yorğunluq, dilin üzərində və ağızın içində ağ nöqtələr və ya ləkələrin yaranması, davam edən ishal, çox uzun sürən quru öskürəklə birlikdə bütün qan hüceyrələrində azalma ilə AİDS özünü müəyyən edir.
Dünyadakı və Azərbaycandakı vəziyyət
AİDS xəstəliyinə yoluxanların sayı dünyada 1981-ci ildən etibarən çox sürətli şəkildə artdı. Görülən tədbirlərlə dünyada son illərdə AİDS-in artım sürətində azalma olub.
Azərbaycanda isə ilk dəfə HIV infeksiyasının aşkar edildiyi 1987-ci ildən 2012-ci ilin dekabrına qədər 3720 nəfərdə HIV infeksiyasının olduğu təsdiqlənib.
Həmin şəxslərin 3593-ü Azərbaycan vətəndaşı, 127 nəfəri əcnəbidir. HIV-ə yoluxmuş Azərbaycan vətəndaşlarının 2879-u kişi, 714-ü qadındır. AIDS mərhələsində olanların sayı 1098 nəfərdir. Onlardan 1082-si Azərbaycan vətəndaşıdır. HIV infeksiyasından 518 nəfər vəfat edib. Onlardan 510 nəfəri Azərbaycan vətəndaşı olub.
Bu ilin 11 ayı ərzində Azərbaycanda 453 yeni HIV-ə yoluxma halı aşkarlanıb. Onlardan 439-u Azərbaycan vətəndaşı, 14 nəfəri əcnəbidir.
AİDS-dən qorunma üçün təkliflər
— Kənar cinsi əlaqədən uzaq durun.
— Nəzarətsiz qan və orqan transferlərindən uzaq olun.
— Anadan körpələrə, xüsusilə «ana südü ilə» yoluxa biləcəyini unutmayın. AİDS-in 3-5 faiz həcmində bu yolla yoluxduğu müəyyən edilib. Ana-uşaq əlaqəsində mütləq həkim tövsiyəsinə əməl edilməlidir. HIV virusu daşıyan bir ananın dünyaya gətirəcəyi uşağa HIV virusunun yoluxma nisbəti 30 faiz həcmindədir.
Damardan dərman vurulan xəstələr xüsusilə diqqətli olmalı, şprislər bir dəfə istifadə edildikdən sonra atılmalıdır.
Cinsi yolla AİDS yoluxmasına mane olmaq üçün kənar əlaqələrdən imtina etmək, lazım olduqda qoruyucudan yararlanmaq lazımdır. Etibarlı cinsi tərəfdaş seçilməlidir. Ən etibarlısı yol isə birarvadlı həyatın seçilməsidir.
İstifadə edilmiş şpris, iynə, cərrahi alətlər, stomatoloq alətləri, döymə (tatuaj) alətləri, ülgüc, qayçı və sair kimi bütün kəsici və deşici alətlərin yoluxma yolu ola biləcəyi yaddan çıxarılmamalıdır.
AİDS-li xəstələri cəmiyyətdən təcrid etmək lazımdırmı?
Başlanğıcda HIV virusu daşıyan AİDS-li xəstələrin cəmiyyətdən təcrid edilmələri gündəmə gəlir. Respublika AIDS-lə Mübarizə Mərkəzi HIV daşıyıcısı olduğunu yalnız daşıyıcının özünə söyləyir. Çünki AİDS-in nə olduğu tam şəkildə öyrənilmədiyindən, təşkilatlar, dərnəklər, iş adamları və sair HIV daşıyıcısı olan şəxslərlə birlikdə işləmək istəmirlər.
AİDS xəstələri ölümə məhkumdurmu?
AİDS virusunu qanında daşıyan kişi və ya qadın AİDS daşıyıcısı, ya da AİDS xəstəsi mövqeyindədir. AİDS daşıyıcısı olan bir şəxs heç bir klinik əlamət göstərmədən, digər insanlardan fərqlənmədən, cəmiyyətdə normal həyatını davam etdirə bilər. Təxminən 2-10 il sonra virus daşıyıcı müxtəlif simptomlarla AİDS xəstəsi olur. Bu kimi şəxslərin immun sistemi kifayət qədər zəiflədiyindən, sətəlcəm, göbələk, yuxarı tənəffüs yolu infeksiyası və sairlər daxil olan bir çox infeksiya xəstəliklərinə tutulma ehtimalları artır.
1981-ci ildə xəstəlik ilk dəfə ortaya çıxdıqda HIV virusu daşıyanlara, yəni AİDS xəstələrinə ölüm məhkumu kimi baxılırdı. AİDS peyvəndi tapılmamışdı. Müalicə mövzusunda kifayət qədər məlumat yox idi.
Tibb sahəsindəki irəliləyişlərlə AİDS xəstəliyi bu gün ölümcül xəstəlik olmaqdan çıxarılıb, xroniki xəstəliklər kateqoriyasına salınıb. Ancaq müalicəyə başlayan xəstə bunu ömür boyu davam etdirmək məcburiyyətindədir. Əvvəllər AİDS xəstələrinə ovuc dolusu həb qəbul etmək təklif olunurdu. İndi isə gündəlik 1-2 həb qəbulu kifayət edir. Dəstək müalicələri və infeksiyalara qarşı müalicələrlə AİDS xəstələrinin ömrünü uzatmağa yönəlik işlər aparılır. AİDS xəstələrinin müalicəni nizamlı şəkildə davam etdirməsi lazım olduğundan, onların həkim nəzarətində qalması əhəmiyyətlidir.
Hazırda isə dünyada HIV/AİDS-in tam müalicəsi və qoruyucu bir peyvəndi yoxdur.