Orqanizmin təbii vəziyyəti - fəaliyyətdir. Bu müddəa həm bütün orqanizm, həm də hər hansı orqan və hüceyrə üçün qüvvədədir. Lakin fəaliyyət olan yerdə istirahət etmək zərurəti də yaranır. İnsan orqanizmini nəzərdən keçirək. Əzələlər, sinir hüceyrələri işləyir, amma istirahət də edirlər. Eləcə də böyrəklər, qara ciyər, mədə.
* * * "İnsan istirahət edir ki, daha yaxşı işləsin" - həyatın mənasını zəhmətdə görən adamlar belə deyirlərsə, digərləri "İnsan işləyir ki, istirahət etməyə imkanı olsun" - deyir. Bu qismə, necə deyərlər, "tənbəl" fəlsəfəsinin tərəfdarları aiddir. Onlara elə gəlir ki, yalnız istirahət vaxtı, məşğuliyyət seçməkdə azad olarkən insan özünü ifadə etmək, öz mənliyini aşkar etmək üçün ən münasib şərait əldə edir. Biz "tənbəl" fəlsəfəni qəbul edə bilmərik. Hər baxımdan münasib şəraitdə yerinə yetirilən düşünülmüş, gücü çatan ictimai faydalı iş insanın təbii tələbatı, yaşamaq üçün zəruri şərtidir. Görkəmli mütəfəkkirlər insan həyatında əməyin rolunu məhz belə qiymətləndirmişlər. Elm təsdiq edir ki, əmək - sağlamlıq və uzunömürlülük amilidir. Bundan başqa, əmək istirahətin həsr edilə biləcəyi hər hansı digər məşğuliyyətdə daha çox insana özünü, öz mənliyini aşkar etməyə imkan verir. Müəllif: Qasımov Maqsud Səfər oğlu,Azərbaycan Tibb Universitetinin kommunal və qidalanma gigyena kafedrasının professoru
Amma ürək elə bil ki, bütün ömür boyu (hətta 80, 100 il yaşasan da) istirahətsiz işləyən orqandır. Lakin bu yalnız ilk baxışda belə görünür. Ürək əzələsi yığılır, müəyyən qədər qanı damar şəbəkəsinə vurur və boşalır. Bu, bir dəqiqədə 60-70 dəfə və bəzən daha çox təkrar olunur. Əzələlərin boşalması elə ürəyin istirahətidir. Bu anlar ərzində ürək əzələsi də, onun fəaliyyətini idarə edən sinir hüceyrələri də istirahət edir.
Əmək və istirahət bir-biri ilə möhkəm bağlıdır, necə deyərlər, bir medalın iki üzüdür. Bundan əlavə, fəaliyyəti orqanizmin, orqanın, hüceyrənin təbii vəziyyəti kimi başa düşərək etiraf etməliyik ki, istirahət həmin fəaliyyətin ayrılmaz hissəsidir. İstirahət yoxdursa, sağlamlıq kəskin surətdə pozulacaq və belə bir an çatacaqdır ki, fəaliyyəti davam etdirmək mümkün olmayacaq, hətta orqanizmin, orqanın, hüceyrənin ağır zədələnmək, məhv olma təhlükəsi yaranacaqdır.
İş günü və iş həftəsi müddətinin azalması, əhaliyə məişət xidməti müəssisə və idarələri şəbəkəsinin inkişafı, məişət texnikasının yayılması, nəqliyyatın, rabitənin inkişafı - bütün bunlar insanların istirahət üçün istifadə edə biləcəkləri vaxt ehtiyatını xeyli artırdı. Həmkarlar konfederasiyası, digər ictimai təşkilatlar, müəssisə və idarələrin rəhbərliyi ilə birlikdə işçilərin istirahətini təşkil etmək üçün çox iş görürlər, xüsusi istirahət müəssisələri (istirahət evləri, pansionatlar, turist bazaları, idman düşərgələri və bir çox başqaları) şəbəkəsi tədricən genişlənir. Yeni-yeni turist marşrutları yaradılır, kütləvi istirahət üçün yeni yerlər mənimsənilir, istirahət şəraitini yaxşılaşdırmaq üçün nəzərdə tutulan məmulatların istehsalı artırılır.
Bununla belə, istehsalatda, idarə və müəssisələrdə çalışan işçilərin, tələbə və şagirdlərin böyük bir qismi istirahət günlərindən və saatlarından səmərəli istifadə etmirlər. Bəziləri üçün istirahət tam fəaliyyətsizliyə çevrilir, başqaları istirahət vaxtını əsasən süfrə başında keçirir, üçüncülər tədricən, gündən-günə yerinə yetirilə biləcək müxtəlif ev işlərini istirahət və ya məzuniyyət günlərinə saxlayırlar. Bununla belə, asudə vaxtdan düzgün istifadə edilməməsi iş günü, həftə və ya il ərzində əmək prosesində inkişaf etmiş yorğunluğun tam aradan qalxmamasına səbəb olur, həddən artıq yorulmaq təhlükəsi yaranır ki, bu da məlum olduğu kimi, xəstəliklərə doğru yol açır. Öz istirahətini düzgün təşkil etmək sağlam həyat tərzinin əsas ünsürlərindən biri olub, xəstələnmənin azaldılmasına və ömrün uzadılmasına səbəb olur.
Həm fiziki (əzələ), həm də zehni (sırf sinir fəaliyyəti) əmək beyin qabığını əmələ gətirən sinir hüceyrələrində baş verən dəyişikliklərlə əlaqədardır. Hər hansı işi yerinə yetirməyə başlamazdan əvvəl sinir hüceyrələri qrupu sanki fəaliyyət üçün siqnal və ya qıcıq alır, orada oyanma törənir. Əzələ işi zamanı oyanmış sinir hüceyrələri müvafiq siqnalları (impulslar) sinir lifləri üzrə əzələlərə göndərir, əzələlər yığılır, nəzərdə tutulmuş iş yerinə yetirilir. İş yerinə yetirilərkən impulslar bir-birinin ardınca gəlir, sinir hüceyrələrində oyanma halı mühafizə edilir. Bu hal həddindən artıq uzun müddət saxlansa, sinir hüceyrələrinin məhv olmaq təhlükəsi yaranır. Lakin sinir hüceyrələrinin qəribə xüsusiyyəti vardır, avtomatik olaraq oyanma halından ləngimə və ya sakitlik halına keçə bilir, bu zaman onlar nə qıcıqları qəbul edir, nə də işləyən əzələlərə impulslar göndərə bilmədiklərindən sanki özlərini təcrid edirlər.
Əvvəlcə sinir hüceyrələrinin kiçik bir qrupunda törənmiş oyanma prosesi getdikcə daha çox siniflərə yayılaraq bir azdan beyin qabığının tam bir sahəsini əhatə edir. Nəticədə əzələlərə göndərilən impulslar və əzələlərin yığılması zəifləyir, müxtəlif əzələlərin işindəki, deməli, həm də hərəkətlərindəki koordinasiya pozulur, hərəkətlər öz məqsədyönlüyünü, dəqiqliyini itirir. Bütün bunları yorğunluq hissi əks etdirir. İşi davam etdirdikdə yorğunluq artır, əvvəlcə bu hiss işləyən əzələ qrupuna aid edilirdisə, sonra yorğunluq bütün bədənə yayılır.
Zehni iş zamanı yorğunluğun da mexanizmi buna oxşayır. Oyanmış, işləyən sinir hüceyrələrində törənən ləngimə dərinləşib beyin qabığına daha geniş yayılaraq ümumi yorulma sahəsinə səbəb olur və zehni iş qabiliyyətini azaldır.
Hər iki halda sinir hüceyrələrinin işini, yəni onların idarə etdiyi fiziki və ya zehni işi müvəqqəti dayandırmaq lazımdır. Bu dinclik zamanı sinir hüceyrələrinin oyanması nəticəsində törənən dəyişikliklər aradan qalxır, beyin qabığının və əzələlərin iş qabiliyyəti bərpa olur.
