İosif Brodskinin 1988-ci ilin dekabrında Ann-arbor stadionunda, Miçiqan universitetinin tələbələri qarşısında söylədiyi bu nitqi “dünyanı dəyişən nitq” adlandırırlar.
Həyat – çoxlu qaydaları olan, lakin hakimsiz bir oyundu. Biz daha çox müşahidə edərək bu oyunu oynamağı öyrənə bilərik, nəinki hansısa kitabı, məsələn, İncili oxuyaraq. Buna görə çoxlarının vicdanla oynamamağı, çoxları qalib gəlməyi, çoxları da uduzmağı təəccüblü deyil.
Istənilən halda əgər bura Miçiqan universiteti, mənim tanıdığım Miçiqan ştatının Ann-Arbor şəhəridisə, onda əminliklə demək olar ki, siz – bu universitetin məzunları — Müqəddəs kitabla daha az tanışsınız, nəinki on altı il əvvəl mən bu meydana ilk dəfə ayaq basmağa cəsarət eləyəndə o tribunada oturanlar.
Mən həmkarlarımı xatırlayanda, bütün ölkədə universitetlərin tədris proqramlarında baş verənləri görəndə, müasir dünyanın gənclərə etdiyi təzyiqdən xəbərdar olanda illər əvvəl indi sizin oturduğunuz kürsülərdə oturanların həsrətini çəkirəm, çünki onlardan bəziləri, ən azından, on ehkamı əzbər bilirdilər, bəziləri isə hətta yeddi ölümcül günahın adını da xatırlayırdılar. Ancaq onların bu qiymətli bilgilərdən necə istifadə elədikləri, oyunda nə qədər uğurlu olduqlarından xəbərim yoxdu. Mən sadəcə bir şeyə ümid eləyə bilərəm: insan təkcə cinayət məcəlləsini yox, həm də tamamilə naməlum, dərkolunmaz qüvvə tərəfindən tətbiq olunan qaydalara, tabulara əməl eləyəndə də zəngin olur.
Çox güman ki, sizin üçün yekun nəticələr haqqında düşünmək hələ tezdi və çox güman ki, indi siz uğur qazanmaq, yaxşı çevrəyə sahib olmaq haqqında düşünürsünüz. Odur ki, həmin ehkamlarla, günahların siyahısı ilə tanış olmağınız məsləhətdi.
Ümumilikdə, 17 ölümcül günah var və bəziləri qismən bir-birini təkrarlayır. Əlbəttə, siz etiraz eləyə bilərsiniz. Deyə bilərsiniz ki, onlar köklü zorakılıq ənənəsinə malik bir dinin məhsuludur. Bununla belə əgər dinlərdən danışırıqsa, ona daha dözümlü yanaşmaq olar: dinsizin diqqətinizə layiqdir, ən azı, ona görə ki, dinin dəyərlərini qəbul eləmək, ya da şübhə altına almaq haqqınız olan bir cəmiyyət yaradıb.
Ancaq mən bura hansısa konkret bir dinin, ya da fəlsəfənin faydalarını göylərə qaldırmaq üçün gəlməmişəm. Üstəlik, çoxları kimi mən də müasir təhsil sistemini, yaxud onun qurbanları olan sizləri tənqid eləmək fürsətindən zövq almıram.
Birincisi, mən sizi qurban kimi görmürəm. İkincisi, müəyyən sahələrdə sizin bilgiləriniz, mənim, ya da mənim nəslimin istənilən nümayəndəsinin bildiklərindən qat-qat çoxdur.
Mən sizə çox uzun çəkəcək bir səyahətin astanasında olan gənc, ağıllı və xudbin insan qrupu kimi baxıram. O səyahətin necə uzun olacağını düşünəndə sarsılıram və özümdən soruşuram: görəsən, sizə necə faydalı ola bilərəm? Görəsən, mən həyat haqqında sizə yardım edəcək nəsə bilirəmmi? Əgər bilirəmsə, o informasiyanı sizə necə ötürə bilərəm?
Məncə, birinci sualın cavabı “bəli”dir. Ona görə yox ki, mən yaşda insan həyat şahmatında sizin hər birinizdən daha hiyləgər olmalıdı. Ona görə ki, məncə,o, indi sizin can atdığınız, əldə eləməyə çalışdığınız bir yığın şeydən yorulub.(elə təkcə bu yorğunluq haqqında gənclərə mütləq xəbərdarlıq eləmək lazımdı, çünki bu yoğunluq onların tam uğurunu da, məğlubiyyətini də müşayiət eləyəcək; bu cür bilgi uğurun həzzini artıra, məğlubiyyəti isə bəzəyə bilər).
