Həyat — çox qiymətli dərslər öyrədən müdrik bir müəllimdir. Bu, adi deyim yox, sübut olunmuş təcrübədir. Həyat məktəbində dərsə hazırlıqsız gəlmək qəbul olunmur. Əgər dərs öyrənmək lazımdırsa, siz bu vəziyyətdən düzgün nəticə çıxarmayana qədər həyat adlı müəllim onu dəfələrlə təkrarlayacq. Odur ki, həyatda çətin həyat sınaqlarından keçən adama müdrik və ya təcrübəli deyirik. Başqalarının səhvlərini təkrarlamaq istəmirsinizsə, müdriklərin məsləhətlərinə əməl etməyə dəyər.
Təəssüf ki, biz həyat dərslərini çox gec öyrənirik. Başımız daşa dəyməyənə qədər imtahandan keçmiş sayılmırıq. Ömür adlı səyahətdə insan iki duyğu arasında seçim etməli olur: ya biz inkişaf edirik, ya da həmişə və haradasa laxlayırıq. Hər bir həyat dərsi bizə böyümək və inkişaf etmək üçün göndərilir.
Əgər gözlənilməyən hadisə baş verirsə, biz həyat ritmini itirir, iflasa uğrayır və problemlərin öhdəsindən gələ bilmirik.
1. Ömür adlı səyahət — öyrənməli olduğumuz dərslər seriyasıdır
Baş verənlərə qarşı çıxmağa çalışmayın. Müxalif güc müqavimət gücü ilə bərabərdir. Həyatınızda baş verənlərdən qaçmağa çalışmaqla və müqavimət göstərməklə öz energetikanızı sıfıra endirirsiniz. Bu da həyatı heçə yaşamaq deməkdir.
Həyatda ən çətin situasiyaları yada salın. Şübhəsiz ki, çox ağır günləriniz olub, amma indi sahib olduğunuz “məniniz” o dərdlərin və yaşanmış təcrübələrin nəticəsidir. Bu gün siz dünənki həyat təcrübəsinin nəticəsiniz. Əgər həyat yolunda sizi nə isə narahat edirsə, deməli, dərsdən kəsilmisiniz. Bu da o deməkdir ki, gələcəkdə sizi eyni hadisənin təkrarı gözləyir. Baş verməsini istəmirsiniz? O zaman könüllü şəkildə dəyişin.
2. Kainatın sevimliləri deyə bir şey yoxdur
Yəqin ki, sizə də hərdən elə gəlir ki, kiminsə bəxti daha çox gətirir, kiminsə az. Dünyada heç kim «bəxtəvər damğası» ilə doğulmur, bu barədə unudun getsin. Karma və tale gələcəyimizin keçmiş nəticəsidir. Uğurlu insanların bu səviyyəyə çatana qədər hansı yollardan keçdiyini təsəvvür edə bilmərsiniz. Hər kəsə çiyinlərində daşıya biləcək qədər yük verilir. Məhsul əldə etmək üçün əvvəlcə zəhmət çəkməlisiniz. Əgər bəxtiniz hələ də gətirməyibsə, deməli, arzuların qarşılığı ödənməyib və siz uğura hələ hazır deyilsiniz. Bəzən də olur ki, böyük pul və şan-şöhrət insanı məhv edir, o, böyümək və inkişaf etmək əvəzinə iflasa uğrayır və ölür.
3. Həyat — inam və əqidəmizin güzgüsüdür
İnanclar insanın yaxşı və pis haqqında sahib olduğu təsəvvürlər toplusudur. Şəxsiyyət bir neçə qabıqdan, mərkəzində nüvə və ya İD-dən ibarətdir. İD — insan xislətinin özünü identifikasiyasıdır. Nüvəni dəyişmək çox çətindir, lakin özünü identifikasiya növbəti inam mərhələsini formalaşdırır.
Bizim reallığın istənilən təsviri xarakteristikası bizim əqidə və inanclarımızdan təşkil olunub. İnamlar isə bacarıq və qabiliyyət adlanan yeni bir səviyyə formalaşdırır.
Qabiliyyət bizim bilik və nələrisə həyata keçirmək bacarıqlarımızdır. Biz nəyisə edə bilərik, ya yox? Əgər edə biləriksə, necə? Bu sual bizim bacarıqlarımızın səviyyəsini xarakterizə edir. Qabiliyyətlər inamlar əsasında yaranır.
Qabiliyyətlər davranış modelini ortaya çıxarır: hərəkət və ya hərəkətsizlik. Bu isə qabiliyyətdən asılı olaraq dəyişir.