İstirahət qeyri-fəal və fəal ola bilər. Orqanizmin heç bir ünsürünün iştirak etmədiyi şüurlu fəaliyyətin tam, qeyri-fəal istirahəti yuxudur. Lakin fikirsiz, qayğısız yataqda uzanmağı da qeyri-fəal istirahətə misal gətirmək olar. Bu vaxt əzələlər işləmir, fikir heç bir şeyə cəmləşmir, "göz yol çəkir" ya da dalğın halda ətrafdakı əşyaların birindən o birinə keçir. Amma əldə kitab və ya qələm olmadıqda belə fikir işləməyə başlayan kimi və ya gözlər televizorun ekranındakı surəti izlədikcə, yaxud qulaq reproduktordan gələn melodiyanı və ya danışığı qəbul etdikdə istirahət, dərhal fəal istirahət xüsusiyyəti kəsb edir. İstər fiziki, istərsə də zehni iş olsun, hər bir fəaliyyət növü, yorğunluğa səbəb olan işə oxşamırsa, heç olmazsa, özü yorğunluq törədənədək fəal istirahət hesab edilə bilər.
Fəal istirahət, qeyri-fəal istirahətdən çox effektlidir. Vaxtilə görkəmli fizioloq İ.M.Seçenov öz təcrübələri ilə bunu sübut etmişdir. O, bir əllə yerinə yetirilən yorucu işdən sonra iş qabiliyyətinin bərpa olunma müddətlərini öyrənərək müəyyən etmişdir ki, iş qabiliyyəti hər iki əlin tam istirahəti zamanı deyil, əvvəl işləməyən o biri əllə işlədikdə daha tez bərpa olunur. Əzələ işinin və ya zehni fəaliyyətin bir növündən digərinə, xüsusən zehni fəaliyyətdən fiziki fəaliyyətə və əksinə keçdikdə yorğunluq tam istirahətə nisbətən daha tez aradan qalxır. Qeyri-fəal istirahətə nisbətən fəal istirahətin üstünlüyü bundan ibarətdir.
Lakin orqanizmin yuxu şəklində tamamilə qeyri-fəal istirahətə də ehtiyacı vardır. Yuxu zamanı praktiki olaraq bütün beyin qabağını əhatə edən ən tam və dərin ləngimə inkişaf edir. Yuxu - bütün duyğu üzvlərindən siqnalların qəbulu, zehni fəaliyyətin bütün növləri, əzələlərin işi üçün məsul olan beyin qabığının bütün şöbələrinin istirahətidir. Beyinin təkcə şüur fəaliyyəti dayanırsa, şüurun iştirak etmədiyi ürəyin işinin, tənəffüs, həzm və digər proseslərin idarə edilməsi yuxu zamanı da kəsilmir. Yaşlı adamın yuxuya tələbatı sutkada orta hesabla 8 saatdır, halbuki hər iki tərəfə doğru 1-2 saat həddindən tərəddüdlər ola bilər.
Tam dəyərli istirahət yuxu dərin və fasiləsiz olduqda təmin edilir. Bu bir sıra şərtlərə əməl etməklə mümkündür: təmiz hava (pəncərənin və ya nəfəsliyin açıq qalması), sakitlik, qaranlıq, yüngül və yuxu zamanı hərəkətləri məhdudlaşdırmayan alt paltar. Bəzi adamlar işıqda, səs-küy olan yerdə yuxuya getməyə və onların fikrincə, möhkəm yatmağa özlərini öyrəşdirir, həm də təsdiq edirlər ki, belə şərait gözəl yatıb yuxularını alırlar. Bu, böyük səhvdir. Səs-küy və işığı duyğu üzvləri qəbul edir, müvafiq sinir hüceyrələri qıcıqlanır və deməli, onlarda oyanma halı mühafizə edilir. Beyin qabığının çox hissəsi ləngimiş halda qaldığı üçün insan oyanmaya bilər, lakin istirahət də tam dəyərli olmaz. Düzgün yuxu rejimi (eyni zamanda yatmaq və yuxudan qalxmaq) böyük sağlamlaşdırıcı əhəmiyyətə malikdir. Bəzi şəxslərin gündüz yatmaq adəti zərərli deyil, nahardan sonra 1-1,5 saat yatıb, gecə yuxusunu müvafiq qədər qısaltmaq olar.
Səkkiz saatlıq yuxu insanın qeyri-fəal istirahətə tələbatını ödəyir. Asudə vaxtın qalan hissəsi əsasən istirahətin fəal formalarından ibarət olmalıdır. Lakin fəal istirahət yalnız o zaman qeyri-fəal istirahətdən effektli ola bilər ki, yorğunluğa səbəb olan işin yerinə yetirilməsində iştirak edən sinir hüceyrələrinə düşən yüklə əlaqədar olmasın. Məsələn, ağır şey daşımaq zehni işin törətdiyi yorğunluğu aradan qaldırır, lakin yer qazdıqdan sonra ağır yük daşımaq istirahət hesab edilə bilməz, çünki fiziki əməyin bu iki növü zamanı bədənin və ətrafların eyni əzələlərinə və deməli, onların fəaliyyətini tənzimləyən sinir hüceyrələrinə böyük yük düşür. Eynilə siyasi ədəbiyyat oxumaq elmi ədəbiyyat və ya dərslik oxumaq nəticəsində törənən yorğunluğu aradan qaldıra bilməz, çünki hər iki halda yük eyni sinir hüceyrələrinə düşür.
Beləliklə, fəal istirahət aşağıdakı üç xüsusiyyətə malik olduqda səmərə verir:
a) fəal istirahəti təşkil edən fəaliyyət öz xarakterinə görə vərdiş edilmiş peşə fəaliyyətindən kəskin fərqlənsin;
b) əsasən hər hansı əzələ işindən ibarət olsun;
c) onu təşkil edən məşğələlər son dərəcə müxtəlif olsun.
Fəal istirahətin müxtəlif formaları arasında "sakit" və "hərəki" formalar ayırd edilir. Kitab oxumaqla, televizor ekranı qarşısında istirahət, stolüstü oyunlar, göz oxşayan gözəl mənzərələri, memarlıq və incəsənət abidələri seyr etmək - sakit istirahət nümunələridir. İdman oyunları, fiziki məşğələlər, idmanın bütün növləri (şahmat və dama kimi stolüstü oyunlardan başqa), gəzinti, bağda və bostanda işləmək, müxtəlif ev işləri evdar qadınların fəaliyyətinin əsas formasını təşkil etdiyindən istirahət hesab edilə bilməz. Ev işlərinin bütün ailə üzvləri arasında az-çox bərabər bölüşdürülmədiyi, ələlxüsus çoxuşaqlı ailələrdə də bunlar istirahət sayılmır. Həm sakit, həm də hərəki istirahət ünsürlərini birləşdirən məşğələlər də mümkündür: ekskursiyalar, muzeylərə getmək, turizmin bir çox formaları və s.
Əməyin xarakterindən, həyat şəraitindən, yaşdan, digər amillərdən asılı olaraq fəal istirahətin ən yüksək effektivliyini onun "sakit" və hərəki" formalarının müxtəlif birləşmələri təmin edir. Orta ağırlıqlı və ya ağır fiziki əməklə məşğul olan şəxslərin istirahət vaxtı balansında istirahətin "sakit" formaları böyük yer tutmalıdır. Eyni şeyi xəstəlikdən zəifləmiş və ya yüngül fiziki əməklə məşğul olan şəxslər üçün istirahətin "hərəki" formaları üstünlük təşkil etməlidir. Uşaq və yeniyetmələrin istirahəti əsasən hərəkətli olmalıdır.
Gündəlik, həftəlik və illik istirahət ayırd edilir.
Gündəlik istirahəti işdə (və ya məktəblərdə) qısa fasilələr, ailədə istirahət, gəzinti, bədən tərbiyəsi və idman məşğələləri, kitab oxumaq, müxtəlif mədəni əyləncələr (televiziya verilişləri, teatr, digər tamaşalar və s.), ev işləri (bunlara dair yuxarıdakı qeydimizi nəzərə almaqla), nəhayət, tam dəyərli yuxu təşkil edir.
İş günü ərzində bəzən 1-2 dəfə, bəzən isə, xüsusi ilə zehni və ya yeknəsəq iş zamanı daha tez-tez, 5-10 dəqiqəlik qısa fasilələr (mikropauza) təkcə yorğunluğu azaltmayıb, həm də işin məhsuldarlığını artırır. Bir sıra istehsalat sahələrində bunlar qanuniləşdirilmişdir. Adətən, uzun sürən mikropauzalara nisbətən qısa, lakin sıx mikropauzaların effekti daha böyük olur. Fəal istirahətin müxtəlif növləri - kitab oxumaq, oynamaq və s. zamanı da mikropauzalar xeyirlidir. Zehni iş zamanı mikropauzalar müxtəlif növ fiziki məşqlərdən ibarət olmalıdır ki, bunları da açıq havada və ya havası dəyişilmiş otaqda yerinə yetirmək lazımdır. Fiziki əməklə də məşğul olduqda mikropauzalar zamanı fiziki məşqlər etmək faydalıdır, ancaq məşqlər elə seçilməlidir ki, əmək prosesində iştirak etməyən əzələlər işləsin. Ağır fiziki əmək zamanı işləyən əzələlərin gərginliyini aradan qaldıran məşqlər (məsələn, əlləri silkələmək) faydalıdır.