O ki qaldı ikinci suala… Düzünü desəm, çətinlik çəkirəm. Yuxarıdakı ehkamlar nümunəsi xeyir-dua verən istənilən natiqi karıxdıra bilər, zira həmin on ehkamın özü xeyir-dua nitqi, hərfi mənada – nəsihət idi. Lakin nəsillər arasında, demək olar ki, heç bir təcrübənin ötürülməsinə imkan verməyən şəffaf divar, dəmir istehza pərdəsi, lap elə gözlə görünən örtük mövcuddu. Ən yaxşı halda tək-tük məsləhətlər keçə bilər ordan.* Ona görə də indi eşidəcəklərinizi Sinay dağının zirvəsi kimi yox, bir neçə aysberqin üst qatından xəbər verən məsləhətlər kimi qəbul edin. Mən Musa deyiləm, siz də Əhdi-Ətiq yəhudiləri; əlimdə tutduğum bu sarı bloknota Kaliforniyanın harasındasa cızma-qara elədiyim səliqəsiz cizgilər də ehkam lövhələri deyil. İstəyirsiniz, onlara heç fikir verməyin. Lazımdısa, şübhə altına alın. Əgər başqa cür bacarmırsınızsa, sadəcə unudun onları: o qədər də önəmli deyillər. Əgər onlardan hansısa indi, ya da gələcəkdə işinizə yarasa, sevinərəm. Yaramasa, sizə qarğış eləməyəcəm.
1. Düşünürəm ki, indi və bundan sonra sizin dilinizin dəqiqliyinə diqqət yetirmək lazımdır.
Lüğətinizi genişləndirməyə çalışın, onunla bank hesabınızla necə rəftar eləyirsinizsə, elə davranın. Ona çoxlu diqqət ayırın, dividendlərinizi artırmağa çalışın. Burda məqsəd sizin peşəkar uğur qazanmağınıza, ya da yataqda dil-dil ötməyinizə nail olmaq deyil — hərçənd bu da mümkündür. Məqsəd sizi kübar əllamələrə çevirmək də deyil. Məqsəd sizə özünüzü mümkün qədər dolğun və dəqiq ifadə eləmək imkanı verməkdi; Bir sözlə, məqsəd — sizin müvazinətinizi qorumaqdı. Zira lazımi şəkildə deyilməmiş, boğazda qalmış sözlər yığılıb nevroz yarada bilər. Hər insanın ürəyində, ruhunda çox şey dəyişir, lakin çox vaxt ifadə üsulu eyni qalır. Özünü ifadə eləmək qabiliyyəti təcrübədən geri qalır. Bu, psixikanı məhv edir. Ad qoyulmamış, dilə gətirilməmiş və təxmini oxşar sözlərə qane olmayan duyğular, çalarlar, fikirlər, qavrayış fərdin içində toplanır. Bu, psixoloji partlayış, yaxud əsəb sarsıntısı ilə nəticələnə bilər. Bundan qorunmaqdan ötrü kitab qurduna çevrilməyə ehtiyac yoxdu. Sadəcə lüğət almaq və onu hər gün oxumaq lazımdı. Hərdən şeir kitabları da oxuyun. Amma vacibliyinə görə lüğətlər birinci yerdə gəlir. Ətrafımızda lüğət çoxdu, bəzilərinin üstündə zərrəbin də verirlər. Onlar kifayət qədər ucuzdular, ancaq ən bahalı lüğətlər belə (üstündə zərrəbin verilənlər) psixoloqun bir seansından daha ucuzdu. Əgər siz, heç nəyə baxmayaraq, psixoloqun yanına getməyə hazırlaşırsınızsa, lüğət alkoqolizmi xəstəliyinə tutulduğunuzu deyin.
2. İndi və gələcəkdə valideynlərinizə qarşı mehriban olmağa çalışın.
