Bioloji saat

Bioloji saat

Bizi əhatə edən hər bir şey fasiləsiz surətdə dəyişilir, gündüz axşamla, sonra gecə səhərlə, yay - payızla, sonra qış yazla, külək sakitliklə əvəz olunur ki bunun ardınca da tufan, quru hava, yağış və ya qar gələ bilər. Hələ sosial mühitin neçə dəyişdiyini demirik - gah işdə gah evdə, mağazada və ya konsertdə oluruq. Bütün bu dəyişikliklər arasında nizamlı, ciddi ardıcıllıqla bir-birini əvəz edənlər vardır, ritmik olmayan, qaydasız, bəzən tamamilə gözlənilmədən meydana çıxan dəyişikliklər də vardır. Xarici şəraitin təbii proseslərlə əlaqədar ritmik dəyişiklikləri insanın davranışında əsas rol oynayır. Çox qədim zamanlardan təbii ritmlər insanı müəyyən davranış normalarına və ya, deyildiyi kimi stereotipinə vadar etmişdir. Gündüz işləmək, axşam - istirahət etmək və əylənmək, gecə - yatmaq qəbul olunmuşdur. Belə qaydanın nə üçün yaranması məsələsini müzakirə etməyək: ya gecənin qaranlığı insanları fəaliyyətsizliyə məcbur etdiyindən bu qaydaya alışmışlar, ya da o, insan təbiətinin özü ilə bağlıdır. Adam bunun əksini etməyə, gecə işləyib, gündüz yatmağa cəhd göstərən kimi bunun o qədər da asan olmadığı aydınlaşır. Gecə işinin məhsuldarlığı az olur, gündüz yuxusu isə möhkəm olmur, tez-tez arası kəsilir, tam dəyərli istirahətə səbəb olmur.
İnsan orqanizmi təbiətin ümumi ritminə tabedir, belə ki, orqanizm atomlardan, molekullardan və onların arasında olan sahədən, boşluqdan ibarətdir. Bu sahədə, boşluqda da təbiətdə gedən proseslər gedir: külək "əsir", nəmlik havanın təzyiqini və temperaturu yüksəldir və ya aşağı salır.
Dəri və bədənin enerjisi orqanizmi xarici mühitin sərt təsirindən qoruyur, mühafizə edir, incə, zərif təsirindən isə mühafizə edə bilmir, orqanizm yaşayır, təbiətin ümumi ritminə tabe olur.
Fransız Mişel Siffr 205 gün yanında nə saat, nə də radioqəbuledici olmadan gecə və gündüzün əvəz olunması barədə xaricdən heç bir siqnal almadan, dərin yeraltı mağarada tam yalqız qalmışdır. İstəyəndə yatmış, istədiyi vaxt yemişdir. Sutkanın vaxtlarının bir-birini əvəz etməsi sanki ona təsir etməmişdir. Lakin, demə onun "bioloji saatı" işləyir, ayılmaq, qida qəbul etmək vaxtını ona xeyli dəqiq xəbər verirmiş. Sonra məlum olmuşdur ki, düzdür, onun "sutkası" yer üzündəkindən bir qədər uzun (24 saat 31 dəqiqə) olsa da həyatı vərdiş etdiyi qrafik üzrə davam etmişdir. Belə müşahidələr dəfələrlə aparılmış və həmişə məlum olmuşdur ki, insanı həyat fəaliyyəti proseslərinin tərəddüdlərinin gündəlik ritmindən çıxarmaq çox çətindir. Şagirdlərin və müxtəlif əmək növü ilə məşğul olan işçilərin iş qabiliyyətinin obyektiv qiymətləndirilməsi dəfələrlə göstərmişdir ki, iş qabiliyyəti sutka ərzində - adamların çoxunda gündüz saat 11-12-dek ən yüksək səviyyəyə çatır, sonra azalır, saat 18-19-da yenidən artır. Düzdür, hamıda belə olmur. Belə adamlar vardır ki, onların iş qabiliyyəti gec axşam saatlarında ən yüksək olur, başqalarında isə ya sutka ərzində dəyişilmir, ya da nizamsız tərəddüdlərə məruz qalır.
Çoxdan müşahidə edilmişdir ki, adamların əksəriyyəti tezdən qalxmağı, səhər və günün birinci yarısında ən gərgin işləməyi, erkən yatmağı üstün tutur. Gec qalxıb, gecələr uzun müddət işləməyi sevənlər də vardır. Birincilərə "torağay" - quş, ikincilərə "bayquş" adı vermişlər. İş qabiliyyəti günün müxtəlif vaxtlarında təxminən eyni olan (yuxunun kifayət qədər olmaqla) və ya nizamsız surətdə dəyişilən ara qrup ("göyərçin"lər) də mövcuddur. Qeyd etmək maraqlıdır ki, yeri gəlmişkən, uzun ömür sürən bəzi görkəmli şəxslər, məsələn, böyük rus fizioloqu İvan Petroviç Pavlov "bayquşlara" aid olmuşlar.
Gündəlik ritmə tabe olan yalnız fiziki və zehni iş qabiliyyəti deyildir. İfraz olunan həzm şirələrinin miqdarı və fəallığı, ağrıya qarşı həssaslıq da dəyişilir. Bu həssaslıq adətən səhərə yaxın azalır. Hələ əvvəlki nəsillərdən olan həkimlər belə hesab edirdilər ki, ağrılı proseduraları səhər saatlarında aparmaq daha məqsədəuyğundur. Dərmanlara qarşı həssaslıq, ürəyin yığılması tezliyi (sakit halda uzanmış vəziyyətdə), bədən temperaturu (bir qayda olaraq, günün ikinci yarısına nisbətən səhər aşağı olur), qanın tərkibi, arterial təzyiq və insan orqanizminin bir çox, mütəxəssislərin hesab etdiyi kimi, yüzdən artıq funksiyası dəyişilir.