İndi isə gəlin bu səviyyəyə «anti» şəkilçisini əlavə edək. Beləliklə biz anti-identifikasiya alacağıq. İnkişaf etməli olan inamlar iflasa uğrayan anti-inamlara çevrilir. Bu zaman bacarıqları həyata keçirmək qeyri-mümkün olur. Bu yolla insan anti-davranışlarını həyata keçirir və şəxsi anti- identifikasiyalarını daha çox möhkəmləndirir. Ah-vay bu hekayədə baş rolu oynayır və bu, dəhşətdir.
Dəhşətli fenomen insana həm yuxarı qalxmağa mane olur, həm də şampan burğusu kimi özünə çəkir. Nəticədə bu reallıqdan günbəgün çıxmaq çətinləşir.
4. Heç nəyə bağlanmayın
Bağlılıq həm öz həyatımızı, həm də bağlandığımız insanın həyatını zəhərləyir. Yəqin ki, bu paradoksu hər kəs müşahidə edib: qadın ərindən nə qədər çox yapışsa, qayğısına qalsa, üstündə nə qədər çox əssə və onu itirməkdən nə qədər çox qorxsa da, kişi səylərini qiymətləndirmir. Ömrünü ərinin yolunda fəda edən qadın sonda sevgisiz qalır. Bu, kişi əclaf olduğu üçün baş vermir. Məsələ ondadır ki, kişinin bütün energetikası bu cür fədakarlığa müqavimət göstərir.
Belə davranış kişinin energetikasını sorur, bu zaman o, özünü günahkar və borclu hiss etməyə başlayır. Yadda saxlayın ki, bu hisslərin sevgi ilə heç bir əlaqəsi yoxdur. Qadının hisslərini də sevgi adlandırmaq olmaz. Çox güman ki, qadın bu insana olan hisslərini çox sevir və status kvo-nu qorumağa çalışır.
Bir şeyə aşırı bağlılıq və öhdəlik uşaqlıq duyğusudur, uşaq öz oyuncaqlarını heç kimlə paylaşmaq istəməyəndə, onları özü ilə eyniləşdirir, hətta müəyyən edir.
Əgər siz nəyisə həqiqətən istəyirsinizsə, arzuolunanı azad buraxmaq və enerjinin sərbəst axmasına icazə vermək lazımdır ki, arzular həyatınıza qayıda bilsin.
5. Ürəyin istədiyi kimi yaşa
Ağlınızın səsini nə qədər çox dinləsəniz, qəlbin və ruhun səsini o qədər çox boğursunuz. Əgər ağlınız və qəlbiniz arasında seçim etmək lazımdırsa, cəsarətlə ürəyi seçin. Qəlbiniz həmişə ən yaxşı bələdçiniz olacaq. Əlbəttə ki, qəlbinizin səsini dinləyin dedikdə şəxsi mənfəət və eqolarınızı təmin etmək nəzərdə tutulmur. Ürəyin hökmü dərin dəyərlərinizlə üst-üstə düşür.
6. Nə qədər çox çalışsanız, bir o qədər çox qazanacaqsınız
Özünüzü “Uğur və ya şans bir gecədə qonaq gəlir” illüziyalarıyla aldatmayın. Uğur — 1 faizdən ibarətdir, qalanı alın təridir. Tər axınını insan sevdiyi işlə məşğul olmağa və bütün çətinliklər gözündə asanlaşmağa başlayanda hiss edir. Bu yalnız xoşunuza gələn məşğuliyyətə olan sədaqətin sayəsində mümkündür, arzular və imkanlar birləşəndə, hər şey daha asanlıqla əldə edilir. Əslində, insan böyük iş görür. Odur ki, asan yollar axtarmayın, böyük hədəflər üçün səy göstərmək lazım gələcək.
7. Hadisələri pisə və yaxşıya bölməyin
Baş verənlərə qiymət verməkdən imtina edin. Bütün hadisələr neytraldır. Yağış yağanda kimsə yerdə palçıq görür, başqası bu təbiət hadisəsini ulduzların əksi kimi qəbul edir. Hadisələrə reaksiyanızı diqqət istiqaməti təyin edir. Əgər həyatın əzab, ətrafdakıların qurd olduğu fikrinə inansaq, bu zaman hər kəsi sizə hücum çəkməyə və parçalamağa çalışacaq. Bəs əksinə? Biz diqqətimizi yönəltdiyimiz hadisələrin hərəkətlərini gücləndirir və onları enerji ilə sulayırıq. Yalnız suvarma üsulu və keyfiyyəti çox fərqli ola bilər.