Əgər bu məsləhət, “atana və anana hörmət elə” ifadəsinə həddindən çox oxşayırsa, qoy, olsun. Mən sadəcə bir şey demək istəyirəm: çalışın, onlara qarşı çıxmayın, zira çox güman ki, onlar sizdən əvvəl öləcəklər. Odur ki, özünüzü dərddən olmasa da, ən azı, günah hissindən xilas eləyə bilərsiniz. Əgər üsyan eləməyə ehtiyacınız varsa, onlar qədər həssas olmayanlara qarşı üsyan eləyin. Valideynlər – həddindən artıq yaxında olan hədəfdirlər (elə qardaşlar, bacılar, həyat yoldaşları da); məsafə elə yaxındı ki, hədəfdən yayına bilməyəcəksiniz.
“Mən sizdən bir qəpik də almayacam” da daxil olmaqla valideynlərə qarşı bütün üsyan formaları həddindən artıq burjuasayağı hərəkətdir, çünki üsyankara böyük həzz verir, bu halda isə — arxayınlığın gətirdiyi mənəvi həzz. Bu yola nə qədər gec addım atsanız, mənən o qədər gec burjua olacaqsınız; yəni nə qədər çox skeptik, tərəddüdkar, intellektual cəhətdən təmin olunmamış qalsanız, sizin üçün o qədər yaxşıdı. Digər tərəfdən, təbii ki, bu “bir qəpik də almayacam” söhbətinin praktik bir anlamı var. Çox güman ki, valideynləriniz sahib olduqları hər şeyi sizə miras qoyacaqlar və uğurlu üsyankar sonda bütün sərvəti alacaq. Başqa sözlərlə, üsyan – son dərəcə effektiv pul yığmaq üsuludu. Hərçənd faizi gəlirli deyil. Hətta deyərdim ki, müflisliyə aparıb çıxarda bilər.
3. Çalışın, siyasətçilərə çox güvənməyin — ona görə yox ki, onlar ağılsız, ya da nadürüstdülər – ki, adətən, belə olur – ona görə ki, onların fəaliyyətlərinin miqyası hətta aralarındakı ən yaxşı siyasətçilər üçün belə çox-çox genişdi. Bu və ya digər siyasi partiyaya, doktrinaya, sistemə, ya da onların layihələrinə bel bağlamayın. Onlar, ən yaxşı halda, sosial şəri azalda bilərlər, amma kökünü kəsməyə qadir deyillər. Müsbətə doğru dəyişikliklər nə qədər əsaslı olur-olsun, etik nöqteyi-nəzərdən həmişə yox deyiləcək qədər az olacaqlar, çünki o müsbət dəyişikliklərdən xeyir görməyənlər hər zaman tapılacaq – heç olmasa, bir nəfər.
Dünya mükəmməl deyil; Qızıl əsr heç vaxt olmayıb və olmayacaq. Dünyada yalnız bir şey baş verəcək –o, daha böyük, yəni daha tünlük olacaq, amma ölçüləri dəyişməyəcək.
Seçdiyiniz insan nə qədər ədalətli olur- olsun, piroqu bölməyi nə qədər təklif eləyir-eləsin, piroqun ölçüləri artmayacaq; ancaq payların ölçüsü kiçiləcək. Bunu nəzərə alsaq, yeganə ümid yeriniz öz evinizdə bişirdiyiniz yemək olmalıdı. Yəni dünyanı müstəqil idarə eləməlisiniz, ən azından, sizin ixtiyarınızda olan, əliniz çatan hissəsini.
Ancaq bunu həyata keçirərkən kədərli bir həqiqətə hazır olmalısınız – hətta sizin şəxsi piroqunuz da kifayət eləməyəcək. Çox güman ki, minnətdarlığı da, məyusluğu da bərabər miqdarda dadacaqsınız. Buna hazır olmalısınız. Burda bir dərsi mənimsəmək çox çətindi – mətbəxdə səy göstərməkdən yorulmamaq. Zira o piroqu, heç olmasa, bircə dəfə süfrəyə gətirməklə saysız gözləntilərə yol açırsınız. Özünüzə sual verin: fasiləsiz olaraq piroq istehsal eləməyə gücünüz çatacaqmı, yoxsa siz daha çox siyasətçilərə güvənirsiniz? Daxili axtarışlarınızın nəticəsindən asılı olmayaraq, dünya sizin piroqunuza etibar eləyə bilərmi?