Orqanizmin bəzi funksiyalarının intensivliyi artır və bəzilərində paralel olaraq azalır və başqalarının əmək qabiliyyəti də aşağı düşür və ondan asılı olmayaraq dəyişilir. Hətta eyni orqanizmin müxtəlif funksiyaları da sinxron surətdə (bir-birinə paralel olaraq) artıb-azalmır. Məsələn, qara ciyərin öd hazırlamaq qabiliyyəti günün birinci yarısında, şəkəri emal etmək və mənimsəmək qabiliyyəti isə günün ikinci yarısında ən çox nəzərə çarpır.
Deməli, orqanizmin qurulmuş saat kimi fasiləsiz işləməsi üçün elə şərait yaratmaq lazımdır ki, bu və ya digər funksiya, həyat fəaliyyətinin bu və ya digər prosesi məhz orqanizmin tələbatı olan anda güclənsin. Məsələn, qara ciyər yağların həzmi üçün zəruri olan öd hasil edir. Səhər yeməyi və nahar zamanı yağ qəbul edilməmiş və ya az qəbul edilmişsə, günün birinci yarısında öd ifrazının artması orqanizmə nə fayda verə bilər? Şagird ikinci növbədə oxuyursa (müəllimləri isə dərs deyirlərsə), günün birinci yarısında zehni iş qabiliyyətinin artmasının nə xeyri ola bilər?
"Bioloji saatlar" isə yalnız şagird və müəllimlərin deyil, ikinci və üçüncü növbədə işləyənlər də daxil olmaqla hamının orqanizmində qurulmuşdur və işləyir. Bəs nə etməli? İkinci və üçüncü növbələr qadağan edilməlidirmi?
Məktəblərdə bütün şagirdlərin dərslərini birinci növbəyə keçirməklə ikinci növbənin tamamilə ləğv olunması məsələsi yaxın gələcəkdə həll ediləcəkdir. İstehsalata gəldikdə isə, bir tərəfdən, bir çox istehsalat sahələri texnoloji prosesin fasiləsiz gedişi ilə əlaqədardır. Məsələn, domna və ya poladəridən sobanı gecə söndürmək, elektrik stansiyasını, qatar və teploxodları saxlamaq olmaz. Bundan əlavə, maşınlardan, dəzgahlardan, digər istehsalat avadanlığından daha tam istifadə etmək üçün hazırda texnoloji prosesdə fasilə etmək mümkün olan istehsalat sahələrində də ikinci və üçüncü növbələri tətbiq etmək üçün bütün tədbirlər görülür.
Həyat şəraitinin, daha dəqiq desək, rejimin "bioloji saatın" gedişinə uyğunlaşması məsələsini çətinləşdirən budur ki, bəzi şəxslərdə bu saat əksər adamlardakı vaxtı göstərmir. Bunu iş qabiliyyəti səviyyəsinin gündəlik tərəddüdlərinin misalında gördük.
Bir vaxt (çətin ki, bu tez olsun), bəlkə də hər bir uşaqda, yeniyetmədə, yaşlı şəxsdə, "bioloji saatın" gedişini yoxlayıb onun üçün elə dərs və ya iş şəraiti yaratmaq mümkün olacaq ki, maksimal fiziki və ya zehni yük ən yüksək iş qabiliyyəti dövrünə düşsün. Onda birinci növbədə işləmək və oxumaq üçün "torağaylar", ikinci növbə üçün - "bayquşlar", sürüşən qrafik üzrə işləmək üçün isə gün ərzində iş qabiliyyətini qanunauyğun tərəddüdlərə uğramayan, "göyərçinlər" seçirlər. Lakin bu uzaq gələcəyin işidir. İndi isə öz "bioloji saatının" gedişinə necə uyğunlaşmaq, ondan orqanizm üçün ən böyük fayda ilə necə istifadə etmək haqqında düşünmək lazımdır. Bunun bir yolu vardır - özü üçün ən münasib və həyat şəraitinə (başlıca olaraq, iş və ya dərs vaxtına) müvafiq gələn gün rejimi tərtib etmək və ona mümkün qədər ciddi əməl etməkdən ibarət olmalıdır. Qoy bəzi adamlar üçün həmin anda bu rejim "bioloji saata" uyğun gəlməsin. "Bioloji saat" nə qədər inadlı və konservativ olsa da, çox hallarda rejimə ciddi əməl edilməsi ona təsir edir və əqrəbini bu və ya digər tərəfə çəkir. Əvvəl narahatlıq hissi doğuran günün rejimi müəyyən andan etibarən orqanizmin tələbatına uyğun gəlməyə başlayır.
Uzunömürlüləri xatırlayaq. Onların hamısı üçün olmasa da, əksəriyyəti üçün müəyyən rejimə tabe olan, yataqdan erkən qalxmaq, tez yatmaq, əsasən gündüz işləməklə səciyyələnən müntəzəm həyat xarakteri olmuşdur. Onların arasında, yəqin ki, "bayquş" kimi doğulanlar az olmamışdır, lakin, görünür, həyat şəraiti və iradə öz işlərini görərək, onları "torağaya" çevirmişlər.
Gündəlik həyatda günün rejiminə ciddi əməl etmək çətindir. Həddən çox amillər rejimin pozulmasına səbəb olur: (işdən kənar vaxtda iclas və ya maraqlı televiziya tamaşası, qonaqların gəlməsi və ya xidməti ezamiyyət və daha bir çox işlər). Lakin bütün bunlara baxmayaraq, özünə rejimi müəyyən etdikdən sonra onun mümkün qədər az pozulmasına çalışmaq lazımdır.
