Siz siqaret tüstüsü udan vaxt, tüstü sizin ağız boşluğundan vəboğazınızdan (hülqumdan, xirtdəkdən) keçərək ağ ciyərlərə düşür. Yuxarıda qeyd olunduğu kimi tüstünün tərkibində mindən artıq yüksək toksiki maddələr var, onlardan bir çoxu xərçəng törədə bilirlər. Məsələn formaldehid, benzol, sürmə və başqaları. Bu maddələr orqanizmin toxumaları ilə kontaktda olaraq bir-birinə təsir edirlər. Tüstü ağ ciyərlərə daxil olduqda bunun tərkibində olan qatran ağciyərlərə çökür.
Ağ ciyərlər vasitəsilə, kimyəvi maddələrin əksəriyyəti qana keçir (avtomobildən çıxan işlənmiş qaz kimi siqaret tüstüsündən də karbon oksidi qana keçir). Qanda olan oksigenlə birləşir. Bu isə orqanizmdə olan bütün üzvlərdə, o cümlədən beyində oksigen çatışmazlığına səbəb olur.
Qana keçən kimyəvi elementlərdən biri də nikotindir. Onun müntəzəm surətdə tətbiq edilməsi orqanizmin nikotindən asılı olmasına gətirib çıxarır. Bu alkolloid tüstünün tərkibində 2%-ə qədər olur. Nikotin bəzi bitkilərin də tərkibində vardır. Siqaret çəkdikdə onun tərkibində olan nikotin orqanizmə sorulur. Şiddətli olan bu zəhər kiçik dozalarda, sinir sisteminə qıcıqlandırıcı təsir göstərir, böyük dozalarda isə onun iflicini törədir (nəfəs almanın və ürək fəaliyyətinin dayanması baş verir). Nikotinin az dozalarla papiros çəkməklə orqanizm tərəfindən udulması nikotinizmin meydana gəlməsinə səbəb olur. Nikotin-sulfat kənd təsərrüfatı bitkilərinin ziyanvericiləri ilə mübarizədə tətbiq olunur.
Siqaret tüstüsü ağ ciyərlərlə bilavasitə kontakta girir və nəfəs almanı çətinləşdirən ağ ciyər xərçənginə, pnevmoniyaya, xroniki bronxitə və digər ağ ciyər xəstəliklərinə riski çoxaldır.
Tütün tüstüsünün tərkibində olan kimyəvi maddələrin təsirinin effektivliyindən danışanda, ürəyin işemik xəstəliyinə, miokardın infarktına əsas riskin çoxalmasını göstərmək lazımdır. Ürək xəstəliklərinə riskin artmasına səbəb olan digər faktorları da göstərməyə ehtiyac vardır.
Qan dövranında tac damarlarında baş verən pozulmalar (ateroskleroz, tromboz, tac arteriyalarının spazm — ürəyi qidalandıran qan damarlarının spazm) ürəyin əzələsinin infarktının əmələ gəlməsi miokardın inkişafında (ən çox stenokardiya tutmaları əsasında) papiros çəkməyin də böyük əhəmiyyəti var. Əsas əlamətləri: döş qəfəsinin mərkəzində və ya sol tərəfində uzun müddətli kəskin sıxılmalarla ağrılar meydana gəlir, qorxu hissiyyatı yaranır, təngnəfəslik baş verir. Kollaps (ürək fəaliyyətinin birdən dayanması), hərarətin artması, qanda və elektrokardioqrammada dəyişikliklərin əmələ gəlməsinə səbəb olur.
Xəstəni təcili olaraq hospitalizasiya etməyə ehtiyac yaranır.
