Anası o hələ 10 yaşında vəfat etmiş, bir il sonra atası isə başqa qadınla evlənmişdi. Qadın çox xoşxasiyyət bir insan idi. Ancaq balaca oğlan onu heç cür qəbul edə bilmirdi. Ögey ana ona cürbəcür hədiyyələr alır, o da bu hədiyyələri küçəyə atırdı. Qadın onunla danışmaq istəyəndə isə ya ondan qaçır, ya da ən acı sözlərlə ürəyini sındırırdı. Qadın artıq çarəsiz qalmışdı. Axırda dərdini qonşu kəndində yaşayan müdrik bir qocaya açmağı qərara aldı...
Qadın, bir tərəfdən, qocaya başına gələnləri danışır, bir tərəfdən də, göz yaşlarını saxlaya bilmirdi. Qoca diqqətlə onun dediklərini dinlədi və: “ Mən sənə kömək edə bilərəm. Ancaq bir şərtlə ki, gərək mənə üç aslan tükü gətirəsən. Üstəlik, bü tükləri öz əllərinlə qoparmalısan “ , - dedi. Qadın, əvvəlcə, qulaqlarına inanmadı. Çünki aslan kimi vəhşi bir heyvanda bu üç tükü necə qopara bilərdi? Vəziyyətin çox ciddi olduğunu başa düşəndən sonra isə tükləri gətirmək üçün yola çıxdı. Çox keçmədi ki, aslanın yaşadığı meşəyə çatdı. Aslan həm çox böyük, həm də çox ac idi. Üstəlik, dayanmadan nərə çəkirdi. Qadın istər-istəməz qorxdu və arxasına da baxmadan oradan uzaqlaşdı. Ertəsi gün qadın yenə aslanın yanına gəldi. Ancaq o, bu dəfə əliboş deyildi. Özü ilə aslana ət də gətirmişdi. Əti aslanın yaxınlığına qoyub, oradan uzaqlaşdı. Aslan ətin hamısını yedi. Ertəsi gün qadın yenə ət gətirdi. Bu dəfə əti aslana daha yaxın bir yerə qoydu. Aslan bu dəfə də ətin hamısını yedi. Beləliklə, qadın hər gün aslana ət gətirir, aslan da ətin hamısını yeyirdi. Aslan artıq qadının “təhlükəsiz” olduğunu başa düşmüşdü. Onu görən kimi nə qəzəblənir, nə də nərə çəkirdi. Əksinə, bir az da sevinirdi. Bu, bir-iki həftə belə davam etdi...
Bir gün qadın aslanın lap yaxınlığına gəldi. Ona öz əlləri ilə ət verdi. Sonra da aslanı sığallamağa başladı. Axırda da yalından üç tük qopardı. Aslan buna əhəmiyyət belə vermədi...
Qadın qopardığı tükləri götürüb sevinclə qocanın yanına qayıtdı. Tükləri göstərib: “ İndi mən bu tükləri nə edim? “ – deyə soruşdu. Qoca təbəssümlə qadına baxıb: “ Heç bir şey! “ – dedi – “ artıq sən vəhşi bir heyvanla necə davranacağını öyrəndin. İndi eyni şeyi oğlun üçün də et. İnanıram ki, gec-tez onun sevgisini qazanacaqsan “ ..