Həyatda belə olur: yatmaq vaxtıdır, əlində isə maraqlı kitab vardır. Oturub bir-iki saat da oxumaq istəyirsən. Amma kitabı axı sabah da oxumaq olar. Özünü tam dəyərli olmayan yuxuya, səhər isə tələsikliyə və səhər əhvalın korlanmasına düçar etməyə dəyərmi? Yaxud da nahar etmək vaxtıdır, amma hansı iş isə qurtarmamışdır. Adam istəyir ki, bu işi qurtarıb arxayın nahar eləsin. Adam maraqlı oyundaşla gecəyədək şahmat və ya nərd taxtası arxasında oturmaq da istəyir, lakin bu qətiyyən vacib deyildir. Eləcə də adam istəyir ki, gimnastika və su prosedurası əvəzinə yataqda bir saat çox uzansın, amma bu da vacib deyil. Əlbəttə, belə vəziyyətlər olur ki, istər-istəməz qəbul edilmiş qrafiki pozmaq lazım gəlir. Ancaq qoy bunlar ayrı-ayrı təsadüflər olsun, əksər hallarda isə rejimə riayət edilsin.
Yəqin ki, pansionatda, sanatoriyada, istirahət evində uzun müddətli istirahət üçün nəzərdə tutulmuş, yataqdan qalxmağın, qida qəbulunun, müxtəlif mədəni tədbirlərin, yatmağın vaxtı az və ya çox dərəcədə ciddi müəyyən edilən digər müəssisədə istirahət etmisiniz. Adətən istirahət edənlər, xüsusən müalicə olunanlar müəyyən edilmiş rejimə çox tez uyğunlaşıb buna riayət edirlər. Amma maraqlı ekskursiya olan kimi rejim pozulur. Ekskursiyadan imtina etməlimi? Əlbəttə, yox. Ekskursiya fəal istirahətin gözəl formasıdır və odur ki, xüsusilə fəal istirahət edənlər bir ekskursiyanı da buraxmamağa çalışır, ekskursiya olmadıqda isə özləri sanatoriyanın zonasından kənarda getməyə bir yer tapır, bunun üçün gah səhər yeməyini, naharı, gah da yuxu üçün ayrılan saatları qurban verirlər. Əlbəttə, bunu biz təqdir etmirik. Gələcəkdə günün rejiminə riayət etmək üçün məhz uzun müddətli istirahət zamanı özünü ona öyrəşdirmək məqsədəuyğundur.
Birinci (gündüz) növbədə işləyənlərin və ya oxuyanların gün rejimi haqqında danışarkən nəzərə çarpdırmalıyıq ki, praktik olaraq hər şeyi səhər həll edir. Yataqdan nə vaxt qalxmalı? Saat altıda, yeddidə və ya səkkizdə - hər şey şəraitdən asılıdır. Lakin o qədər tez durmaq lazımdır ki, səhər gimnastikası məşqlərinin kompleksini etməyə, su prosedurası qəbul etməyə, səhər yeməyinə (onu isə hələ hazırlamaq və ya hazırlamağa kömək etmək də lazımdır) və işə piyada getməyə vaxt çatsın. İş yeri evdən çox uzaqdırsa, dediyimiz kimi, yolun bir hissəsini, heç olmazsa, 4-5 min addım piyada getmək lazımdır.
Saat neçədə qalxmalı olduğunuzu hesablayın: iş saat 9-da başlayırsa, saat 7-dən gec olmayaraq, 8-də başlayırsa - saat 6-da durmaq lazımdır.
Düzgün təşkil edilmiş səhər vaxtı ərzində insanın orqanizmi tədricən sanki iş üçün sazlanır, işləməyə hazırlanır. Əgər siz təngnəfəsliklə gimnastikanı unudub, səhər yeməyini ağıllı-başlı yemədən qaçıb özünü axırıncı dəqiqədə iş yerinə və ya tələbə partasına və ya məktəb skamyasına yetirirsiniz, onda normal iş ritmi əldə edilməsi üçün müəyyən müddət, bəlkə də bir saat və ya buna yaxın vaxt lazım gələcəkdir. Odur ki, təkrar edirik: başlıcası - səhərdir.
Sonra qidalanma rejiminə əsas fikir verilməlidir. Təkrar etməyəcəyik: qidalanma rejimi, onun müxtəlif variantları haqqında artıq "Qidalanma haqqında əsas məlumat" fəslində danışmışıq.
Budur, iş günü qurtarmışdır. Ən yaxşısı budur ki, dərhal evə gedib nahar edəsiniz. Amma təəssüf ki, iş günü və ya dərslər qurtaran kimi çox adamın hər cür ictimai işləri (iclasları, mühazirələr, yığıncaqlar, dərnəklərin işi və s.) başlanır.
Xatırlatmaq pis olmaz ki, əvvəllər, müharibədən qabaqkı illərdə bütün bu tədbirlər adətən axşam saatlarında keçirilirdi. İşdən və ya dərsdən sonra hamı evə gedir, nahar edir, istirahətdən sonra qüvvələrini bərpa edib, axşam ictimai işlə məşğul olurdular. İndi hər şey dəyişilmişdir. Hər kəs istəyir ki, evə gəldikdən sonra daha iş və ya dərs yerinə qayıtmasın. Ona görə də alışmışıq ki, bütün ictimai işlər fasiləsiz olaraq gündəlik əmək fəaliyyətinin ardınca olsun. Beləliklə, bir tərəfdən sanki iş günü uzanır və müvafiq olaraq qidalanma rejimi pozulur. Digər tərəfdən, bəzən mühüm ictimai tədbirlər tələsik keçirilir. Aşkarlıq şəraitində iclaslarımız maraqlı keçməyə başlamışdır. Ancaq çox vaxt söhbət qızışıb kollektiv üçün vacib məsələlər üzrə müzakirə təzəcə başlananda artıq "çıxışları kəsmək", "yekunlaşdırmaq" təklif edilir. Beləliklə, ikiqat zərər vurulur: həm işə, həm də sağlamlığa.