Qohumlarla, dostlarla görüşmək, ailə söhbətləri də istirahətin, həm də fəal istirahətin formaları sayıla bilər. Çünki söhbət, fikir və informasiya mübadiləsi zehni işlə əlaqədardır. Təəssüf ki, həyatda insanlar arasındakı ünsiyyət çox vaxt spirtli içkilər də olan bol süfrə başında keçir. Bu, istirahət deyil. Həddən artıq yemək, üstəlik spirtli içkilər, müxtəlif orqan və sistemlər üçün əlavə yük yaradır, istirahətin effektivliyini nəinki artırmır, hətta xeyli azaldır. Əlbəttə, bu, yeməyin həddən artıq doyumlu olmadığı, bir damla da spirtli içkinin işlədilmədiyi, qızğın söhbətlə mahnı və rəqslərin bir-birini əvəzlədiyi məclislərə aid deyildir.
Uşaqların gündəlik istirahətinin təşkili xüsusi diqqət tələb edir. Kitab oxumaq, televiziya verilişlərinə baxmaq və stolüstü oyunlar hərəki istirahətin (açıq havada oyunlar, gəzinti, idman) hesabına olmalıdır. Valideynlərə məsləhət görürük ki, əvvəlcədən həftə ərzində televiziya verilişlərinin proqramı ilə tanış olaraq uşaqlar üçün ən maraqlı və faydalı olanları (3-3,5 saatdan çox olmamaqla) seçsinlər və bir çox uşaqların "mavi ekranda" hər nə göstərilirsə baxmaq meylinin zərərli vərdişə keçməsinə yol verməsinlər.
Birmərtəbəli binaların və nəqliyyatın seyrək olduğu sakit küçələrdə uşaqlar, adətən, özləri bir-biri ilə tanış olur və hərəki oyunlarda birgə iştirak etmək vərdişi qazanırlar. Digər hallarda böyüklər uşaqlara "bir-birini tapmaqda" kömək etməli, onlarda hərəki oyunlara, idmana qarşı həvəs oyatmalı, lazım gəldikdə bu məqsədlə, heç olmazsa, kiçik bir maddi baza (oyun və idman meydançası, idman alətləri və s.) yaratmalıdırlar. Azərbaycanın isti iqlim şəraitində uşaqlar istənilən vaxtı açıq havada istirahət edə bilərlər. Lakin birdən başlanan şaxta da uşaqları isti mənzilə qovmamalıdır. Sadəcə onları daha isti geyindirmək lazımdır ki, soyuq dəyməsin. Unutmaq olmaz ki, həm sağlamlığın, həm də bir çox xroniki xəstəliklərin təməli uşaq vaxtı qoyulur. Az hərəki həyat tərzinə öyrəşmiş uşaqlar, sözün əsl mənasında, xroniki xəstəliklərin erkən inkişaf etməsinə, vaxtından əvvəl qocalmaya məhkumdurlar.
Gündəlik istirahətin düzgün təşkili haqqında deyilənlərin hamısı həftəlik istirahətə də aiddir. Lakin gündəlik istirahətə nisbətən bunun müddəti xeyli uzun - 42 saatdan (altı günlük iş həftəsi zamanı) 64-66 saatadəkdir (beş günlük iş həftəsi zamanı). Bu, həftəlik istirahət vaxtını adət edilən ev şəraitində, şəhərdə deyil, şəhərdən kənarda keçirməyə imkan verir. Şəhər kənarında istirahət şəhər sakinləri, o cümlədən Bakıdan başlayaraq Azərbaycan şəhərlərinin sakinləri arasında geniş yayılmışdır.
Şəhərdə istirahətə nisbətən, xüsusən söhbət müasir böyük şəhərdən gedirsə, şəhər kənarında istirahətin bir sıra mühüm üstünlükləri vardır.
Bunlardan birincisi, bəlkə də, başlıcası - şəhərdən kənarda havanın nisbətən təmiz olmasıdır. Sənayenin və avtomobil nəqliyyatının cəmləşdiyi şəhərlərin havası az və ya çox dərəcədə zərərli tullantılarla çirklənir. Atmosferi çirkləndirən həmin maddələrin sayı çoxdur. Bunların ən mühümü dəm qazıdır. Soba qalamalı olan hər kəs yaxşı bilir ki, sobaya təmiz havanın gəlməsinin qarşısını alan qapağı vaxtından əvvəl bağlamamaq nə qədər vacibdir. Qapaq yanacaq yanıb qurtarmazdan əvvəl bağlanarsa, yanma oksigenin çatışmadığı şəraitdə davam edər və nisbətən zərərsiz karbon qazı əvəzinə zəhərli dəm qazı əmələ gələr. Otaqdakı adamlar yatmamışsa, bir qədər sonra başağrısı hiss edib, başa düşəcəklər ki, qapağı yenidən açıb, otağın havasını yaxşıca dəyişdirmək lazımdır. Onlar artıq yuxuya gediblərsə, dəm qazı ilə ağır və hətta ölümcül zəhərlənə bilərlər.
Atmosferi çirkləndirən digər maddələrin - kömür, neft, qaz kimi yanacaq növləri yanarkən əmələ gələn azot oksidlərinin kükürd oksidini çıxararkən və emalı atmosferə xaric olan karbohidrogenlərin, bəzən lax yumurta qoxusu verən hidrogen - sulfidin, bəzən ammonyakın zəhərli flüor, qurğuşun, civə birləşmələrinin və s. böyük əhəmiyyəti vardır. Hər şey şəhərdə hansı sənaye sahəsinin inkişafından və zəhərli tullantıların
tutulmasının qəbul edilmiş metodlarının nə dərəcədə və effektli olmasından asılıdır.
Artıq demişik ki, istirahət əsasən hərəki, yəni fəal əzələ fəaliyyəti ilə əlaqədar olmalıdır. Lakin əzələ işi zamanı tənəffüs tezləşir və adətən, daha dərin olur ki, bunun da nəticəsində zaman vahidi, məsələn, bir dəqiqə ərzində ağ ciyərlərə daxil olan havanın miqdarı, başqa sözlə desək, ağciyərlərin ventilyasiyası xeyli artır. Təbiidir ki, havada zərərli maddələr olduqda onların orqanizmə daxil olması xeyli (bir neçə dəfə, bəzən hətta 10 dəfə və daha çox) artır. Fəal istirahət üçün şəhər kənarına gedərkən, biz nisbətən təmiz hava vasitəsi ilə orqanizmi bir çox zərərli maddələrin təsirindən mühafizə edirik.
Bundan əlavə, havanı çirkləndirən ən geniş yayılmış maddə olan dəm qazını götürək. Onun zəhərləyici təsiri ağ ciyərlərdən qana keçərək, sürətlə oksigeni orqanizmin bütün toxuma və hüceyrələrinə daşıyan maddə olan hemoqlobulinlə möhkəm birləşməsi ilə əlaqədardır. Sərbəst hemoqlobulinin miqdarı azalır, oksigenin daşınması çətinləşir və hüceyrələrdə oksigen aclığı törənir. Beyin buna qarşı xüsusilə həssasdır, odur ki, dəm qazı ilə zəhərlənmə əvvəlcə başağrısı, sonra isə huş itirməsi ilə təzahür edir. Nə qədər ki, adam çirkli hava şəraitindədir, hemoqlobinin müəyyən miqdarı birləşmiş vəziyyətdə qalır və ən yüngül dərəcədə olsa da, oksigen aclığı saxlanır, heç olmazsa, bir neçə saatlığa şəhərdən kənara çıxan kimi nisbətən təmiz hava şəraitində hemoqlobin tədricən onu birləşdirən dəm qazından azad olur, toxuma və hüceyrələrin oksigenlə təchizatı bərpa olunur.
