Yer üzündə elə insan yoxdur ki, o qorxu hissi keçirməsin. "Heç nədən qorxmuram" deyən insanların belə məncə içində qorxduqları nəsə var ki, onu boyunlarına almırlar. Ən xırda qorxudan tutmuş böyüyünəcən, hər birimiz fərqli-fərqli fobiyalara tutuluruq. Uşaq olanda qorxunu ciddi qəbul etmir və buna bir məzə kimi yanaşırdım. Təbii ki, başqalarına yaşatdığım balaca qorxuları nəzərdə tuturam. Amma, böyüdükcə belə hallara tamam başqa cürə yanaşırsan, çünki gözün açılır, çünki daha çox şey öyrənirsən.
Uşaq ikən, xalamqızını qorxutmuşdum. Bir dəfə o mətbəxdə nəsə bişirirdi. Mən sakitcə gəlib, arxadan onun belinə toxunub, “böö” eləmişdim. O an qız elə qışqırdı ki, dəhşətə gəldim. Qışqırmağı normaldıree, sadəcə bu qorxunun təsiri onun üstündə hələ bir 5-10 dəqiqə çəkdi. Oturub ağlayırdı və özünə gələ bilmirdi. Həm də küsəyən qız idi, məndən elə küsmüşdü ki… Mən elə o vaxt söz verdim ki, bir daha heç kimi qorxutmayacağam. İndi həqiqətən də qorxunun çox pis bir şey olduğunu yaxşı anlayıram. Bəzən televiziyada müxtəlif komik verilişləri izləyirəm, hansı ki, bizim üçün komikdir, amma, həmən o adam o an yaman qorxmuşdu və mən izlədikcə bəzən gülsəmdə, yaxşı başa düşürəm ki, bu qorxu gərəksiz bir şeydir, hətta ziyandır. Bəli qorxu orqanizmə çox böyük ziyan vurur. Hər birimizdə müxtəlif fobiyalar var. Nə etsək də bu fobiyalardan yayına bilmirik. Mən məsələn qaranlıqda güzgüyə heç yaxın dura bilmərəm, ən əsası da ki, əlimdə və güzgünün ətrafında şam varsa – əsla…Məncə bu qorxu çoxlarında və bəlkə də hamıda var. İnsanlar bəzən orqanizmləri ilə bağlı bəd xəbər eşitdiklərində də vahiməyə düşürlər. Amma, daha tez sağalmaq üçün ilk öncə bu vahimədən, qorxudan qaçmaq lazımdır. Alimlərin dediyinə görə, bir çox xəstəliklərin yaranma və inkişaf etmə səbəbi məhz qorxudur.Qorxu öz işini beyində görür. Beyin isə öz növbəsində orqanizmə siqnal ötürür. Həmən orqanlar isə, bu siqnaldan lərzəyə gələrək, bunun təsirindən qoruna bilmirlər. Və immun sistemi də, güc də burda yenilirlər. İmmun demişkən, bir sənədli filmdə eşitmişdim ki, kilsələrdəki zınqırovların (zınqırov- sözün məzəsi) səsi adama elə təsir edir, ki, bu immuniteti oyadır və aktivləşdirir.
Fikir versəniz görərsiniz ki, zınqırovların səsindən bədən yaman titrəyir. Demə bu hal da bizdə immuniteti gücləndirir. Nəinki o zınqırovlar, adam özü də adi bir dəmirlə belə prosedurlar keçirə bilər.Təsəvvür edirəm, hərə əlinə bir dəmir alıb, immunitetini artırır))))) - danqadurunq
P.S. Mən zınqırov dedim, amma, bu həm məzə üçün, həm də dorusu həmin şeylərin adını dəqiq bilmədiyimdəndir. Üzürlü sayın.
Qorxu. həm də psixoloji cəhətdən də insana ziyan vurur. İnsan qorxduğu zaman, özündən və ya işindən əmin ola bilmir, düşüncələrini rahatca cəmləşdirə bilmir, hansı ki, bu da insana bir çox məsələlərdə özünü göstərməsi üçün mane olur. Bu zaman qorxunun öz üstümüzdə hökmranlıq etməsinə mane olmalıyıq.
Amma, bir tərəfdən də psixolji qorxu bəlkə də insanları özlərini düşüncələrində olan hansısa səhv əməldən saxlayır. Bəlkə də həyat üçün təhlükəli olan vəziyyətlərdən qoruyur. Yəni insan atmamalı gərəkdiyi bir addım atmaq istəyir, amma, hardasa dərinlərdə düşünür ki, bu düz deyil və qorxu onu bu əməldən saxlaya bilər. Nə bilim bəlkə də yanılıram.