Vaxtilə qəbul olunmuş qaydanı belə dəyişdirməyə nə səbəb olmuşdur - ictimai işi sanki istehsalat işinə bağlamaq, birləşdirmək, axşamı ev işləri üçün ehtiyatda saxlamaq? Əlbəttə, şəhərlərin böyüməsi, iş və yaşayış yerləri (və ya tədris müəssisəsi) arasındakı məsafənin artması az rol oynamamışdır, amma, görünür, başlıcası hər bir ailədə televizorun peyda olmasıdır.
Düzdür, burada bir adamın iradəsi az şey dəyişə bilər ancaq müxtəlif dərəcəli rəhbərlərin və sıravi zəhmətkeşlərin diqqətini buna cəlb edirik ki, xalq sağlamlığının dinamikasındakı haqqında danışdığımız mənfi meyllərin səbəblərindən biri həyatımızın nizamsız olması, onu ciddi rejimə tabe etmək bacarığının, bəzən isə arzusunun da olmasıdır. Yadda saxlayın ki, günün rejiminə, xüsusən qidalanma rejiminə riayət etmək sağlamlığın və uzunömürlülüyün ən mühüm amillərindəndir.
Bununla belə, işdən sonra uzun müddət ləngimək lazım gələcəksə, ictimai işlərdən və ya mədəni tədbirlərdən və ya əvəz edici işə başlamazdan əvvəl yüngülcə yemək üçün artıq bir buterbrod götürməyi məsləhət görürük. Evə qayıdarkən yolun, heç olmazsa, bir hissəsini piyada gedin, nahar edin. Əgər gecdirsə naharla şam yeməyini bir yerdə edin. Lakin artıq dediklərimizi unutmayın: yatmazdan azı 2-3 saat əvvəl şam etmək lazımdır və şam kifayət qədər yüngül olmalıdır ki, yuxuya gedənədək qida mədəni tərk etsin, yoxsa yuxu kifayət qədər dərin olmaz və tam dəyərli istirahəti təmin etməz.
Axşam sizin sərəncamınızdadır. Ondan müxtəlif cür istifadə edin (ev işləri, uşaqlarla oyun və ya söhbət, idman, kitab, televiziya verilişləri), amma hər şey dərəcəsində olmalıdır. Günü yaxşı başlayıb, yaxşı da qurtarmaq lazımdır ki, o biri gün də düzgün başlasın. Günü yaxşı başa çatdırmaq - yatmazdan əvvəl özünü ağır fiziki və zehni işlə yormadan, mədəsi həddən artıq dolmamış vəziyyətdə vaxtında yatağa uzanmaq deməkdir. Saat neçədə yatağa uzanmalı? Bunu əsas götürün ki, yaşlı adam gündə orta hesabla 8 saat, yeniyetmə - 9-10 saat yatmalıdır. Yatmağa uzanmağın vaxtını belə hesablayın ki, yuxunuzu almağa və səhəri tələsmədən başlamağa vaxt çatsın. Axı bütün gün səhəri necə keçirməyinizdən asılı olacaq.
İkinci növbədə işlədikdə və ya oxuduqda günün rejimi necə olmalıdır? Bu halda da səhərin düzgün təşkilinə fikir vermək lazımdır. Səhər gimnastikası, su prosedurası, doyumlu, lakin həcmi çox böyük olmayan səhər yeməyi - bütün bunlar yerində qalmalıdır. Sonra vaxtınızı vəziyyətə müvafiq, olaraq keçirirsiniz. Lakin unutmayın ki, 5000 addım (işdən nəqliyyatda qayıdırsınızsa), 10000 addım piyada gəzməyə və ya özünüzə yükü verməyə vaxtınız çatmalıdır. İşə başlamazdan 1-1,5 saat əvvəl nahar etmək lazımdır. Axşam növbəsində işə başlamazdan əvvəl gimnastika etmək lazım deyil. Axşam növbəsinin ortasında yüngül ikinci nahar məsləhət görürük. Növbə gec qurtarırsa və evə qayıdan kimi uzanıb yatırsınızsa, şamsız keçinin və ya ən yüngül şam edin (bir stəkan qatıq və ya bir alma, yaxud peçenye ilə bir stəkan çay və s.).
Gecə növbəsində işlədikdə nə vaxt yatmaq məsələsini həll etmək lazımdır. İşdən sonra 3-4 saat, işdən əvvəl də, elə o qədər yatmaq lap məqsədəuyğundur. Amma işə çıxmazdan əvvəl gimnastika məşqləri kompleksini (səhər gimnastikası tipi üzrə) etmək, su prosedurası qəbul etmək (səhər yuxusundan sonra qəbul edilməmişsə) və şam etmək üçün kifayət qədər vaxt qalmalıdır. Axşam adətən aşağı olan iş qabiliyyətini saxlamaq üçün gecə növbəsinin ortasında da təxminən saat 3-lə 4 arasında yemək çox vacibdir. Bu "gecə səhər yeməyinin" tərkibində zülallar (ət və ya balıqla isti xörək, yumurta, kəsmik və s.) və vitaminlər olmalıdır. Gecə növbəsi qurtardıqdan sonra yüngül səhər yeməyi, səhər yuxusundan və fiziki yükdən (yerimək, qaçmaq nə mümkünsə və nəyə vərdiş edilibsə) sonra nahar edilməlidir.
Axşam və gecə növbəsində işləyərkən rejimi başqa cür də tərtib etmək olar. Ancaq rejimin olması vacibdir. Hər bir növbədə, məsələn, bir həftə işləyirsinizsə, bütün həftə ərzində yuxu, fiziki fəallıq və qida qəbulu dövrlərini eyni qrafik üzrə növbələşdirməyə çalışın. Yalnız bu halda orqanizm heç olmazsa, müəyyən dərəcədə "bioloji saatı"nın gedişinə uyğunlaşar.