Şəhər kənarında istirahətin digər mühüm üstünlüyü bundan ibarətdir ki, açıq yerdə istirahətin hərəki formaları üçün daha çox imkan yaranır. Az adam şəhərin küçələrində, hətta Bakının gözəl dənizkənarı parkında qaçmağı özünə rəva bilir, çoxları belə hesab edirlər ki, yoldan ötənlərin gözü qabağında küçə və bulvarlarda qaçmaq ayıbdır və hətta ədəbsizlikdir. Hələ onu demirik ki, hava kifayət qədər təmiz olmadığından, qaçmaq özü də bir səmərə vermir. Futbol, voleybol və s. kimi hərəki oyunlara gəldikdə isə stadionlara hamı yol tapa bilmir, şəhərin küçə və meydanlında isə bu oyunlarla məşğul olmaq, sadəcə olaraq, qeyri-mümkündür. Şəhər kənarında, çimərlikdə, meşə talasında isə sərbəst qaçmaq da, topla oynamaq da olar və bu heç kimi təəccübləndirməz, heç kəs buna xor baxmaz. Hələ bunu demirik ki, şəhər əhalisinin sevdiyi fəal istirahət növlərindən biri olan çimmək, üzməklə bir çox şəhərlərin hüdudunda məşğul olmaq mümkün deyil. Çimmək, üzmək üçün şəhər kənarına getmək lazımdır.
Şəhər kənarında istirahətin daha bir üstünlüyü vardır: şəhər səs-küylüdür, şəhər kənarında, nəqliyyat magistrallarından, böyük sənaye obyektlərindən, az da olsa kənar yerlərdə xeyli sakitlikdir. Çoxumuz səs-küyü lazımınca qiymətləndirmir, belə hesab edirik ki, o yalnız xüsusilə "səs-küylü" istehsalat fəhlələri, məsələn, gəmiqayırma, toxuculuq sexləri, tənəkə banka istehsalı, güclü mühərriklərin sınaqdan keçirildiyi sahələr və s. üçün zərərlidir. Doğrudan da, həmin istehsalat sahələrində illərlə işləyən fəhlələrdə peşə ilə əlaqədar eşitmə qabiliyyəti daim azalaraq karlığın inkişafına səbəb olur. Lakin məsələ yalnız ağıreşitmənin inkişaf etməsi təhlükəsində deyil. Hələ küyün təsiri eşitmə orqanının davamlı dəyişikliklərə səbəb olmazdan daha əvvəl, o sinir sisteminə təsir göstərir. Sinir sisteminin iş qabiliyyəti azalır ki, bu da səhhətin pozulmasının zəiflik, tez yorulma, bəzən başağrısı, əsəbilik, yuxunun pozulması kimi əlamətləri ilə aşkar olur. Orqanizm küydən istirahət etməlidir, belə istirahət isə şəhərdən kənarda mümkündür.
Nəhayət, daha bir məsələ. Şəhərlərdən kənarda təbii mühit nisbətən az pozulmuşdur. Suyu təmiz olan sututarlar (dəniz sahili, çaylar, göllər), nisbətən bol yaşıllıq, bəzi yerlərdə dərə-təpəli və ya dağ relyefi xüsusi gözəllik yaradır. Bir qayda olaraq təbiət öz müxtəlifliyi ilə insanı cəlb edir. Xüsusi qeyd etmək lazımdır ki, yüz minlərlə nəsillərin həyatı boyunca insan gözü müəyyən tərzdə yaşıl rəngə uyğunlaşmışdır, axı, bir vaxt planetimizin, demək olar ki, bütün səthi meşələrlə örtülü olub. Bitkilərin bol olduğu yerlərdə yaşıl fonların üstünlüyü sinir sisteminin istirahəti üçün ən münasib şərait yaradır. Yaşıl rəng sinir sistemini sakitləşdirir, üstəlik təbiətin seyrinə dalmaq insanın estetik hisslərini oyadır və inkişaf etdirir.
Şəhər kənarında istirahətin sağlamlaşdırıcı xüsusiyyətlərini nəzərə alaraq son onilliklərlə böyük və kiçik şəhərlərin lap yaxınlığında şəhərkənarı zonalar yaradılır. Bunların yaradılmasının məqsədi müxtəlifdir. Həmin zonaların hüdudunda kənd təsərrüfatının inkişafı, ilk növbədə, şəhər sakinlərinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəməyə yönəldilir. Bunlarda çirkab sularını, bərk tullantıları təmizləmək və zərərsizləşdirmək üçün qurğular yerləşdirilir, havanın təmiz olduğu böyük yaşıllıqlar yaradılır (və ya mühafizə edilir). Həmin yaşıllıqların üzərindəki hava hövzəsi şəhər üçün sanki təmiz hava ehtiyatının rezervuarı rolunu oynayır. Lakin şəhərkənarı zonaların başlıca vəzifəsi şəhər sakinləri üçün şəraitində, adətən sututarların yaxınlığında istirahətdən ötrü münasibət şəraiti təmin etməkdən ibarətdir.
Bakının da öz şəhərkənarı zonası vardır - bu, bütün Abşeron yarımadasıdır. Şəhər sakinlərinin kütləvi istirahət yerləri, başlıca olaraq, yarımadanın Şimal-Qərb sahilində, onun təxminən Sumqayıt şəhərinin sərhədindən Şimalda QRES-dək uzanan hissəsində cəmləşmişdir. Lakin bakılılar şəhərin bilavasitə yaxınlığında yerləşən Şıx çimərliyindən daha geniş istifadə edirlər. Abşeron yarımadasının şimal sahilinin çimərlikləri Şıx və Bakıdan cənubda yerləşən digər çimərliklərə nisbətən bəzi üstünlüklərə malikdir. Burada hava da, dəniz suyu da nəzərə çarpacaq dərəcədə təmizdir. Lakin yolun xeyli qısa və rahat olduğu Şıx çimərliyində də tam dəyərli istirahət üçün lazımi şərait yaradılmışdır.
Çimərliklərdə, dəniz sahilində istirahət bakılıların çoxunun sevimli istirahət formasıdır. Hava yaxşı olanda burada hər şey, istirahət üçün münasibdir. Hər şeydən əvvəl, gözəl mənzərələr, çimərliklərin qızıl qumu, daim ağ köpüklü dalğaların qaçışdığı yaşıl-mavi dəniz, bəzi yerlərdə çimərliklərə və ya birbaşa dənizə enən qayalar, mavi səma - bütün bunlar rəngarəngliyin sözlə deyilə bilməyən zənginliyini yaradır. Küləksiz havada çətinliklə eşidilən və ruhu oxşayan dalğaların xəfif səsi mənzərələrin gözəlliyini xüsusilə nəzərə çarpdırır. Su kifayət qədər isti olur, demək olar ki, beş ay ərzində - mayın ortasından oktyabrın ortasınadək çimməyə imkan verir. Dənizdə çimmək isə - günəş vannası qəbulu, kölgədə istirahət, hərəki oyunlar və sahildə əyləncələr, şübhəsiz, fəal istirahətin ən yaxşı, sağlamlığı ən çox möhkəmləndirən və yorğunluğu aradan qaldıran formalarındandır.
Bir çox illər ərzində dənizdə çimmək və ya bədəni möhkəmləndirən su proseduralarının müntəzəm qəbulu nəticəsində orqanizmini müəyyən dərəcədə möhkəmləndirmiş şəxslər dəniz suyunun temperaturu 16-17°-yə çatdıqda və hava 18°-dək qızdıqda çimməyə başlaya bilərlər. Qeyri-müntəzəm çimənlər, bədənini möhkəmlətməyənlər isə, yaxşı olar ki, suyun temperaturu 18-19° olduqda çimməyə başlasınlar. Suya, xüsusən soyuq və sərin olduqda, tədricən, tələsmədən girmək, suya çıxmaq məsləhətdir, sonra - bacaranlar üzməyə, bacarmayanlar - dayaz yerdə çimə bilərlər. Çimməyə başladıqda suda az (1-2 dəqiqə) qalmaq və yalnız suyun temperaturu almaq lazımdır ki, havaya nisbətən su istiliyi daha yaxşı keçirir. Buna görə də hətta isti, temperaturu 22° və daha yuxarı olan çox isti suda belə uzun müddət qaldıqda bədən çoxlu istilik itirir, onun həddən artıq soyuması təhlükəsi yaranır. Bunun ilk əlamətləri ("qaz dərisi" deyilən üşümə) göründükdə dərhal sudan çıxıb bədəni yaxşı qurulamaq və bir neçə dəfə hərəkət etmək lazımdır. Havanın istər sərin, istərsə də isti olduğu bütün hallarda sudan çıxarkən yaxşı qurulanmaq lazımdır. Yalnız havanın qızmar olduğu günlərdə çiməndən sonra bədəni silməyib, dərini düz düşən günəş şüaları altında qurutmaq olar.