Papirosu çəkənlərin xarici görünüşünə də mənfi təsir göstərir. Dişlər və dırnaqlar saralır, eləcə də üzdə qırışıqlar çoxalır və «papiros çəkən şəxsin sifəti» sindromuna gətirib çıxarır. İnsanların çoxu belə hesab edirlər ki, papiros çəkmək çəkiyə nəzarət etməyə kömək edir. Həqiqətən belədir, papiros çəkməkdən imtina edən şəxslər 3 kq-dan çox olmayaraq çəkilərini artırırlar. Düzgün pəhriz, fiziki təmrinlər papiros çəkməyi atdıqdan sonra çəkiniz üzərində nəzarət etməyə sizə kömək edər. Uzun illər papiros çəkənlərdə damarların əzələləri qıc olmaqla sıxılırlar. Nəticədə toxumalarda çoxlu pozulmalar meydana gəlir. Bu zədələnmələr çox pis nəticələrlə qurtarır. Əvvəla qan cisimcikləri böyük yapışqanlığa səbəb olur, belə olduqda qan laxtalanması baş verir, ikincisi, damarların daxili səthində çapıqlar əmələ gəlir, damarların daxili divarları kələ-kötürləşir. Bu kələ-kötürlük piy toxumalarının damarların divarlarında toplanmasına səbəb olur, bu isə aterosklerozun əmələ gəlməsini tezləşdirir.
Tibbi müayinələr göstərir ki, papiros çəkmək korluğa səbəb olur. Belə vəziyyət ən çox uzun illər papiros çəkən yaşlı adamların göz qişasının pozulması ilə müşahidə olunur.
Müayinələr onu göstərir ki, papiros çəkənlərdə çəkməyənlərə nisbətən ağır eşitmə 7 dəfə çox olur. Papiros çəkən insanlar 60-69 yaşlarında 56,4% pis eşitmədən şikayət edirlər. Bu yaşlarda papiros çəkməyənlər arasında isə eşitmənin pisləşməsi 35,5% təşkil edir. Papiros çəkməkdən imtina edən, papirosu atanlar arasında eşitmənin pisləşməsindən 47,3% şikayətlər meydana çıxır.
Kişilərdə papiros çəkmək impotensiyaya riski çoxaldır.
Seksual sağlamlığın daha ağır nəticələrə gətirib çıxarılması barədə papiros çəkmək haqqında yeni məlumatlar verilir və hər il papiros çəkənlər arasında minlərlə errektial disfunksiyalar, uşaqlığın xərçəngi, sonsuzluq, öz-özünə uşaqsalma hadisələrinə rast gəlinir.
İnsanları passiv papiros çəkməkdən xilas etmək və papiros çəkənlərin zərərli təsirindən, pis vərdişdən mühafizə etmək üçün çox işlər görmək lazımdır.
Britaniya Tibb Assosiasiyasının məlumatlarına görə hər il Böyük Britaniya ölkəsində 120 min 30 yaşından 50 yaşına kimi kişilər arasında papiros çəkməklə əlaqədar erreksiya problemləri meydana çıxır. Hər il 1,2 min qadınların uşaqlığının xərçəngi və 3 mindən 5 minə qədər öz-özünə abortun baş verməsi qeydə alınır. Papiros çəkən qadınların 40%-ində hamilə olmaq şansı azalır, əgər hər ikisi (ər-arvad) papiros çəkirlərsə onlarda daha çox sonsuzluq baş verir və bunun müalicəsi mümkün olmur. Hamiləlik dövründə papiros çəkən qadınlarda uşaq salmağa, eybəcər, vaxtından qabaq doğuşlara, düşüklərə daha çox rast gəlinir. Az çəkili uşaqların doğulmasına və laktasiya problemlərinə risk üç dəfə artır. Passiv papiros çəkmə nəticəsində körpə uşaqlar arasında qəflətən ölüm, respirator infeksiya və astma xəstəliyinin baş verməsi halları çoxalır.
Tibb Assosiasiyasının komissiyasının apardığı təhlillər onu göstərir ki, qadınlar hamiləlik dövründə papiros çəkməyin ziyanı barədə başa düşsələr də, bu məsələyə əvvəlcədən lazımi diqqət yetirmirlər. Odur ki, komissiyanın rəyinə görə əgər kişilər və qadınlar yaxşı günlərin birində qərara gəlirlərsə ki, uşaqları olsun — belə olan halda onlar dərhal papiros çəkməkdən əl çəkməlidirlər.
Vaxtında tədbir görülməsə yaxın vaxtlarda yeniyetmələrin sağlamlıq problemləri bütün millətin sağlamlığını əhatə edə bilər — bu barədə Böyük Britaniyalı digər həkimlər xəbərdarlıq edirlər.