Təəssüf ki, bəzi müəssisələrdə iş qrafikini elə "ağılla" qururlar ki, işçinin işə çıxması vaxtı az qala hər gün və ya günaşırı dəyişilir. Bu halda hansı gün rejimindən danışmaq olar? Sərnişin avtobusları bazalarından birində olduqda məhz belə qaydanın (daha doğrusu qaydasızlığın) uzun müddət davam etdiyinin şahidi olmuşuq. Biləndə ki, həmin bazada son 15 ildə bir avtobus sürücüsü də öz peşəsində təqaüd yaşınadək işləməyib, biz təəccübləndik. Təqaüd yaşının çatmasına hələ çox (5-10 il) qalmış təcrübəli sürücülər sağlamlıqları pisləşdiyi üçün daha yüngül işə keçməli olmuşlar.
Rejimin olmaması "bioloji saat"ın gedişindən daim kənara çıxmaq ən möhkəm orqanizmi də dağıda bilər. İdarə və müəssisə rəhbərləri, həmkarlar ittifaqı komitələri ciddi surətdə nəzarət etməlidirlər ki, iki və ya üç növbəli işi, sürüşən qrafik üzrə iş zamanı bir növbədən digərinə keçid, işin başlanması vaxtının dəyişilməsi hər bir zəhmətkeş üçün həftədə bir dəfədən çox olmasın.
Bir çox saat qurşaqlarını keçməklə əlaqədar olan uzaq səfərlər zamanı orqanizm xüsusilə ağır şəraitə düşür. Məsələn, Bakıdan Vladivostoka uçarkən saat qurşağından keçmək üçün 7 saat vaxt lazımdır. Bu o deməkdir ki, Bakı vaxtı ilə gündüz saat 12-də Bakıdan yola düşüb, 7 saat uçduqdan sonra sabahı Vladivostok vaxtı ilə səhər saat 7-də Vladivostoka çatacaqsınız. Bakı vaxtı ilə işləyən "bioloji saat"ınız tələb edəcək ki, yatasınız - axı Bakıda axşam saat 12-dir. Vladivostokun həyat ritmi isə səhər yeməyini yeyib işlərlə məşğul olmağınızı tələb edəcək. Bakıdan Vaşinqtona uçduqda da belə uyğunsuzluq yaranacaq. Birbaşa reyslə uçsanız (hər şey ola bilər, bəlkə də, yaxınlarda bu, mümkün olacaq), axşam Bakıdan yola düşüb oraya... elə həmin günün axşamı çatacaqsınız. Siz təyyarədə yatıb yuxunuzu almısınız, "bioloji saat" iş gününün əvvəlini göstərir, vəziyyət isə uzanıb yatmağı tələb edir.
Belə "desinxronoz", orqanizmin vaxt ritmlərinin təbiətinkinə uyğun gəlməməsi, əhvalın pisləşməsi (başağrısı, iştahanın pozulması, qarında sancı, iş qabiliyyətinin xeyli azalması və s.) ilə özünü göstərir, həm də bu, bir gün davam etmir. Aydınlaşdırılmışdır ki, vaxtın həmin misallardakı kimi kəskin surətdə dəyişilməsinə orqanizm 10 gündən bir ayadək müddət ərzində uyğunlaşmalıdır.
Desinxronoz əlamətlərini yüngülləşdirmək üçün nə etmək lazımdır? Saat qurşaqları dəmir yolu ilə, xüsusən su nəqliyyatında gedərkən olduğu kimi yavaş-yavaş əvəz edilirsə, həmin əlamətlər inkişaf etmir. Amma su nəqliyyatından yalnız turistlər istifadə edirlər, dəmir yolu ilə də həddən artıq məşğul olan müasir adamın çox uzaq məsafələrə getməyə vaxtı yoxdur. Odur ki, təyyarə ilə uçmağa məcburuq. Səbəbsiz deyil ki, xaricdə desinxronozu "biznesmenlərin xəstəliyi" adlandırırlar, çünki, bu adamlar ticarət və ya digər işlərlə əlaqədar tez-tez saat qurşaqlarının kəskin surətdə bir-birini əvəz etdiyi uzaq məsafələrə getməli olurlar.
Beləliklə, qatarda, teploxodda yalnız yerli vaxt üzrə yaşayın (yatın, yeyin) - orqanizm saat qurşaqlarının dəyişilməsinə uyğunlaşmağa vaxt tapacaq.
Təyyarədə uzaq yola gedərkən uçuşdan əvvəl orqanizmə istirahət etməyə imkan verin. Bütün görülməmiş işləri tələsik yerinə yetirməyə çalışmayın. Səfərdən əvvəl yaxşı istirahət desinxronoz əlamətlərini yüngülləşdirər.
Adət edilməyən saat qurşağına gəldikdə gündüz yuxusu üçün vaxt ayırmağa çalışın, özünüzü həddən artıq yormayın, mümkün olduqca ağır fiziki və zehni yükdən çəkinin. Müşahidələr göstərmişdir ki, şərqə doğru uçduqda (bu zaman saatın əqrəblərini qabağa çəkmək lazım gəlir), zehni iş qabiliyyəti səhər ən aşağı olur, əksinə, qərbə doğru uçduqda isə axşam azalmış olur. Uzaqda yerləşən, adət edilməmiş saat qurşağına düşdükdə, xüsusən ilk günlər bunu nəzərə almaq lazımdır.
Beləliklə, sağlam həyat tərzinin əsaslarından biri də günün rejimidir. Fəsli bir çox illər bundan əvvəl eşitdiyimiz bir hadisənin təsviri ilə bitirək. Əvvəl elə görünəcək ki, bu, fəslin məzmununa heç də uyğun deyil. Amma - sonadək oxuyun.

* * *

Günəşin qurutduğu səhranın yırğalanan qumlarında arxeoloji ekspedisiyanın kiçik düşərgəsi yerləşmişdir.
