Çox işləmək

Çox işləmək

Müasir işgüzar insanı qayda-qanuna rəğbət, məsuliyyət hissi, inadkarlıq və səbirli olmaq kimi məziyyətlər fərqləndirir. Əslində, burada xoşagəlməz heç nə olmasa da, durmadan artan səhv etmək qorxusu, istirahət etməyi, rahatlanmağı bacarmamaq hissi son nəticədə ağır stressə, qan təzyiqinin yüksəlməsinə, çəkinin artmasına, alkoqollu içkilərə və nikotinə aludə olmağa gətirib çıxarır.
İfrat işgüzarlıq çox vaxt insanın heç kimin işin öhdəsindən onun kimi yaxşı gələ bilməyəcəyi barədə yanlış qənaəti, onun həmkarlarının təcrübəsinə etinasız yanaşması nəticəsində yaranır.

Psixoloqlar bu xəstəliyin inkişafını dörd mərhələyə bölürlər. İlkin mərhələ adətən hiss olunmadan keçir. İşdə ləngiyir, boş vaxtlarında iş barədə düşünürsən. Ən ağırı ikinci mərhələdir. Bu zaman işə o qədər bağlanırsan ki, onsuz bir anını belə təsəvvür etmirsən. Nəticədə xroniki yorğunluq yaranır, yuxu sistemi pozulur. Növbəti mərhələ xroniki mərhələdir. Öz çiyninə o qədər yük götürürsən ki, öhdəsindən gələ bilmirsən. Sonuncu dördüncü mərhələdə isə xəstəliklərin cənginə düşürsən, iş qabiliyyətin azalır, həm fiziki, həm emosional baxımdan ruh düşkünlüyünə qapılırsan və hətta ölüm təhlükəsi ilə üzləşirsən.

Alimlər bildirir ki, xüsusilə uzun müddət eyni vəziyyətdə oturaraq işləmək insanı məhv edir. «Özünü pis hiss edərkən və ya stress keçirərkən məzuniyyətə çıxmağa həvəs göstərməyən işçilər özlərinə necə qəsd etdiklərinin fərqində deyillər», — deyə alimlər bildirir: «Nəticədə bu insanlar kürəkdə uzunmüddətli və ya xroniki ağrılardan, piylənmədən, depressiyadan, ürək çatışmazlığı və ya insultdan əziyyət çəkirlər».

Müəllif: Azertag agentliyi

Top