8. İnsanları müsbət və mənfiləri ilə qəbul edin
Biz bu dünyaya bir insan təcrübəsini yaşamaq üçün gəlmişik. Və bu təcrübədə bizə başqaları kömək edir. Allahın digər insanların əlləri, bizim üzərimizdəki təsirləri xaricində başqa əlləri yoxdur. Əlbəttə ki, bəzən özünü ətraf-aləmdən tədric etmiş və quyunun dibinə enmiş insanı qəbul etmək çətin olur. Amma bu da bizə nəsə öyrədə bilər. Ən azından onu öyrədir ki, həyatda daha vacib dəyərlər var və biz heç vaxt onun kimi olmaq istəməzdik. Hər şey müqayisədə bilinir. Bax, bu adam sizə müqayisə etmək imkanı verir.
İnsanları olduğu kimi qəbul etməklə biz gözləntiləri aşağı salır və daha dinc həyat yaşayırıq. Sevinc və sülh qəlbin sağlam vəziyyətidir. Həm özünüzə, həm də yaxınlarımıza qarşı şişirdilmiş gözləntilər bizi məyus edən başlıca səbəblərdir.
Həddindən artıq gözləntiləri olan bir şəxs qeyri-sabit daxili vəziyyətində elə düşünür ki, günahkar başqalarıdır. Həddindən artıq tələblərdən həm insan özü, həm də başqaları əziyyət çəkir.
Bu, ər-arvad münasibətlərində daha aydın görünür. Qadın həmişə ərinin kifayət qədər yaxşı olmadığını, az qazandığını, vəzifələrini düzgün yerinə yetirmədiyini düşünür. Eyni zamanda, o unudur ki, özü də mükəmməl deyil. Qadın ərinin enerjisini gəmirir, eyni zamanda onun sükunətindən özü də daim narahat olur. Analar da bəzən uşaqlarına qarşı eyni cür davranır və onlardan daha müdrik davranmağı tələb edir, halbuki, uşaqlar dünyanı səhvlər vasitəsilə tanıyır.
Şişirdilmiş gözləntilər sindromu ilə mübarizə yolunda ilk addım – özünü aldatdığını və tələyə düşdüyünü dərk etməkdir. Bu tələyə düşmək olmaz. Əgər “daha yaxşı ola bilərdi” kimi fikirləri ilə yaşamağa davam etsəniz, sonsuza qədər əzab çəkməli olacaqsınız. Çünki mükəmməlliyin sərhədi yoxdur. Ən sərfəli investisiyalar bir qayda olaraq özünə qoyulan yatırımlardır.
9. Biz başqalarını yox, özümüzü dəyişmək üçün yaradılmışıq
Daim öz biliyini inkişaf etdirən insan həm özü, həm də başqaları üçün maraqlı olur. «Hər kəs dünyanı dəyişdirmək istəyir, amma heç kim özünü dəyişdirməyi düşünmür». (Lev Tolstoy )* Başqalarına tonlarla məsləhət verməyə hazır olsaq da, çox az adam özü və nəfsi üzərində işləyir. Halbuki öz kompleksləri, nəfsi və zərərli vərdişləri üzərində qələbə qazanmaq ən böyük qələbədir.
Çox vaxt biz yaşamaq üçün dəyişmək məcburiyyətində qalırıq, bəzən də bu prosesi ağrı, qorxu və şübhə müşayiət edir. Bununla da biz xatirələrdən, vərdişlərdən və keçmişin ənənələrindən qurtuluruq. Yalnız keçmişin yükündən azad olmaq bizə indi ilə yaşamağa və həyatdan zövq almağa imkan verir.
«Görmək istədiyiniz dəyişiklik özünüz olun». (Mahatma Qandi)
Düşüncələri ancaq müsbət istiqamətdə dəyişdirin. İcazə verməyin ki, keçmiş xatirələr sizdən mənfi bir qəhrəman yaratsın. Müsbət emosiyalara və fikirlərə üstünlük verin ki, həyatınızı əsaslı şəkildə dəyişəsiniz. Sizin vəzifəniz xəyal qurmaq və hərəkət etmək, həyatınızda baş verən möcüzələri salamlamaqdır. Və əgər nə isə istədiyiniz kimi alınmırsa, demək ki, sizin üçün daha yaxşı olacaq. Sadəcə, rahatlanın və həzz alın.
publika.az