Xoşbəxtlik
Tolstoydan soruşurlar:
– Xoşbəxtliyinizin sirri nədədir?
O belə cavab verir:
– Olanlara şükür edirəm, olmayanlarısa dərd eləmirəm.
Söz
Fərabidən soruşurlar:
– Çox danışan adamlarla necə davranmaq məqsədə uyğundur?
Fərabi cavab verir:
– Çox danışana az qulaq asmaq lazımdır.
Baxmaq bacarığı
Pikasso balıq rəsmi çəkir. Rəsmə baxanlardan biri ağız büzərək soruşur:
– Bunun harası balıqdır ki?
Pikasso dillənir:
– Bu balıq deyil, balığın rəsmidir.
Quşların səsi
Bir dəfə sərgidə Pikassonun rəsm əsərlərini anlamayan birinə Pikasso özünü tanıtmadan belə deyir:
– Dərd eləməyin, onsuz da quşların da səsini anlaya bilmirik
Gəmi
Bir dəfə cahil bir adam Nəcib Fazilə gəmiylə Karaköye gedərkən deyir:
– Peyğəmbərlərə nə ehtiyac var idi ki? Onsuz biz öz ağlımızla da dünyanı dərk edə bilərdik.
Nəcib Fazil başını oxuduğu kitabdan qaldırmadan deyir:
– Onda niyə gəmiylə gedirsən, özün keçərdin də dənizin o biri sahilinə.
Dərmansız dərd
İbn Sinadan soruşurlar:
– Elə bil dərd var ki, dərmanı olmasın?
İbn Sina cavab verir:
– Dərmansız dərd yaxşının pisə möhtac olmasıdır.
Bəxtə inanmaq
Bir filosofdan soruşurlar:
– Bəxtə inanrırsınızmı?
Filosof cavab verir:
– Bəli, əks təqdirdə zəhləm gedən adamları uğurlarını nə ilə əsaslandıra bilərdim?
Kasıblıq
Müdrikdən yenicə kasıblamış bir nəfər soruşur:
– Sizcə, bu kasıbçılıq nə qədər davam edəcək?
Müdrik deyir:
– Qırx gün, – həmin kəs yenə sual verir:
– Bəs sonra necə olacaq?
Müdrik cavab verir:
– Vərdiş eləyəcəksiniz.
İnsan
Bir dəfə filosof mühazirə oxuyarkən deyir:
– İnsan bütün bəşəriyyətə hakim olan yeganə varlıqdır.
Bir tələbəsə yerdən dillənir:
– Qan təzyiqinin artıb-azalması öz əlində olmayan insan bəşəriyyətə necə hakim ola bilər?
Hesabdan xəbərsiz hakim
Cinayətkar ona 500 şallaq cəza kəsən hakimə deyir:
– Yoldaş hakim, siz ya hesab bilmirsiniz, ya da heç kötək yeməmisiniz.
Ölümlə həyat arasındakı fərq
Fales dedi:
– Həyatla ölüm arasında heç bir fərq yoxdur.
Bu sözləri eşidənlər ona sual verdilər?
– Bəs onda, niyə ölmürsünüz?
Fales cavab verdi:
– Həyatla ölümün arasında fərq olmadığına görə.
Ulduzları seyr edərkən
Fales başını göyə tutub ulduzlara baxanda ayağının altına diqqət etməyib quyuya düşür.
Hadisəni görən gənc qız Falesi ələ salır:
– Ayağının altındakı quyunu görmür, ulduzların sirrini başa düşməyə çalışır.
Həyat
Tələbələrindən biri Konfutsidən soruşur:
– Ölüm nədir?
Filosof cavab verir:
– Həyat haqqında nə bilirsən ki, sənə hələ bir ölümün mənasını da izah edim…
Qısa cavab
Heraklitdən soruşurlar:
– Nəyə görə az danışırsız?
– Siz gen-bol boşboğazlıq edəsiniz deyə – filosof cavab verir.
Dövləti idarə etməkdən daha yaxşı
Heraklit uşaqlarla oyun oynayarkən ona təəccüblə baxan efeslilərə belə deyir:
– Nəyə baxırsınız, sizinlə birgə dövləti idarə eləməkdənsə, uşaqlarla oynamaq daha faydalı deyil?
Göz yaşı üçün göz yaşı
Afinanın məşhur fərmandarı Solon oğlu öləndə ağlayır. Onu bu halda görən dostlarından biri təskinlik üçün deyir:
– Axıtdığınız göz yaşının heç bir faydası yoxdur.
Solon cavab verir:
– Mən də elə göz yaşlarının faydasızlığına görə ağlayıram.
Tənha deyildim
Bir gün Ezop komasında mütaliə edəndə qanmaz bir adam qapını döymədən içəri girib kitab oxuyan filosofa deyir:
– Necə belə tənha otura bilirsən?
Ezop başını qaldırıb deyir:
– Mən tənha deyildim, ancaq sən içəri girən andan başa düşdüm ki, nə qədər tənhayam.
İki nəfər
Zenon tələbəsiylə söhbət edir, nə deyirsə tələbəsi onun fikrini təsdiqləyir. Filosofun səbr kasası dolur:
– Heç olmasa bircə dəfə etiraz et, fərqli bir fikir de, hiss eləyim ki, otaqda iki nəfərik.
Əsl üstünlük
Afinalı Solondan soruşdular:
– Sənin elminin başqalarının elmindən üstünlüyü nədədir?
Solon cavab verdi:
– Elmimin az olduğunu bilməyimdə.
Bütün öküzlər qorxudan əsəcəklər
Pifaqor öz adıyla məşhur olan «Pifoqor teoremi”ni tapandan sonra yüz öküzü qurban kəsir. Həmşəhərlilərindən biri bu məsələ haqda belə deyirmiş:
– Bundan sonra hər dəfə nəsə kəşf olunanda öküzlər qorxudan əsəcəklər.
Hazırladı: Fərid Hüseyn