Uşaq otağı

Uşaq otağı

usaq otagıOtağın sadə, səliqəli və rahat olması əhvali-ruhiyyəyə, insanın psixoloji vəziyyətinə öz təsirini göstərir. Bu mənada valideynlər böyüdüb boya-başa çatdıracaqları körpələri üçün gözəl oyuncaqlarla yanaşı, rahat otaqlar da arzulayırlar.

Dünyaya yeni gəlmiş körpəsi üçün otaq hazırlamaq və bu otağı yeni əşya və ya mebellə bəzəmək hər bir valideynin arzusudur. Bəzən isə valideynlər otağın gözəl görünməsi üçün o otağı lazım olandan çox “bəzəyirlər”. Əslində isə körpə otağını lazımsız əşyalarla və ya mebellərlə bəzəmək düzgün deyil. Çünki bu, ən azı körpəyə yorucu təsir bağışlayır.

İlk növbədə, otağın təhlükəsiz və rahat olmasını düşünməlisiniz. Yaxşı olar ki, döşəmə taxtadan deyil, parketdən olsun, çünki taxta tez çirklənir və çətin təmizlənir. Döşəməyə xalça sərilməsi də uşaqlar üçün uyğun deyil. Çünki xalça toz və mikroorqanizmləri özünə çəkir ki, bu da müxtəlif mikrobik və allergik problemlərə yol açır. Ən idealı yuyulması və silinməsi asan olan döşəmə növlərindən istifadə etməkdir.

Metal vasitələr maqnit sahəsi əmələ gətirdiyi üçün orqanizmə mənfi təsir göstərir. Metal körpənin özünü yorğun hiss etməsinə və yuxusuzluğuna səbəb olur. Ona görə də körpənin otağında böyük metal mebellər saxlamayın. Mebellərin toksik olmayan boya çəkilmiş ağacdan olmasına, həmçinin kənarlarında iti çıxıntıların olmamasına diqqət yetirin. Ən yaxşısı, mebel alarkən ölçüləri nəzərə almaq, eyni zamanda mebelin körpənin oyun sahəsini tutmasının qarşısını almaqdır. Otağın işıqlandırılması da az əhəmiyyət daşımır. Çilçırağın işığı çox güclü olmamalı, kiçik, ağ, ya da sarı işıq seçilməlidir. Axşamlar işığı az olan gecə lampalarından istifadə edə bilərsiniz. Mavi və yaşıl rənglər sakitləşdirici təsirə malik olduqları üçün körpənin otağında bu rənglərdən istifadə etmək olar, həm də həmin rənglər ağcaqanadları da uzaqlaşdırır. Tünd rənglər isə otağı kiçik göstərir. Təhlükəsizliyi təmin etmək məqsədilə evdəki bütün ştepsellərin qoruyucu qapağı olmalıdır. Bütün pəncərələrə dəmir barmaqlıq vurulmalı, uşağın üzərinə dırmaşa biləcəyi əşyalar pəncərə kənarından uzaqlaşdırılmalıdır. Əgər evdə şüşə qapı varsa, onu qırılmayan qapı ilə əvəz edin. Körpənin çarpayısını əli hər hansı bir şeyə çata bilməyəcəyi yerdə qoyun, yatağında əlavə yorğan, yaxud yastıq saxlamayın. Çünki boğula bilər. Çarpayının kənarları körpənin ayağa qalxarkən aşa bilməyəcəyi yüksəklikdə olmalıdır. Körpənin başı keçməsin deyə çarpayı “barmaqlıqlarının” arası çox geniş olmamalıdır.

Top