Gün ərzində müxtəlif səbəblərdən vücudumuz təxminən 3 litrə yaxın su itirir. Bu yalnız tərləmə nəticəsində baş vermir. Vücudumuz nəfəs alıb-verərkən belə su itirir. Sözsüz ki, itirilən su mütləq bərpa olunmalıdır. Bəzən suya olan ehtiyacımızı başqa mayelər və ya yeməklər vasitəsilə bərpa etməyə çalışsaq da, susuzluğumuzu yatıran ən yaxşı maye yenə də sudur.
Sağlam vücuda, böyrəyə, ciyərə sahib olan orta yaşlı insan hər gün təxminən 3 litrə yaxın su içməlidir. Sözsüz ki, bunun miqdarı yaşdan və insandan asılı olaraq dəyişir. Xüsusilə, səhər tezdən yataqdan qalxan kimi bir stəkan su içmək orqanizmi zərərli maddələrdən təmizləyir və sağlam saxlayır.
Yay aylarında bədən isindikcə tərləyib su itirdiyinə görə daha çox su içmək lazımdır. Beləcə vücudun temperaturu tarazlaşır və dəri nəmliyini qoruyub saxlayır.
Su bir nəfəsə deyil, qurtum-qurtum içilməlidir. Xüsusilə, qış aylarında su içdikdə onun temperaturuna diqqət yetirilməlidir. Belə ki, suyun hərarəti bədən temperaturundan aşağı olmazsa, faydası daha çox olar.