Dənizdə çimmək hamı üçün faydalıdır. İmkan daxilində müntəzəm (yalnız bunun xüsusilə xoş olduğu çox isti günlərdə deyil), dənizin ləpələnməsi mane olmursa, bütün mövsüm ərzində çimmək lazımdır. Unutmaq olmaz ki, bu yalnız xoş hissiyyat mənbəyi deyil, həm də yüksək effektli sağlamlaşdırıcı amildir.
Hələ qədimdə yunanlar hesab edirdilər ki, "su orqanizmdə baş verən bütün narahatçılığı, iztirabları, təşvişi sanki yuyub aparır". Su nəinki bədənin istiliyinə, eyni zamanda orqanizmin, dərinin toxumalarına mexaniki təsir göstərir, xüsusən üzdükdə, duş qəbul etdikdə bu təsir daha da çox olur.
Adətən su proseduraları səhər idmanından sonra qəbul edilir. Su proseduraları sanki orqanizmi oyadır, gümrahlıq əhvali-ruhiyyəsi yaradır. Yuxudan qabaq isti duş qəbul etmək məsləhətdir, bu yuxunu yaxşılaşdırır, dərinləşdirir. Soyuq duş isə, əksinə yuxunu pozur, pisləşdirir.
Çimmək orqanizm üçün daha intensiv sağlamlaşdırıcı, möhkəmləndirici proseduradır.
Yuyulma (dini) dəstəmaz (alma) - Bu proses insanın bədəninin açıq yerlərinin mikroblarla çirklənmədən qorumaq, təmizləmək deməkdir. Bu yuyulma ilə əldə edilir, bu proseduralar böyük Allah tərəfindən bizə gəlmişdir, böyük allahın nəcib elçisi (səlləllahi əleyhi və alihi və səlləm!) bizi vadar etmişdir ki, gündə bir neçə dəfə daimi olaraq bu proseduranı yerinə yetirək.
İslamda profilaktik təbabətin xüsusiyyətlərindən biri ondan ibarətdir ki, o gigiyenanı pərəstiş dərəcələrinə qaldırır, ona mənəvi cəhətdən mövcud elementi birləşdirir və vəzifəsini möhkəmləndirir, belə vəziyyətə heç bir dünyəvi qanun yetirməz. Böyük Allahın elçisi (səlləllahi əleyhi və alihi və səlləm!) bizə Allahın iradəsini çatdıraraq, bizi məcbur edir ki, 17 növ yuyunmadan istifadə edilsin (çirki bədəndən yumaq və s. nəzərdə tutulur). Bütün bu göstərişlərin yerinə yetirilməsi ilə Allah müsəlmanları insanlar arasında ən təmiz təbəqə səviyyəsinə qaldırır. Allahın elçisi (səlləllahi əleyhi və alihi və səlləm!) demişdir: Allah haqdır. Allah hər bir müsəlmana məsləhət görür ki, 7 gündə bir dəfə yaxşı çimsin, həm bədəni, həm də başı yumaq vacibdir.
Hava və günəş vannalarının sağlamlaşdırıcı əhəmiyyəti böyükdür, halbuki bunların qəbulu zamanı müəyyən dərəcədə ehtiyatlı olmaq lazımdır. Düz düşən günəş şüalarının uzun müddətli təsirindən dəridə törənən yanıq özünü dərhal bildirmir, bəzən şüaların təsiri kəsildikdən bir neçə saat sonra təzahür edir. Odur ki, günəş vannası qəbul edərkən hissə qapılmaq olmaz.
Günəş vannalarına çimməkdən çox əvvəl başlamaq olar. Sakit, günəşli havada 10-12° temperaturda bu, mümkündür, orqanizmi möhkəmlənmiş şəxslər isə havanın daha aşağı temperaturunda başlaya bilərlər. Lakin temperatur yüksək olmadıqda da günəş yanıq törədə bilər. Odur ki, günəş vannası qəbul edərkən 2-3 dəqiqədən başlamaq, hər gün müddəti əvvəlcə 1-2 dəqiqə, 15 dəqiqəyə çatdıqda isə - 3-5 dəqiqə uzatmaq lazımdır.
Günəş vannası qəbul edərkən daim səhhətə və nəbzin tezliyinə nəzarət edilməlidir. Bədənin həddən artıq qızmasının zəiflik və nəbzin tezləşməsi kimi əlamətləri müşahidə edilərkən dərhal günəş vannasını dayandırıb kölgəyə keçmək lazımdır.
Günəş vannası qəbul etdikdə uzanmaqdansa, dayanmaq daha yaxşıdır, lakin ən yaxşısı hərəkətdə olmaqdır: bu vaxt yerimək, qaçmaq, fiziki məşqlərin və hərəki oyunların bütün növləri yarayar. Bununla əzələ enerjisinin itkisi artırılmaqla bərabər, həm də bədən səthi günəş şüalarının təsirinə bərabər surətdə məruz qalır. Başı (hər hansı açıq rəngli və yüngül baş örtüyü, suda isladılmış məhrəba, dəsmal və s. ilə) və xüsusən gözləri günəş şüalarından qorumaq lazımdır.
Günəş vannası qəbul etmək üçün ən münasib vaxt - günün birinci yarısı, təxminən saat 9-11 arasıdır. Bu vaxt hava təmiz, tərkibində su buxarları az olur ki, bunlar da atmosferi çirkləndirən maddələr, xüsusən toz hissəcikləri kimi bədənin ümumi möhkəmlənməsini və günün təsirindən yaxşı yanıb qaralmasını təmin edən ultrabənövşəyi şüaları qismən tutub saxlayır.
Çimərlikdə olarkən günəş vannalarının (kölgədə olmaqla hava vannası) və çimməyin növbələşməsi, bütün bunların sahildə müxtəlif fiziki məşqlərlə birgə edilməsi bədənin möhkəmləndirilməsinin əsas prinsiplərindən birinə - onun kompleks yerinə yetirilməsinə imkan verir. Bu, bədəni möhkəmləndirən üç təbii amilin hamısından (havadan, sudan və günəş şüalarından) eyni zamanda istifadə edilməsini nəzərdə tutur. Lakin dəniz kənarında istirahət edərkən bədəni möhkəmləndirməyin digər prinsiplərini də (fasiləsizlik və ya müntəzəmlik, tədricilik, fərdi yanaşma) unutmaq olmaz.
Çimərlikdə istirahət edərkən çimmək bir adət şəklini almışdır. Lakin suyun, havanın temperaturu aşağı, yaxud dəniz dalğalı olduqda və çimmək mümkün olmadıqda da bu istirahət faydalı və xoş keçir. Dəniz kənarında hərəki oyun və əyləncələr, fiziki məşqlər, hava və günəş vannaları çimərlik mövsümündən kənar vaxtlarda da mümkündür, təki hava yaxşı olsun, hətta havanın temperaturu aşağı, yağmur cüzi olduqda, orta dərəcəli və ya sərin külək əsdikdə də dəniz sahilində gəzmək öz sağlamlaşdırıcı əhəmiyyətini saxlayır və xoş təəssürat yaradır. Dəniz dalğalarının gah sakit pıçıltısına, gah zəhmli gurultusuna qulaq asaraq, dənizin ucsuz-bucaqsız ənginliklərinə diqqətlə baxaraq, gündəlik qayğılardan ayrılaraq təmiz hava ilə nəfəs almaq - qüvvələri bərpa edən, sağlamlığı möhkəmlədən tam dəyərli istirahətdir. Hava yaxşıdırsa, dəniz sahilinə getmək ilin bütün fəsillərində faydalıdır.
Dəniz sahilində istirahət yaxşı olduğu kimi, meşədə istirahət etmək də xoşdur. Bakının, Azərbaycanın digər yerlərinin sakinləri arasında öz asudə vaxtını Şahdağ meşələrində, Xaçmaz, Xudat rayonunun dəniz sahilinin meşəli sahələrində, Şamaxı ətrafında keçirməyin həvəskarı az deyildir. Təəssüf ki, Bakının şəhərətrafı zonasında hələlik meşə yoxdur. Düzdür, Abşeron yarımadasının mərkəzi hissələrində artıq on minlərlə hektar sahələrdə ağac əkilmişdir, ancaq bunlar böyüyüb yaşıl çətirlərdə gülək uğuldayanadək və meşədə quşlar məskən salanadək hələ çox vaxt keçəcək. Lakin sərnişin nəqliyyatının inkişafı, bakılıların çoxlu şəxsi avtomobillərinin olması çoxuna Bakının şəhərətrafı zonasından, çox uzaqda yerləşmiş meşə massivlərindən istirahət məqsədi ilə istifadə etməyə imkan verir.