11 yaşından 19 yaşa kimi uşaqlar və gənclər düzgün qidalanmırlar, fiziki təmrinlərlə az məşğul olurlar, onların 20%-indən çoxunun bədəninin çəkisi artıqdır və bəzən piylənməyə gətirib çıxarır. Britaniyada yeniyetmələr və gənclər Avropa dövlətlərində yaşayan yaşıdlarına nisbətən həddindən çox içəndirlər, bu məlumatları da Britaniya Tibb Assosiasiyası verir.
Papiros çəkmək, narkotik maddələr qəbul etmək, əxlaq baxımından seksual məsələlərdə riskə getmək kimi vəziyyət, ən çox sosial-iqtisadı səviyyəsi aşağı olan qruplar içərisində yeniyetmələrdir. Müəlliflər elan edirlər ki, yeniyetmələrin sağlamlığının möhkəmlənməsi üçün hökumət sağlam həyat tərzinin təbliğinə diqqəti artırmalıdır. Bununla belə gənclərin daha yaxşı tibbi xidmətə ehtiyacları var. Bu xidmət elə təşkil olunmalıdır ki, yeniyetmələr özlərini komfort vəziyyətdə hiss etsinlər. Yeniyetmə nə olursa olsun, inanmalıdır ki, bununla aparılan məsləhətlər, çox ciddi konfidensiallıqla gözləniləcəkdir.
Papiros çəkmək qadınlarda hamiləliyin fəsadlarının çoxalmasına səbəb olur, bunlardan — yarımçıq uşaqların doğulması, hamiləliyin baş verməsi, uşaq doğmanın azalması qeydə alınır. Papiros çəkən qadınlar menopauzanın tez baş verməsi ilə rastlaşırlar.
Papiros çəkənlər arasında nikotin həmişə orqanizmə daxil olmur. Əgər siz papiros çəkmək istəmirsinizsə də orqanizminiz nikotinə öyrəndiyinə görə, orqanizm «papiros istəyir». Nikotinə tələbat daimi olaraq sizin sinir sisteminizi gərgin vəziyyətdə saxlayır və stressi çoxaldır. Xoşbəxtlikdən bu effekt geri dönə bilər.
Əgər sizdə diabet varsa və siz papiros çəkirsinizsə, onda sizdə diabetin fəsadlarına risk çoxalır — bura göz damarlarının və ətraf hərəkət orqanlarının problemləri də daxildir.
Papiros çəkmək insan orqanizmində onun üzvlərində xərçəng xəstəliyi törədə bilər, o üzvlərdə ki, papirosun tüstüsü ilə kontaktda olurlar — bura ağ ciyərlər, xirtdək və ağız boşluğu daha çox aiddir. Belə ki, kimyəvi maddələr tüstünün tərkibindən qana keçir. Xərçəng digər üzvlərdə də baş verə bilər. Alimlərin məlumatlarına görə ABŞ, Avropanın inkişaf etmiş ölkələrində, eləcə də Rusiyanın böyük şəhərlərində ağ ciyərlərin və döş vəzilərinin xərçəngi üstünlük təşkil edir (1996-cı ildə Moskvada xərçəngin bütün formalarından ölənlərin sayı 225 min nəfər olmuşdur). Hesab edilir ki, sənaye müəssisələrinin tullantıları, avtomobillərdən xaric olan işlənmiş qazlar və papiros çəkmək nəticəsində tənbəki tüstüsündən ətraf mühitin çirklənməsi əsas səbəblərdən başlıcasıdır.
Passiv papiros çəkmə. Papiros çəkmək nəinki yalnız onu çəkənlərə təsir edir, eyni ilə də tütün tüstüsü ətrafda olan adamların da ağ ciyərlərinə daxil olur və adi papiros çəkənlərdə müşahidə olunan belə vəziyyət, hər hansı bir fəsad ətrafda olan insanlarda da baş verə bilər. «Passiv papiros çəkənlər» və ya papirosun orqanizmə zərər verən təsiri barədə yazılar tütün çəkənlərin müalicəsi və profilaktikasına aid materiallarla bu kitabda tanış olmaq olar.