Nə vaxtsa buralar çiçəklənən sahə imiş. Suvarma kanallarında su şən surətdə guruldayır, tarlalar və bağlar yaşıllaşır məhsuldar torpaq onu becərən zəhmətkeşləri bol mükafatlandırdı. Sonra adamlar bu bərəkətli ölkəni tərk etdilər. Suvarma sistemi tənəzzül etdi, bitkilər qurudu və qızmar sahəni doldurdu. Bu niyə baş verdi? Qum altında basdırılmış sahənin qazıntıları ilə məşğul olan arxeoloqların kiçik qrupu elə bu məsələni həll etməyə çalışırdı.
Cəmi 9 nəfərdən ibarət olan qrup artıq ikinci ay idi ki, çalışırdı ki, qum altında rəngbərəng divar naxışları ilə bəzədilmiş saray divarını aşkar etdi. Bir çox əsrlər bundan əvvəl naməlum sənətkarların əlləri ilə yaradılan şəkillər təsvir edilən şəxslərin ifadəliliyi, rənglərin parlaqlığı və tonların ruhu oxşayan qeyri-adi birləşməsi ilə insanı valeh edirdi. Arxeoloqların hazırladığı rəngli foto şəkilləri rənglərin zənginliyi və parlaqlığı haqqında tam təsəvvür yaratmırdı. Odur ki, qrupun rəisi, gənc alim Fazil Yunusov divar şəkillərinin ən maraqlı hissələrinin surətini kətan üzərində çıxara biləcək bir rəssam axtarıb tapmaq ümidi ilə ekspedisiyanın hər yerdə gedə bilən QAZ maşınında yaxındakı şəhərə yollandı.
Sabahı gün qrupun rəisi artıq öz yoldaşlarını onunla gəlmiş rəssamla tanış edirdi. Boylu-buxunlu, xurmayı saçlı, dəcəl gözləri və qeyri-adi dərəcədə gur səsi olan Vasili Naumoviç Razumov şən surətdə yeni tanışlarının əlini silkələyir və artıq onlara həmin vəziyyətə uyğun gələn lətifə danışırdı.
Sabahı gün səhər Vasili Naumoviç işə başladı. Təcrübəli sənətkarın əlində iş yaxşı gedirdi. Şən, əhli-kef və söhbətcil adam olan rəssam günün axırınadək qrupda, necə deyərlər, öz adamlarından birinə çevrildi.
Axşam gərgin iş günündən sonra, düşərgədə uzun müddət adamların şən səsi kəsilmirdi. Düzdür Vasili Naumoviç öz zarafat və hekayətləri ilə cəmiyyəti yalnız axşam saat onadək əyləndirirdi. Bu vaxt o, yatağa uzanır və dərhal yuxuya gedirdi, səhər isə hamıdan tez dururdu.
Bir dəfə rəssam ölümündən iyirmi ildən çox keçmiş məşhur yazıçı ilə görüşü haqqında danışırdı.
- Bəs o vaxt sizin neçə yaşınız var idi? - deyə arxeoloqlar təəccübləndilər. - Axı indi sizə otuz beş-otuz səkkizdən artıq yaş vermək olmaz.
- İndi mənim yaşım düz altmış üç yaş dörd ay və on səkkiz gündür, - deyə rəssam cavab verdi.
- Ola bilməz! - deyə arxeoloqlar təəccübləndilər.
- Niyə ki? Şəhərdə soruşun - mənim böyük nəvəm artıq məktəbi qurtarır. İstəsəniz, pasportumu göstərə bilərəm!
- Bəs siz buna necə nail olmusunuz? Altmış üç yaş - amma heç bir qırışıq, heç bir ağ saçınız yoxdur, idmançı qaməti, belə gur səs! Bu nədir, sizə cin-şeytanmı kömək edir?
- Cin-şeytan niyə? Mənim üsulum çox asandır: hər gün səhər saat altıda bir stəkan qaynamış su və bundan sonra daha uzanıb yatmamaq.
Rəssam kirimiş arxeoloqlara belə bir hekayə nəql elədi:
- Mən varlı ailədə doğulmuş, nərmə-nazik və tez-tez xəstələnən uşaq olmuşam. On səkkiz yaşda vərəmlə xəstələnmişəm. Krıma, hətta xaricə - Fransa dəniz sahilinə getmək sağalmağıma kömək etmədi. Xaricdən doğma şəhərə qayıdarkən yolda Sankt-Peterburqda qaldım - o vaxt Leninqrad belə adlanırdı. Orada özümü çox pis hiss edib xüsusi praktika ilə məşğul olan həkimə müraciət etdim.
Arıq, qaradinməz qoca məni qəbul etdi, uzun müddət döyəclədi və qulaq asdı, qaşqabağını tökdü, sonra mənə geyinməyi təklif edib, kresloya oturdu və dedi:
- Bilirsinizmi, cavan oğlan, sizə dərman verməyəcəyəm - dərmanlar kömək etməz. Ancaq sizə verəcəyim məsləhətə əməl etsəniz, bir ildən sonra, bəlkə daha tez tamamilə salamat olacaqsınız.
Bu, çox sadə məsləhət idi. Həkim tapşırdı ki, hər səhər düz saat altıda bir böyük alma yeyim və bundan sonra daha yatağa uzanmayım. O məni xəbərdar etdi ki, bu məsləhəti, bir dəfə də olsa, pozan kimi bütün əvvəlki müalicə heçə çıxa bilər.
