O gecə Madam de Laumes ərinə dedi: «Miskin Svan əvvəlkitək valehedicidir, lakin çox bədbəxt bir görkəmdədir. Siz də şahidi olacaqsınız, belə ki tezliklə şam yeməyi üçün gələcəyinə dair vəd verdi. Əslində, onun kimi bir intellekt sahibi insanın qadın ucbatından əzablara düçar olmasını gülünc hesab edirəm;
Üstəlik, qadının maraqlı bir tərəfi də yoxmuş, gicbəsərin biriymiş» deyə əlavə etdi, eşqi dadmayan insanlara məxsus bir məntiqlə; belə adamlar, ağıllı bir kişi yeganə olaraq kədərlənməyinə dəyəcək qadınlara görə bədbəxt olmalıdır deyə düşünürlər, ki bu da vəba çöpləri qədər kiciçik bir varlığa görə vəba xəstəliyinə yoluxmağa razılıq verməyə bənzəyir. Bu isə çox təəccüblüdür. (“Svanlara tərəf” romanından)
Müstəsnalığın bayağılığa bu formada kölə olmağının bir çox nigahlarda qayda olduğu qənaətinə gəlmək üçün, əksini düşünmək kifayətdir: Elə üstün keyfiyyətlərə malik bir qadın var ki, sarsağın birinin onu ovsunlamasına, onun ən incə sözlərini amansızca qınamasına icazə verir və ən mənasız hoqqabazlıqları qarşısında, sevginin sonsuz tolerantlığıyla özünü itirir. (“Çiçək açan gənc qızların kölgəsində” romanından)
Əslində, hansısa bir gündə görməyi çox istədiyim bir qız kim olursa olsun, o olmadan da digərləri məni həyəcanlandırmağa bəs edirdi; istəklərim gah birinə, gah o birinə yönəlməklə yanaşı – ilk gün bulanıq baxışımdan qaynaqlandığı kimi – onları birləşdirməyə, onları, təqribən olmağa iddialı olduqları, ortaq bir həyatın canlandırdığı fərqli bir dünya halına gətirməyə davam edirdi; onlardan biriylə dostlaşmağa başlasam, sağlamlığın, şüursuzluğun, ehtirasın, mərhəmətsizliyin, zehni olmayan və şadlığın hökm sürdüyü, cavanlaşdırıcı bir kütlənin içinə sıza bilərdim. (mütərəqqi bir bütpərəstin və ya həqiqət axtarışlarında olan xristianın barbarların arasına sızması kimi) (“Çiçək açan gənc qızların kölgəsində” romanından)
Bir qadına aşiq olduqda əslində etdiyimiz şey, əhvalımızı onda əks etdirməkdir; buna görə də vacib olan qadının dəyəri deyil, əhvalın dərinliyidir; adi bir gənc qızın bizdə yaratdığı hisslər sayəsində mənliyimizin ən özəl, ən şəxsi, ən uzaq, ən əsas tərəfləri şüur üzünə çıxa bilər; mükəmməl bir şəxsiyyətin söhbətləri və hətta əsərlərini heyranlıqla seyr etməyin bizə verdiyi zövq bunu edə bilməz. (“Çiçək açan gənc qızların kölgəsində” romanından)
Varlıq problemini həll etməyin yollarından biri də, bizə uzaqdan möhtəşəm və sirli görünən insanlara yaxınlaşıb heç bir sirləri, gözəllikləri olmadığını anlamaqdır; sağlamlığı qorumağın saf-çürük edilmiş fərqli yollarından biridir bu; çox da tövsiyə edilən bir metod olmaya bilər, amma yenə də həyatımıza davam etməyimizi və — ən yaxşısına çatdığımızda və ən yaxşısının çox da qeyri-adi olmadığına bizi inandırmaq şərtiylə, nəyinsə həsrətində olmamağımıza yol verdiyindən – ölümə boyun əyməyimizi təmin edən bir dinclik verir bizə. (“Çiçək açan gənc qızların kölgəsində” romanından)
Bir insan təxəyyülünün — əgər onu əvvəlcə təxəyyülü tanıyıbsa — bu qadınınkı kimi, balaca bir çöhrənin arxasına nələr sığışdırabiləcəyini anlayırdım; halbuki əksini də görürdüm: adi bir formada tanış olunubsa, bunca təxəyyül dolu varlığın maddi, hər cür dəyərdən yoxsul, səfil ünsürlərə parçalandığını da görürdüm. Mən, mənə görə, fahişəxanada iyirmi frankdan artıq dəyərə sahib olan, məndən isə sadəcə iyirmi frank qazanmaq istəyən bu qadın adlanan məxluqun, əgər başlanğıcda sirli, marağa səbəb olacaq, qavranılması, əldə edilməsi qəliz bir varlıq kimi xəyal edilsə, bir milyon frankdan artıq, qibtə ediləcək bütün mövqelərdən yüksək, hətta ailə sevgisindən də artıq dəyəri ola biləcəyini anlayırdım. Şübhəsiz, Robertlə mən eyni uzun çöhrəni görürdük. Amma bu çöhrəyə əsla kəsişməyəcək iki əks yoldan çatmışdıq və əsla eyni üzü görməyəcəkdik. (“Germanta doğru” romanından)
