Xoşbəxtlik

Xoşbəxtlik

Bir dəfə xoşbəxtlik meşə ilə gedir və qəfildən quyuya düşür. Oturub ağlamağa başlayır. Birdən yaxından insan keçdiyini eşidib onu haraylayır:

- Ey xeyirxah insan, çıxar məni buradan.

- "Əvəzində nə verəcəksən?" - deyə insan soruşur.

- Nə istəyirsən?

- Dənizə görünüşü olan, ən bahalı, böyük və gözəl bir ev istəyirəm.

Xoşbəxtlik onun istəyini yerinə yetirir və insan sevincək onu quyuda qoyub qaçır. Xoşbəxtlik yenə hönkür-hönkür ağlamağa başlayır. Yaxından yenə insan keçdiyini eşidib, haraylayır:

- Ey xeyirxah insan, çıxar məni buradan.

- "Əvəzində nə verəcəksən?" - deyə bu biri insan da soruşur.

- Nə istəyirsən?

- Çoxlu, müxtəlif markadan olan bahalı və gözəl maşınlar istəyirəm.

Xoşbəxtlik ikinci insanın da istədiyini ona verir, ancaq o da sevinərək qaçıb gedir və xoşbəxtliyi quyudan çıxarmağı unudur. Tamam ümidini itirdiyi bir vaxtda yenə kiminsə keçdiyini eşidir və haraylayır:

- Ey xeyirxah insan, çıxar məni buradan, xahiş edirəm.

Bu insan onu quyudan çıxarıb yoluna davam edir. Xoşbəxtlik onun dalınca qaçaraq soruşur:

- Ey insan, mənə etdiyin köməyin əvəzində nə istəyirsən?

- "Mənə heç nə lazım deyil" - deyə insan cavab verir.

Xoşbəxtlik bundan sonra onun dalınca gedir və heç vaxt ondan yanından ayrılmır.

 

Tərcümə etdi: Tengiz Budaqov

 

Top