Buna nə deyirsiniz? Bir ildən, yarım ildən yox, üç aydan sonra mən artıq xeyli möhkəmləndim. Getdikcə daha yaxşı oldu, amma budur fəlakət baş verdi. Müharibə başlandı, sonra isə bərbad vəziyyət, aclıq, qışda mənim doğma şəhərimdə alma tapmaq indi, məsələn, kokos qozu əldə etməkdən heç də asan deyildi. Təsəvvür edin ki, sağlamlığım sürətlə pisləşməyə başladı. Xoşbəxtlikdən, bir vaxt mənə məsləhət vermiş həkimlə görüşə bildim. O, yenidən məni dinlədi, çoxlu suallar verdi, amma daha qaşqabağını sallamadı və dedi ki, indi almasız da keçinə bilərəm - bir stəkan qaynanmış su onu tamamilə əvəz edər.
Budur, artıq qırx ilə yaxındır ki, hər gün səhər saat altıda bir stəkan qaynanmış su içirəm, nəticəsi də ki, gördüyünüz kimi, pis deyil.
Bu əhvalat çox qeyri-adi idi, inanmaq olmurdu. Həmin gün də, sabahı da arxeoloqlar dəfələrlə rəssamdan söz almağa çalışırdılar:
- Axı yəqin ki, daha nəsə olmuşdur. Ola bilməz ki, hamımızın içdiyi su belə şəfaedici təsir kəsb etsin.
Rəssam ancaq əllərini yelləyirdi. Onun özü üçün də aydın deyildi ki, gündə bir stəkan su altmış üç yaşa cismani və mənəvi cəhətdən cavan qalmasına necə kömək etmişdir?
Arxeoloji ekspedisiyanın işi qaydası ilə gedirdi. İşlərin qurtarmasınadək bir aydan azca artıq vaxt qalmışdı.
Amma bir dəfə zəlzələ oldu və ekspedisiyaya bərk zərər vurdu. Radio stansiyası sıradan çıxdı, onların "böyük torpağa" getdikləri kiçik kərpic uçuldu, başlıcası isə - ekspedisiyanı su ilə təchiz edən quyunun suyu boşaldı.
Qrup çətin vəziyyətdə qaldı. Əlbəttə, qazıntıları kəsib, iki, üç dəfəyə adamları və şeyləri dağılmış körpünün yanına daşımaq olardı, oradan isə "böyük torpaq" lap yaxın idi. Lakin vəziyyətdən çıxmağın bu sadə üsulu entuziastların heç ağlına da gəlmirdi: ekspedisiya, işlərinin planını yerinə yetirməmək haqqında söhbət belə ola bilməzdi. Bakda bir qədər suyun qaldığını və ehtiyatla işətdikdə bunun bəlkə də, hələ üç gün çatacağını görən qrup rəisi ekspedisiyanın ərzaq və su ilə təchiz edilməsini qaydaya salmaq üçün yüksüz "böyük torpağı" yollandı.
İndi səhər yeməyinin və naharın hazırlanmasına sərf olunandan əlavə ekspedisiyanın hər bir üzvünə gündə cəmi bir stəkan su verilirdi, amma iş adi qaydasında gedirdi. İsti dözülməz bir vaxtda bir stəkan su ilə keçinmək çətin idi. Amma dözürdülər - bilirdilər ki, bu çox çəkməyəcək.
Vasili Naumoviç də işləyirdi. Amma o daha əvvəlki kimi çox danışmır, tez-tez fikrə gedirdi. Gözlərini boşluğa zilləyib, sanki nəyə isə qulaq asaraq sakitcə otururdu. İkinci günün axşamı o həmişəkindən tez yatağa uzandı, amma uzun müddət yuxuya gedə bilmədi. Səhər o yeməkdən imtina etdi, işə başladı, lakin tezliklə işi atıb, yenə də sanki daxilində nəyə isə qulaq verərək, etinasız halda oturdu. Qeydinə qalan yoldaşlarının suallarına qısa cavablar verirdi. Acqarına bir stəkan qaynamış sudan məhrum olduğu üçüncü gün, yoldaşları sadəcə olaraq onu tanıya bilmirdilər. Gicgahları ağ saç örtmüş, sifəti bozarmış, alnında qırışlar əmələ gəlmişdi. Səsi tutulmuş və qəribə surətdə cingildəyirdi. Vasili Naumoviç yataqdan qalxmır və şikayət edirdi ki, çətinliklə nəfəs alır.
Yoldaşlarından heç birinin ağlına gəlməzdi ki, belə gözlənilməz nasazlığın səbəbi qısa müddət ərzində məcburi surətdə bir stəkan sudan məhrum olmaqdır. Vasili Naumoviç özü isə yoldaşlarına onlara düşən suyun bir hissəsindən məhrum etməmək üçün bu haqda deməyə utanırdı.
Dördüncü gün düşərgə üzərində təyyarə hərlənməyə başladı, amma qum üzərinə enmək barədə söhbət belə ola bilməzdi. Təyyarədən içində su olan kanistrlər və kisələrdə ərzaq tulladılar. Körpü bərpa edildi və axşam ekspedisiyanın rəisi qayıtdı. O, düşərgədə işin kəsilmədiyini görüb, sakit oldu, amma bu vaxt gözü açılıb-bükülən çarpayı üzərində hərəkətsiz uzanmış Vasili Naumoviçə sataşdı.
- Halım pisdir..., ürəyim..., nəfəs almaq çətindir..., - deyə o, səssiz surətdə pıçıldadı.
- Əzizim, sizə nə olub? Yəqin, bədəninizə çox isti olub?
- Yox... su... üç gün səhərlər su içməmişəm.
Heç inanmaq olmurdu ki, cəmi üç gün səhər acqarına bir stəkan sudan məhrum olmaq belə güclü adamın halını poza bilər. Səhər Vasili Naumoviçi şəhərə aparmağı qərara aldılar. Elə həmin gün saat altıda o öz bir stəkan qaynayan suyunu aldı və özünü bir qədər gümrah hiss etdi. Amma yeni çətinlik qarşıya çıxdı QAZ maşınını işə sala bilmədilər, bu, sabahı gün də mümkün olmadı. Bir gün də keçdikdən sonra maşını işə saldıqda isə Vasili Naumoviçi şəhərə göndərməyə artıq ehtiyac yox idi. O, düşərgədə gəzir, söhbət edir, hətta bir qədər işləyirdi. Daha ürəyini tutmurdu, üzündə təbəssüm görünməyə başladı. Daha bir neçə gündən sonra gicgahlarındakı azca ağ saçlardan, alnında və ağız bucaqları yanında çətinliklə hiss edilən qırışlardan başqa Vasili Naumoviçin keçirdiyi qəribə xəstəliyi heç nə xatırlatmırdı.