Robert məşuqəsinin demək olar ki, bütün xəyanətlərindən xəbərsiz idi və Raşelin həqiqi həyatıyla-hər gün Robertdən sonra başlayan həyatıyla-müqayisədə, daha əhəmiyyətsiz şeylərə baş sındırırdı. Demək olar ki, heç bir xəyanətini bilmirdi. Bunlar ona danışılsa da Robertin Raşelə olan inamı sarsılmazdı; çünki ən qarışıq cəmiyyətlərdə belə müşahidə olunan tilsimləyici bir təbiəti qanununa, əsasən, insan sevdiyi adamla əlaqədar olaraq bir cəhalət içində yaşayır. (“Germanta doğru” romanından)
Üzündəki ifadələr, sanki, mənim üçün yaradılmış bir dildə yazılmışdı; o mənim həyatımdakı hər şey idi, digər insanlar onun mənə diqtə edəcəyi qiymətləndirməyə bağlı olaraq mövcud idilər sadəcə. (“Sodom və Qomorra” romanından)
Endrinin, özünəməxsus zərif hərəkətlərindən biriylə yanaşaraq başını Albertinanın çiyninə söykəməsini, gözlərini yarıqapalı saxlayaraq onun boyununu öpməsini görürdüm: ya da baxışmalarını yaxalayırdım; onları öz başına dənizə girərkən görən birisi ağzından bir söz qaçırdırdı; bu cür xırda-mırda detallar təbii olaraq bizi çevrələyən havada daimi olaraq uçuşur, insanların çoxu bunları gün boyunca udduğu halda nə səhhəti korlanır, nə də kefləri pozulur, amma xəstəliyə meyilli bir insan üçün bunlar yeni ağrılar yarada biləcək təhlükələrdir. (“Sodom və Qomorra” romanından)
Adətən, bizə bənzəyən hər şeyə nifrət edərik, öz qusurlarımızı başqasında görəndə qəzəb bürüyür içimizi. Hələ qüsurlarını saflıqla deyildiyi yaşı ötmüş və məsələn ən kritik anlarda belə buz kimi bir sifət almağa vərdiş etmiş biri, özündən daha gənc və daha saf, daha axmaq biri eyni qüsurları sərgiləyəndə əməlli-başlı lənətləyər onu. Bəzi həssas adamların gizlədib axıtmadıqları göz yaşlarını bir başqasında görməyə səbrləri çatmaz. Ailələrdə, məhəbbətin olmasına baxmayaraq bəzən məhəbbət nə qədər çoxdursa, bir o qədər artan anlaşılmazlıqların səbəbi də bu aşırı bənzərlikdir. (“Dustaq” romanından)
Bir başqa insanla olan münasibətlərimizdə ən ciddi səhvin mənbəyi xeyirxahlıq və o insanı sevməkdir. Bir gülümsəməyə, bir çiyinə aşiq oluruq. Bu qədər kifayətdir; sonra ümid və ya kədər dolu uzun saatlar boyunca bir insan mal edirik, bir şəxsiyyət yaradırıq. Və ardıyca aşiq olduğumuz adamla görüşəndə qarşımıza nə qədər qəddar həqiqətlər çıxsa da, həmin təbəssüm, həmin çiyin sahibindən xeyirxah insan görüntüsünü, bizi sevən qadın tipajını heç cür ayıra bilmərik; gəncliyindən bu yana tanıdığımız bir insan qocalsa da gəncliyini ondan ayrı düşünə bilmədiyimiz kimi (“Albertina itkin düşüb” romanından)
Endrinin sağlam görünüşünə və xüsusilə bunun fərqində olmağına əsəbiləşərək, insanlara bərk xəstələndiklərini deməyinə dəfələrlə şahid olmuşdum; onları əsəbləşdirmək məqsədiylə, öz səhhətinin yerində olduğunu deyirdi; bu vərdişini möhkəm xəstələndiyi vaxt da davam etdirdi, ta ki ölümün gətirdiyi laqeydlik içində başqalarının sağlam, özününsə ölməkdə olduğunu bilməyin artıq bir önəm daşımadığı günə qədər. (“Albertina itkin düşüb” romanından)
Gilbert insan bədəninə malik dəvə quşlarının ən məşhur növünə aid idi (ən azı o dönəmdə); bunlar görülməmək üçün yox, görüldüklərini görməmək üçün başlarını quma basdırırlar; görülməmələri onsuz mümkünsüzdür, seyr edildiklərini görməməksə heç yoxdan yaxşıdır. (“Albertina itkin düşüb” romanından)
İstədiyimiz bir insana məxsus kimi görünən bir şeyin əslində ona aid olmadığını əvvəllər də bir çox dəfə sezmişdim. Amma keçən müddət bu həqiqətlə bağlı daha dəqiq bir dəlil təqdim etmişdi, çünki aradan iyirmi il keçdikdən sonra, özlüyümdə əvvəllər tanıdığım qızların deyil, onların o vaxtkı gəncliyinə indi sahib olan qızların dalıyca düşmək istəyirdim. (“Əldə olunan zaman” romanından)
Xoşbəxt illər itmiş illərdir; hərəkət etmək üçün iztirab gözləyirik. Hərəkət anlayışı, ilkin şərt olaraq iztirab məfhumuyla uzlaşır; yeni bir əsəri xəyal etmək üçün əvvəlcə çəkiləsi iztirabları düşünürük. Həyatta qarşılaşacağımız ən yaxşı şeyin iztirab olduğunu dərk etdiyimiz zaman da heç qorxmadan, sanki, bir qurtuluşu xəyal edərcəsinə ölümü düşünürük. (“Əldə olunan zaman” romanından)
Tərcümə etdi: Məhəmməd Tanhu
sim-sim.az