Peyğəmbərlərin yaranması haqqında | Qabusnamə

Peyğəmbərlərin yaranması haqqında | Qabusnamə

Ey oğul, bil ki, böyük Yaradan bu dünyanı məqsədlə yaratmış, hədərə yaratmamışdır, onu ədalət və hikmət əsasında qurmuşdur, çünki O, varlığın yoxluqdan, xeyirin şərdən, bolluğun qıtlıqdan, gözəlliyin eybəcərlikdən daha yaxşı olduğunu bilirdi. O, bunların hər ikisini bilir və hər ikisini yaratmağa qadir idi, lakin O, yaxşılarını yaratdı, bildiyinin əksinə etmədi, hər şeyi vaxtında və ədalət əsasında yaratdı, cəhl, fəsad və nadanlıq əsasında yaratmadı.

Beləliklə, dünyanın bünövrəsi hikmətlə qoyuldu, hər nə gözəl idisə, onu da yaratdı. O edə bilərdi ki, günəşsiz işıq versin, buludsuz yağış yağdırsın, tərkibsiz maddə yaratsın, ulduzlara ehtiyac olmasın. Lakin dünya qanunauyğunluq əsasında qurulduğundan O, səbəbsiz heç bir şey yaratmadı və bu səbəbi dünyanı nizama salan bir vasitə etdi. Bu vasitə ortalıqdan qalxsa, işləri nizama salan səbəb də ortalıqdan qalxar, səbəb ortalıqdan qalxdıqda isə bütün nəzm-nizam da pozular.

Hər bir işdə nizam olduğu kimi onu yaradan vasitə də lazım olur. Vasitəni ona görə yaratmışdır ki, biri hakim olsun, biri məhkum, biri ruzi verən olsun, biri ruzi yeyən. Bu ikilik isə Allahın təkliyinə dəlalət edər. Deməli, sən yalnız vasitəni görə bilərsən. Ona görə də diqqətli ol ki, az və çoxluğu vasitədən deyil, vasitəni yaradan Allahdan biləsən. Əgər torpaq məhsul vermirsə, onu təqsirkar hesab etmə, əgər ulduz ədalətli gərdiş etmirsə, onu müqəssir sayma.

Ulduzların ədalət və zülmdən nə qədər xəbəri varsa, yerin də məhsul yetirməkdən o qədər xəbəri var. Torpaq şirin meyvə əkilən yerdə zəhər bitirə bilmədiyi kimi, ulduzlar da öz bildiklərini edə bilməzlər, yaxşılığa adət etmiş olan pislik edə bilməz. Dünya hikmətlə bəzədilmiş olduğundan ona zinət də lazım idi. Bu dünyaya diqqətlə bax ki, onun zinətini görə biləsən. Bu zinət nəbatat, heyvanat, yemək, içmək, geyim və müxtəlif nemətlərdən ibarətdir. Bunlar hamısı hikmət əsasında yaradılmışdır, necə ki, Özü bu barədədeyir: “Biz yeri, göyü və onlar arasında nə varsa, hamısını əyləncə üçün yaratmadıq, onları biz hikmətlə yaratdıq”.

İndi ki sən dünyanın Allah tərəfindən hədərə yaradılmadığını bildin, onu da bilməlisən ki, bu yaradılan nemətlərlə kimə isə ruzi verilməsəydi, mənasızlıq olardı. Ruzi ona deyərlər ki, sən çörəyi ehtiyacı olana verəsən ki, o da yeyə. Bax, ədalət buna deyərlər.O, insanları yaratmaq istədi ki, onlara ruzi versin, indi ki insanlar yaranıbdır, deməli bütün nemətlər onlarındır. Lakin insanlara dövlət və qayda-qanun lazımdır, dövlət isə rəhbərsiz keçinə bilməz, çünki ədalət və qayda-qanun olmadıqda ruzi yeyən adam ruzi verənin qədir-qiymətini bilməz. Ruzi verən öznemətini nadana versə, bu onun nöqsanı olar. Ruzi verən nöqsansız olduğundan öz ruzi yeyənlərini nadan qoymadı. O özü Quranda belə deyir: “İnsanların bilmədiklərini onlara öyrətdi”.

O, peyğəmbərlər göndərdi ki, onlar bilik əldə etmək, ruzi yemək və ruzi verənə şükür etmək qayda-qanunlarını insanlara öyrətsinlər, beləliklə, dünyanın əsası ədalətlə, ədalətin təkmilliyi hikmətlə, hikmətin tamlığı nemətlə, nemətin bütövlüyü ruzi alanlarla, ruzi alanların kamilliyi yolgöstərici peyğəmbərlə tamamlansın. Peyğəmbərin ruzi alanlardan üstünlüyü ondadır ki, onlar ruziyeyənlərə ruziyə çatmaq yolunu göstərirlər. Deməli, əgər ağıl gözü ilə baxsan, görərsən ki, ruzi alan aldığı ruzi və nemət müqabilində arzu və istəklərinin yerinə yetirilməsi xatirinə öz rəhbərinin haqqını etiraf etməyə və ruzi verəninə minnətdar olduğunu bildirməyə borcludur. Demək, peyğəmbərlərin haqq olduğuna inanmalısan və Adəmdən tutmuş Muhammədə qədər (Allah onların hamısına rəhmət eləsin) bütün peyğəmbərlərin düz danışan olduğunu qəbul etməlisən, şükür və niyazda ehmallıq göstərməlisən, Haqqın buyruqlarını yerinə yetirməlisən ki, beləliklə, yaxşı ad qazanıb təriflənəsən.
Top