Əgər dənizdə istirahət, bir qayda olaraq, təmiz hava şəraitində hesab olunarsa, belə vəziyyət meşədə istirahətə daha çox aiddir. Burada hava xüsusilə təmizdir - yaşıl yarpaqlar onun təmizlənməsinə kömək edir, həm də meşənin havası ətirlər və fitonsidlərlə (bitkilərin ifraz etdiyi havadakı mikroorqanizmlərə məhvedici təsir göstərən uçucu maddələr) zəngindir. Meşə massivlərində hava şəraiti, adətən, yaxındakı açıq yerlərə nisbətən daha yaxşı olur: yayın qızmar vaxtı burada havanın temperaturu 2-3° aşağı, küləyin gücü xeyli az olur. Gözəlliyinə görə meşələr dəniz sahilindən geri qalmır. Artıq deyildiyi kimi, yaşıllıq olan yerdə istirahət sinir sistemini sakitləşdirir. Meşə üçün səciyyəvi olan səslər - yarpaqların xışıltısı, ayaq altda qalan quru budaqların xırçıltısı, quşların cəh-cəhi də sakitləşdirici təsir göstərir.
Dəniz kənarındakı istirahətin bütün formaları, əlbəttə, çimmək istisna olmaqla, meşədə də mümkündür: bura günəş və hava vannaları, hərəki oyun və əyləncələr, gəzinti, "sakit" istirahətin bütün formaları aiddir. Meşədə gəzməyi xüsusilə məsləhət görmək lazımdır. Bu zaman bir ağaclıqdan digərinə, meşənin sıx yerindən seyrək yerə, meşədən çimənliyə keçirkən və relyef dəyişirkən mənzərələrin tez-tez bir-birini əvəz etməsi səciyyəvidir.
Bəzi şəhər sakinlərini istirahət yeri kimi dağlar cəlb edir. Dağlıq yerdə də yaxşı istirahət etmək olar. Həm də Azərbaycanın dənizkənarı zonasını sanki qərbdən ayrılmaz surətdə əhatə edən yaxın dağların yamacı xeyli məsafədə meşə ilə örtülmüşdür. Buranın da havası çox təmizdir. Çirklənmə mənbələrindən uzaq olmasından, yaşıl yarpaqların təmizləyici rolundan başqa, bir məsələnin də əhəmiyyəti vardır. Atmosferdəki qarışıqların çoxu (toz, dəm qazı, karbohidrogenlər və s.) havadan bir qədər ağır olub, dəniz səviyyəsindən yuxarı qalxdıqca onların konsentrasiyası sürətlə azalır. Bakıdan çıxmadan da bunu görmək olar: şəhərin Bakı buxtası sahilinə yaxın yerləşmiş köhnə mərkəzinə nisbətən Bakı amfiteatrının yuxarı hissələrində, müasir çoxmərtəbəli binaların olduğu rayonlarda hava xeyli təmizdir. Meşələrdə olduğu kimi, dağlarda da istirahətin müxtəlif formaları mümkündür, ancaq burada da gəzintiyə xüsusi əhəmiyyət verilməlidir. Eniş və yoxuşlarda düşüb-qalxaraq gəzmək müasir şəhər sakinləri üçün çatışmayan fiziki yükü təmin edir.
Bakının şəhərkənarı zonasında Abşeron yarımadasının xeyli hissəsini tutan təpələri gəzinti yeri kimi məsləhət görmək olmaz. Bunlar, bir qayda olaraq, yaşıl örtükdən məhrumdur, çox vaxt neft mədənlərinin qonşuluğunda yerləşir, mənzərələri yekrəngdir. Son illərdə şəhərkənarı zonanın ayrı-ayrı sahələrində təpə yamaclarında meşə salınır, ancaq hələlik istirahət üçün şərait yoxdur. Lakin bakılılar şəhərkənarı zonanın hüdudlarından xaricdəki dağlıq yerlərdə, məsələn, Şamaxı ətrafında istirahət etməyi üstün tuturlar. Dəniz sahili və meşə ilə yanaşı, həm də yalnız ilin isti fəsillərində deyil, soyuq aylarda dağda da istirahət etmək olar.
Dəfələrlə qeyd edilmişdir ki, yalnız münasib hava şəraiti zamanı şəhər kənarında istirahətin sağlamlaşdırıcı effekti yüksək olur. Düzdür, məşhur bir mahnıda deyildiyi kimi, "Təbiətdə pis hava olmur". Bədəni yaxşı möhkəmlənmiş adam praktiki olaraq heç olmasa, Azərbaycanda mümkün olan hər hansı havada sağlamlığı üçün zərərsiz olaraq, uzun müddət açıq havada qala bilər. Buna baxmayaraq, havanın bir neçə növü vardır ki, bu zaman açıq havada qalmağın, demək olar ki, sağlamlaşdırıcı effekti və bunu hamıya məsləhət görmək olmaz.
Buraya, ilk növbədə, küləyin sürəti bir saniyədə 10 metr və daha artıq olan hava aiddir. Çox vaxt Abşeron yarımadasında əsən kəskin şimal küləyi Xəzri xüsusilə əlverişsizdir. Şəhərdə çoxmərtəbəli binalar küləyin gücünü zəiflədir və o sanki havanı təmizləyərək atmosferi çirkləndirən maddələrin konsentrasiyasını azaldır. Açıq yerlərdə, o cümlədən çimərliklərdə külək istirahət şəraitini kəskin pisləşdirir, nəfəs almağı və yeriməyi çətinləşdirir, qumu və suyu üzə çırpır, güclü küy yaradır.
Həddən artıq isti, rütubətli hava da əlverişsizdir. Yüksək temperaturla birlikdə yüksək dərəcədə rütubət bürküyə səbəb olur və bədəndən çıxan tərin buxarlanmasına mane olur ki, bu da orqanizmin həddən artıq qızması təhlükəsini törədir. Düz düşən günəş şüaları altında qalma müddəti məhdudlaşdırılarsa, qızmar isti hava şəhər kənarında istirahətə mane olmaz.
Yağıntının (yağış, sulu qar) bol olduğu sərin və soyuq hava da istirahət üçün münasib deyildir. Bu şəraitdə orqanizmin istilik verməsi kəskin artır, bədənin həddən artıq soyuması və soyuqdəymə ilə əlaqədar xəstələnmə təhlükəsi yaranır.
Əksinə, kəskin küləyin və çoxlu yağıntının olmadığı günəşli, azbuludlu, həm isti və orta dərəcədə qızmar, həm də soyuq hava açıq havada qalmaq üçün ən münasibdir. Zəif külək, eləcə də cüzi yağıntı açıq havada qalmaq və deməli, istirahət üçün yararlıdır.
İndiyədək şəhərətrafı zona hüdudlarında qısamüddətli istirahət imkanları haqqında danışırdıq. Lakin Bakının və digər şəhərlərin sakinləri bu zona hüdudlarından kənardakı yerlərdə də istirahət edə bilərlər, nəqliyyat xidməti yaxşı olduqda, xüsusən şəxsi avtomobil varsa, səhər tezdən yola düşdükdə həmin yerlərə gedib, gecələmədən də istirahət etmək olar. Amma xüsusən uzun sürən səfərlərin yorucu olduğunu nəzərə alsaq, dəniz sahilində, meşədə və ya dağda bir neçə saat istirahət etmək üçün oraya getməyə 2-3 saat və daha çox, qayıdan başa da bu qədər vaxt sərf etmək, əlverişsiz vaxt itirmək deyilmi? Odur ki, qısamüddətli istirahət üçün gecələməklə getməyə çalışmaq lazımdır. İstirahət vaxtından tam və səmərəli istifadə etmək üçün istirahət yerinə cümə günü işdən sonra gedib, bazar ertəsi səhər qayıtmaq olar.