İşlərini qurtarıb, arxeoloqlar toplanmış materialları yerində işləmək üçün instituta qayıtdılar. Vasili Naumoviç də doğma şəhərə qayıtdı.
Bu qəribə hadisə barədə eşitdikdə biz çox arzu etdik ki, rəssamla görüşüb, ona bir neçə sual verək. Bütün eşitdiklərimiz bizə çox ağlasığmaz görünürdü. Təxminən on il sonra onunla - sifətindən orta yaşdan artıq görünməyən möhkəm bədənli sağlam kişi görüşüb söhbət etdikdə başa düşdük ki, bir stəkan qaynanmış su ahıl şəxsə zahirən cavan qalmağa kömək etmiş, həmin bir stəkan sudan bir neçə gün məhrum olmaq isə onu az qala qocaltmışdır.
Keçmişdəki alma kimi qaynamış suyun da özlüyündə heç bir əhəmiyyəti yox idi. Vacib olan başqa şeydir. Qoca həkimin məsləhətinə ciddi əməl edərək rəssam hər gün səhər saat altıda yataqdan qalxırmış. Belə tezdən qalxmaq üçün axşam tez də yatmaq lazımdır. Odur ki, hələ yeniyetmə vaxtından Vasili Naumoviç vərdişlərini dəyişdirərək bütün həyat rejimini tez yatmaq və səhər tezdən qalxmaq zərurətinə tabe etmişdir. O, axşam görülən bütün işlərdən çəkinir, axşam teatra və konsertə getməkdən imtina edir, gedirsə də, ikinci pərdədən sonra tamaşanı tərk edir ki, vaxtında yatağa uzansın, gecələr də məclislərdə iştirak etməkdən inadla boyun qaçırır, papiros çəkmir, ağzına spirtli içki almır, cinsi həyatda nəfsini saxlayır. Təmiz havada olmağın yuxuya yaxşı təsir etdiyini görərək, o, mənzərəçi rəssam peşəsini seçir. Şam etmir - yenə də ona görə ki, doyumlu axşam yeməyindən sonra adam pis yatır və səhər yataqdan qalxmaq çətin olur. Tədricən o özünü sadə, asan mənimsənilən qidaya öyrətmişdir, həddən çox yemir, hətta heç vaxt doyunca da yemir. Bax beləliklə, tədricən yaranan ciddi və son dərəcə sağlam həyat tərzi son nəticə etibarilə ona altmış üç yaşda otuz beş yaşdakı kimi görünməyə kömək etmişdir. Biz onunla görüşəndə artıq yaşı yetmişi keçsə də, ona qırx beşdən artıq yaş vermək olmazdı.
Bir çox illər bundan əvvəl Vasili Naumoviçə hər gün səhər saat altıda bir alma yeməyi məsləhət görən, sonra isə bunu bir stəkan qaynanmış su ilə əvəz etməyə icazə verən həkim də bütün bunları nəzərdə tutmuşdur. Qoca həkim insan təbiəti ilə yaxşı tanış imiş. İradəsiz, asan təlqin olunan gəncə nəsə qeyri-adi, gözlənilməz bir məsləhət vermək, onu "karıxdırmaq" lazım idi, həkim ona məhz belə məsləhət vermişdir. Həkim başa düşmüşdür ki, bunun əvəzinə yeniyetmə uşağa sağlam həyat tərzinin faydası haqqında mühazirə oxusa, o, sonadək mühazirəyə qulaq assa da, arzusuna çatmamış kimi gedəcək və başqa, daha yaxşı bilən həkimlər, yeni dərmanlar axtarmaqda davam edəcək. Bunlar isə onu xilas edə bilməyəcəkdir.
Vasili Naumoviç həkimin məsləhətindəki dərin mənanı dərk etməyərək zərərsiz bir stəkan qaynanmış suyun şəfaverici xüsusiyyətinə inanmış və buna hazır olmuşdur ki, həmin bir stəkan sudan məhrum olsa, hökmən xəstələnəcək. İnsan təkidlə özündə xəstəlik axtarsa, hökmən xəstəliyin baş verəcəyinə özünü inandırsa, ən möhkəm sağlamlıq da pozula bilər. Belə hallarda asan təlqin olunan şəxslərin sağlamlığı xüsusilə tez pozulur ki, Vasili Naumoviç də belə şəxslərdən olmuşdur.
Onunla söhbət edərkən daim fikirləşirdik: sağlamlığın möhkəm olması və "idmançı" forması üçün qaynanmış suya deyil, ağıllı gün rejiminə borclu olduğunu ona deyək ya deməyək. Ehtiyat edirdik ki, bir stəkan suda olan inamını itirdikdən sonra ciddi rejimin sağlamlaşdırıcı əhəmiyyətinə də inanmaz, daha səhər saat altıda durmaz və özü üçün yaratdığı sağlam həyat tərzi pozular. Qoy inansın! Həm də axı bir stəkan qaynanmış suyun tapılmadığı vəziyyət çox nadir hadisədir və onun həyatında, yəqin ki, belə vəziyyət bir də yaranmaz.

Müəllif: Qasımov Maqsud Səfər oğlu,Azərbaycan Tibb Universitetinin kommunal və qidalanma gigyena kafedrasının professoru
Mənbə: Sağlam həyat tərzi uğrunda

Top