Papiros çəkənlərin miqdarı. Rusiyada da, bizim ölkəmizdə də yaşlı insanların 50%-i papiros çəkirlər, hər il 100.000 nəfər rusiyalı papiros çəkməkdən ölür. Alimlər belə hesab edirlər ki, indiki zamanda bizim planetimizdə bir milyarda yaxın papiros çəkənlər vardır. Papiros çəkməklə bir başa və ya bilavasitə əlaqədar olan xəstəliklərdən hər il planetimizdə 3,5 milyon insan dünyasını dəyişir. 20 ildən sonra belə xəstəliklərdən ölənlərin ümumi sayı 10 milyona çatacaq və VİTÇ (immun defisitliyi) infeksiyasından ölənlərin sayını ötəcəkdir.
Papiros çəkməyi tərgidəndən — 20 dəqiqə sonra arterial təzyiq aşağı düşərək normal vəziyyətdə olacaq, ürəyin fəaliyyəti pozulmuşsa tezliklə bərpa olunacaq, ayağın altı, pəncənin və biləyin ovcunun içinin qanla təchizatı yaxşılaşacaqdır, 8 saatdan sonra qanda oksigenin tərkibi normallaşacaqdır, 2 gündən sonra — dad və iy hissiyyatı güclənəcəkdir, bir həftədən sonra üzün, sifətin rəngi yaxşılaşacaq, dəridən, tüklərdən ifraz olunan xoşa gəlməz, nəfəs aldıqda xaric olan pis iylər itəcəkdir, bir aydan sonra — şübhəsiz ki, nəfəs alma prosesi yüngülləşəcək, yorğunluq, baş ağrılarından əziyyət çəkən insanların baş ağrıları aradan götürüləcək, onları tərk edəcəkdir, xüsusən səhərlər öskürək onu narahat etməyəcəkdir.
Yarım ildən sonra — onlarda nəbzin seyrəkləşməsi baş verəcək, idman göstəriciləri yaxşılaşacaq, tez qaçmağa, üzməyə başlayacaqlar, fiziki yükə istək artacaqdır. Bir ildən sonra ürəyin tac damarlarının xəstəliyinə risk papiros çəkənlərə nisbətən yarım dəfə aşağı düşəcək, azalacaq, 5 ildən sonra çox ehtimal ki, ağ ciyər xərçəngindən ölüm, gündə bir qutu siqaret çəkənlərə nisbətən kəskin şəkildə azalacaqdır.
Papiros çəkmək və yeniyetmələr — yeniyetmələrin papiros çəkmə problemi ildən-ilə kəskinləşir. Yeniyetmələr məktəb yaşlarından papiros çəkməyə cəlb olunurlar. Müəyyən olunub ki, 15 yaşa kimi papiros çəkməyə başlayan insanlar, ağ ciyər xərçəngindən 25 yaşdan sonra papiros çəkməyə başlayanlara nisbətən 5 dəfə çox ölürlər. Yaşlılar üçün nikotinin ölüm dozası birdən, bir dəfəyə bir qutu siqaretin hamısını çəkib qurtarmasıdır.
Yeniyetmələr üçün (!). Əbəs yerə demirlər: bir damla nikotin atı öldürür. Əgər tam dəqiq bilmək istəyiriksə bir damla təmiz nikotinlə 3 atı öldürmək olar. Axı nikotindən başqa siqaretin tərkibində çoxlu miqdarda zəhərli maddələr də var, hansılar ki, inkişaf edən orqanizmə məhvedici təsir edir. Yeniyetmələr arasında bir-birinin dalınca 2-3 siqaret çəkənlərdə, orqanizmin həyatı əhəmiyyət kəsb edən mərkəzlərin kəskin zəhərlənməsi ilə əlaqədar ölüm hadisəsi qeydə alınmışdır, nəticədə ürək fəaliyyəti dayanmış nəfəs alma-vermə kəsilmişdir.
Müəllif: Qasımov Maqsud Səfər oğlu,Azərbaycan Tibb Universitetinin kommunal və qidalanma gigyena kafedrasının professoru
Mənbə: Sağlam həyat tərzi uğrunda
Həmçinin bax: Siqaretin ziyanları haqqında