Vaxt gələcək ki, gecələməklə şəhər kənarına gedənlər üçün çoxlu mehmanxana və pansionatlar, istirahət və idman bazaları, motel və kempinqlər, villalar və s. olacaq. Hələlik həmin vaxt yetişməyib, şəhərətrafı zonalarda və onların hüdudundan kənarda qısamüddətli istirahət üçün nəzərdə tutulmuş müəssisələr xeyli azdır. Başlıca olaraq, böyük sənaye müəssisələrinin istirahət bazaları vardır. Lakin bunlarda yayda həddən artıq çox adam olursa, qışda bəzən boş qalır. Səbəbi budur ki, adamların çoxu şəhər ətrafında istirahəti sağlamlığı möhkəmləndirmək və iş qabiliyyətini yüksəltmək vasitəsi deyil, yalnız əyləncə, şəhər tikililəri arasında hökm sürən qızmar istidən və bürküdən müvəqqəti də olsa can qurtarmaq imkanı hesab edir. Odur ki, şəhərətrafı istirahət bazalarının bütün il boyu fəaliyyət göstərməsinə nail olmaq vacibdir.
Bəzən şəhər sakinləri gecələməklə həm qısa, həm də uzunmüddətli istirahət üçün şəhər ətrafına gedərkən özləri ilə çadır və ya yatacaq kisəsi götürür, istirahət bazalarının, digər müəssisələrin xidmətindən istifadə etmirlər. Sağlam adamlar üçün istirahətin belə forması özünü tamamilə doğruldur. Şəhərətrafı şəraitdə bir-iki gün və ya daha uzun müddət ərzində qeyri-mütəşəkkil istirahət etmək üçün lazım olan çadırlar, yatacaq kisələri satışda vardır. Şübhəsiz, tələbat çoxaldıqda onların istehsalı da artırılacaqdır.
Uzunmüddətli, illik istirahəti təşkil edərkən də qeyri-fəal istirahətə nisbətən istirahətin fəal formalarına üstünlük verilməlidir. İstirahət formalarının son dərəcə müxtəlifliyinə çalışmaq lazımdır. Zehni və ya yüngül fiziki əməklə məşğul olanların, eləcə də şagirdlərin istirahət vaxtının maksimal hissəsi əzələlər üçün yükü təmin edən hərəki istirahət formalarına sərf olunmalıdır. Açıq havada (xüsusən hava yaxşı olduqda) mümkün qədər çox qalmaq lazımdır. Lakin illik istirahətin daha müddətli olması oxucuları hələ aydınlaşdırılmamış bəzi məsələlərə diqqət yetirməyə məcbur edir.
Bu, hər şeydən əvvəl, uzunmüddətli istirahət üçün daimi yaşayış yerindən çox uzaqdakı başqa yerə getməyin məqsədəuyğunluğu məsələsidir. Sağlamlığı pozulmuş şəxslərdə iqlim şəraitinin kəskin dəyişilməsi bəzi hallarda sağlamlığı pisləşdirə bilər və ona görə də bu məsələ yalnız həkimlə məsləhətləşdikdən sonra həll edilməlidir. Sağlamlıq pisləşməsə də, orqanizm vərdiş etmədiyi iqlim şəraitinə öyrənənədək bir neçə gün keçəcəkdir. Həmin uyğunlaşma dövründə müalicə proseduraları (vanna, palçıq və s.) təyin etmək məqsədəuyğun olmadığından, ehtiyacı olanların müalicə müddətini məcburi qısaltmaq lazım gələcək.
Azərbaycan sakinlərinin uzunmüddətli istirahəti üçün respublikanın hüdudlarından xaricə getməsi heç də vacib deyildir. Burada da yaxşı hava şəraiti də təbii sərvətlər nəticəsində ilin həm soyuq, həm də keçid dövründə uzunmüddətli istirahətin yüksək dərəcədə səmərə verdiyi, xoş təəssürat yaratdığı yerlər kifayət qədərdir. Bunlara Xudat-Yalama dənizkənarı zonası, Şamaxı ətrafı, Xızı rayonu dağətəyi, İstisu, Şuşa, Naxçıvan MR-in kurort yerləri, Lənkəran və s. aiddir.
Uzunmüddətli (illik) istirahət vaxtını xüsusi istirahət müəssisələrində və ya turist bazasında, yaxud da "təşkil olunmamış" şəkildə keçirmək olar.
Ölkəmizdə uzunmüddətli istirahət müəssisələrinin geniş şəbəkəsi mövcuddur: sanatoriyalar, istirahət evləri, pansionatlar, turist və idman bazaları və s. Sanatoriyalarda istirahət zamanı müalicə də aparılır və bu, sağlamlığı müxtəlif şəkildə pozulan şəxslərə məsləhət görülür. Sanatoriyada istirahətin sağlamlaşdırıcı əhəmiyyəti təkcə müalicə proseduralarından və münasib təbii iqlim şəraitinin təsirindən ibarət deyildir. Əsas odur ki, sanatoriyada istirahət edənlərin həyatı müəyyən rejimə (yuxu, qida qəbulu, mədəni əyləncələr, digər istirahət növləri hamısı cədvəl üzrə) tabe edilir. Sanatoriyada istirahət edənlərin bir çoxu nizama salınmış həyat tərzinə vərdiş edərək, işə və tədrisə qayıtdıqdan sonra gələcəkdə də müəyyən rejim üzrə yaşamaqda davam edir.
Bir çox digər uzunmüddətli istirahət müəssisələrində (istirahət evlərində, idman, turist düşərgələrində və s.) dincələnlər üçün rejim belə nizama salınmışdır. Çox vaxt uzunmüddətli turist səfərləri zamanı, xüsusən teploxodlarda gün rejiminə riayət edilir. Bu, "təşkil edilmiş" istirahətin, şübhəsiz, məziyyətidir. Bunu gündəlik həyatda rejimə əməl etməyə alışmamış şəxslərə xüsusilə məsləhət görmək lazımdır. Uzunmüddətli istirahət müəssisələrində dincələnlər oradakı rejimə ciddi riayət etməkdən başqa, sonralar da imkan daxilində bu vərdişi mühafizə etməyə çalışmalıdırlar.
Uzunmüddətli istirahətin əla formasına turizmin bütün növləri aiddir. Ölkəmizdə minlərlə gəmi, qatar, avtobus və təyyarə ilə həm də piyada turist marşrutlar hazırlanmışdır. Yeri gəlmişkən, deyək ki, bütün marşrutlarla uzun və ya qısa məsafədə piyada keçidlər nəzərdə tutulmuşdur. Turist səfərlərində istirahət ən müsbət qiymətə layiqdir. Buraya həm əzələ yükünə olan tələbatın ödənilməsi, həm uzun müddət açıq havada qalmaq, təbiətlə bilavasitə təmasda olmaq, həm də memarlıq və incəsənət abidələri ilə tanışlıq, ölkə, onun tarixi, hazırkı vəziyyəti və gələcəyi barədə məlumat alınması aiddir.
İndi bir çoxları məzuniyyət vaxtı şəxsi avtomobillə səfərə çıxır. İstirahətin bu formasının da bir çox üstünlükləri var. Lakin uzunmüddətli sükan arxasında və ya avtomobil salonunda oturmaq özlüyündə nəinki, yorucu, həm də zərərlidir. Odur ki, belə səfərlərdə həm sürücü, həm də sərnişinlər üçün vaxtaşırı fasilələr (yaxşı olar ki, hər saatdan bir 5-10 dəqiqə) zəruridir. Dayanacaq üçün havanın tozlu olmadığı, yaşıllığın bol olduğu və ya sututarların yanındakı yerləri seçmək, fasilə zamanı hərəkət etmək lazımdır (qaçma, üzmə, gimnastika məşqləri və s.). "Bədənin açılışması üçün edilən hərəkətlərdən" savayı, uzun müddət avtomobil sürdükdə digər istirahət formaları da bura daxil edilməlidir.
Hələ öz istirahətini düzgün təşkil etmək vərdişlərinə yiyələnməmiş şəxslərin pansionatlarda, istirahət evlərində, turist səfərlərində və s. təşkil olunmuş istirahət etməsi məsləhətdir. Dincəlməyi, başlıcası, müəyyən rejimə riayət etməyi bacaran sağlam şəxslər tam müstəqil, necə deyərlər, öz təşəbbüsü ilə çadırda, meşədə və ya sututarının yaxınlığında, təbii şərait baxımından və ya digər səbəblərdən cəlbedici olan yerlərdə, özünün və ya dostlarının bağında uğurla istirahət edə bilərlər. Bütün təşkil edilmiş istirahət növlərindən istifadə etmək olar, hər halda, o, fəal, hərəki, əsasən açıq havada keçməlidir.
Birgə istirahət üçün yoldaş seçməyin əhəmiyyəti böyükdür. Yaxşı olar ki, birgə istirahət edənlər ümumi maraq və ya meyllə bir-birinə bağlansın. Tez-tez spirtli içkilər işlətməyə meylli olan yoldaşlardan hər vasitə ilə uzaqlaşmaq lazımdır. Bu zərərli vərdiş bütün digər vərdişlərdən daha yoluxucu olub, istirahətin sağlamlaşdırıcı əhəmiyyətini heçə çıxarır.
Bakı da daxil olmaqla şəhərlərin və iri rayon mərkəzlərinin yaxınlığında, həm də Abşeron yarımadasının sahilində, həm də dərinliyində - Maştağa, Dübəndi, Vişnovka, Zuğulba, Mərdəkan, Bilgəh, Novxanı, Nardaran, Fatmayı, Pirşağı, Kürdəxanı, Sahil, Corat, Sumqayıt və s. yaşayış məntəqələrində şəhər sakinlərinin çoxlu bağ sahələri vardır ki, bunlardan da ailə, çox vaxt həm də qohum və dostlarla birlikdə şəhərətrafı istirahət yeri kimi istifadə edilir. Bağda həm qısa, həm də uzunmüddətli istirahət (xüsusən bağ sahəsində yorucu olmayan əməklə birlikdə), ən müsbət qiymətə layiqdir. Onun sağlamlaşdırıcı əhəmiyyəti şübhəsizdir. Yaxşı olar ki, şəhər sakinləri bağ sahələri almağa daha da çox meyl göstərsinlər.
Bağa yalnız istirahət üçün gələn və bağ sahəsindəki işlərdən azad olanlar öz istirahətlərini hərəkətli etməyə çalışmalıdırlar. Təmiz havada yatmaqdan, bağda oturmaqdan başqa, əzələ enerjisini də sərf etmək lazımdır. Bağ sahələrinin çoxu dəniz sahilindən, digər sututarlardan uzaq deyil, oraya piyada olmasa da, avtobusla və ya daha tez çatmaq olar. Odur ki, bağ sahələrinə gedənlərin hamısına istirahətin mühüm tərkib hissəsi kimi sututara getməyi və sahildə hərəki istirahəti məsləhət görürük. İş vaxtından kənar günlərdə bağa gedib, bağ təsərrüfatını qaydada saxlamaq üçün işləyənlərin də vaxtın bir hissəsini sututarın sahilinə getməyə sərf etməsi məsləhətdir.
İlin isti fəslində bağ sahəsindən sututara piyada getdikdə çalışmaq lazımdır ki, gəzinti günün ən isti vaxtına düşməsin. Çox vaxt yandırıcı günəş şüaları altında açıq yerdə yerimək lazım gəlir. Bəzi şəxslərdə bu, xoşagəlməz hiss törətməkdən başqa, orqanizmin həddən artıq qızmasına səbəb olur.
Müntəzəm surətdə bağ sahəsində işləyənlər də bağda istirahətlə bərabər, sututarlara gedib, sahildə də istirahət etməlidirlər. Düzdür şəhər sakinlərinin çoxu üçün bağ sahəsində iş fəal istirahətin formasıdır. Lakin istirahəti rəngarəngləşdirmək və bağ sahəsində işdən əvvəl və ya sonra sahildə istirahət etmək üçün vaxt ayırmaq, şübhəsiz, hamı üçün faydalıdır.
Şəhər sakinləri arasında ovçuluq və balıq tutmaq, balıqçılıq həvəskarları vardır. Ovçuluq, balıq tutmaq fəal istirahət forması kimi də ən diqqətəlayiqdir, çünki uzun müddət açıq havada qalmaqla, çox vaxt isə həm də çoxlu hərəkət və əzələ yükü ilə əlaqədardır. İstirahətin bu formalarının həvəskarları üçün müəyyən ovçuluq və balıqçılıq bazaları vardır ki, burada istirahət edənlər gecələmək üçün yer və yeməklə təmin edilirlər. Ova və balıq tutmağa təşkil olunmamış şəkildə də getmək olar. Bu halda həm gecələmək, həm də isti xörək yemək üçün lazım olan hər bir şeyi götürmək vacibdir. Xüsusən ilin soyuq fəslində ova və ya balıq tutmağa gedərkən, heç olmazsa, içində isti çay və ya kofe olan termos götürmək lazımdır.
Təbiətin qoynunda istirahət edənlər ona qayğı ilə yanaşmalıdırlar. Təbii sərvətlər tükənməz deyildir. Bəşəriyyət öz təsərrüfat fəaliyyəti prosesində çox vaxt təbiətə dərin, uzun müddət sağalmayan yaralar vurur. Təsadüfi deyildir ki, dövlət sənədlərində təbiətin qorunması işinin yaxşılaşdırılması məsələləri mühüm yer tutur. Təbiətin mühafizəsi yalnız dövlətin vəzifələrindən biri deyil, həm də hər bir vətəndaşın borcudur. Buna görə də təbiətin qoynunda istirahət edərkən nəzərə almaq lazımdır ki, o zərifdir, müxtəlif təsirlərə qarşı çox həssasdır.
Hər şeydən əvvəl ətraf mühiti çirklənməkdən qorumaq lazımdır. Odur ki, qida qalıqları, onların büküldüyü materiallar kimi tullantıları haraya gəldi atmaq olmaz. Bunları səliqə ilə kütləvi istirahət yerlərində olan konteynerlərə, yeşik və zibil qutularına atmaq, bunlar olmadıqda isə kağıza büküb ən yaxın avtobus stansiyasındakı zibil qutusuna aparmaq lazımdır. Tullantıların dənizə və ya hər hansı digər sututarına atılmasına yol vermək olmaz.
Meşədə xüsusilə ehtiyatlı olmaq, çəmənliklərdə otları mümkün qədər az tapdalamaq, çöldə bitən gülləri dərməmək, ağacların budaqlarını sındırmamaq lazımdır. Meşədə tonqal qaladıqda, bunun üçün xüsusi ayrılmış yerlərdən istifadə edilməli və ya ağaclardan, xüsusən qurumuş ağaclardan uzaq yer seçilməlidir. Tonqalı saxlamaq üçün yalnız yerə tökülmüş quru budaqları toplamaq, tonqal daha lazım olmadıqda onu tamam söndürmək, tərk edib gedərkən söndüyünü, közərmədiyini bir daha yoxlamaq lazımdır. Papiros çəkənlər sönməmiş kibrit çöplərini və tənbəkisi közərən papiros kötüklərini haraya gəldi atmamalıdırlar.
Bəzən mənzilin təmiri kimi ağır ev işlərini məzuniyyət vaxtına saxlayırlar. Buna etiraz etmək çətindir - həmin işi istehsalatda gündəlik işlə birgə görməyin çətin olmasından başqa, zehni və ya çox ağır olmayan fiziki işlə məşğul olanlar üçün belə fəal istirahət hətta faydalıdır. Lakin işi elə təşkil etməyə çalışmaq lazımdır ki, xüsusən açıq havada fəal istirahətin digər formaları üçün də vaxt qalsın, həm də ona görə ki, təmir işləri adətən tozun, rənglərin və digər materialların tərkibindəki zərərli maddələrin havanı çirkləndirməsi ilə əlaqədardır. Yol vermək olmaz ki, təmir məzuniyyətdə olan şəxs üçün ağır yükə çevrilib, uzunmüddətli istirahətin bütün əhəmiyyətini heçə çıxarsın.
Ağır fiziki əməklə məşğul olan şəxslərin məzuniyyət vaxtı böyük əzələ qüvvəsi tələb edən işlərə aludə olması məsləhət görülmür, həm gündəlik və həftəlik, həm də illik istirahət vaxtının çox hissəsini onlar istirahətin böyük əzələ qüvvəsi tələb etməyən formalarına ayırmalıdırlar. Eyni zamanda turizmin bütün formaları, gəzinti, çimmək, idman, fəal istirahətin bütün oxşar növləri ağır fiziki əməklə məşğul olanlar üçün də faydalıdır.
Bununla bərabər, istirahəti yalnız iş qabiliyyətinin müəyyən səviyyəsini hifz etmək vasitəsi saymaq düzgün olmazdı. Yaxşı təşkil edilmiş istirahət sağlamlığı möhkəmləndirmək və iş qabiliyyətini bərpa etməklə bərabər özlüyündə bir çox xoş duyğuların, müsbət emosiyaların mənbəyi olub, bununla da məzmunlu etmək iqtidarındadır. Ona görə də bizim şüarımız belədir: istirahət etməyi bacarın!
Mənbə: Sağlam həyat tərzi uğrunda