Elə indidən israrla tələb eləməyə başlayın. Qoy, bütün o korporasiyalar, banklar, məktəblər, laboratoriyalar, ya da harda işləyəcəksinizsə, ora – məkanları gün boyu istiliklə təmin olunanlar, polis tərəfindən qorunanlar – evsizləri elə indi – bu qış gecəsi içəri buraxsınlar.
4. Fərqlənməməyə, təvazökar olmağa çalışın.
Biz artıq həddindən çoxuq, tezliklə sayımız lap artacaq. Günəşin altında yer tutmaq uğrunda gedən bu vurnuxma mütləq başqalarının – vurnuxmaya cəhd eləməyənlərin hesabına baş verir. Ancaq kiminsə ayağını tapdalamağınız o demək deyil ki, onun başına çıxmalısınız. Üstəlik çıxdığınız yerdən bircə şey görəcəksiniz – insan dənizi və sizinlə oxşar mövqe tutanları – gözəgəlimli, eyni zamanda da etibarsız mövqe: varlı və məşhur adlandırdıqlarımızı. Ümumiyyətlə, özünkimilərdən daha yaxşı yaşamaqda xoşagəlməz nəsə var, xüsusilə də əgər özünkimilərin sayı milyardlardısa. Bura onu da əlavə eləyək ki, bizim günlərdə varlılar və məşhurlar da bir yığındı, yuxarı da çox basırıqdı. Odur ki, əgər siz varlı, ya da məşhur, ya da eyni vaxtda ikisindən də olmaq istəyirsinizsə, buyurun, amma özünüzü bütünlüklə bu işə həsr eləməyin.
Başqasının sahib olduğu bir şeyi arzulamaq, istəmək öz unikallığını itirmək deməkdi; digər tərəfdən, təbii ki, bu, kütləvi istehsalı stimullaşdırır. Nəzərə alsaq ki, həyatda bircə dəfə yaşayırsınız, açıq-aşkar klişelərdən qaçmaq daha ağıllı hərəkət olardı, o cümlədən, hədiyyəlik nəşrlərdən də.
Nəzərə alın ki, özünü fərqli hesab eləmək də sizin unikallığınıza xələl gətirir, hələ bu fikrin reallıq hissinizi məhdudlaşdırdığını, mövcud səviyyədən çıxmağa imkan vermədiyini demirəm. Zahiri görünüşlərini və gəlirlərini də nəzərə alsaq, qeyri-məhdud potensiala malik olanların (ən azı, nəzəri baxımdan) arasında çabalamaq istənilən kluba üzv olmaqdan daha yaxşıdı. Daha çox onlara oxşamağa çalışın, nəinki onlara oxşamayanlara; boz geyinməyə çalışın.
Mimikriya (başqalarını təqlid eləmək, hər kəs kimi olmaq-red) individuallıqdan imtina eləmək deyil, onu qorumaqdır.
Sizə sakit, aşağı tonda danışmağı da məsləhət görərdim, amma qorxuram, ağ elədiyimi deyəsiz. Ancaq unutmayın ki, yanınızda hər zaman kimsə var – yaxın biri. Heç kim sizdən onu sevməyinizi tələb eləmir, amma çalışın, onu çox narahat eləməyəsiniz, incitməyəsiniz; onun ayağını ehtiyatla tapdalamağa çalışın; əgər birdən onun arvadına gözünüz düşsə, ən azından, yadınızda saxlayın ki, bu sizin təxəyyülünüz məhdudluğunun, həyatın sonsuz fürsətlərinə inanmamağınızın, ya da onlardan xəbərsiz olmağınızın göstəricisidi. Ən pis halda “başqasının arvadını arzulama” xahişinin nə qədər uzaqdan — ulduzlardan, kainatın dərinliyindən, bəlkə də onun əks tərəfindən – gəldiyini yadınıza salmağa çalışın. Elə “yaxınlarını özün kimi sev” ideyasını da.
Belə görünür ki, ulduzlar cazibə qüvvəsi, həmçinin tənhaıq haqqında sizdən daha çox bilirlər, zira onlar – arzunun gözləridi.
Rusiyada Brodskinin heykəli
5. Özünüzü qurban kimi qələmə verməkdən hər vəchlə çəkinin.
Bədən üzvlərinizin arasında ən çox işarət barmağınıza qarşı sayıq olun, zira o barmaq ittiham eləmək istəyi ilə alışıb-yanır. İşarət barmağı qurbanın əlamətidi – “Victoria” işarəsi şəklində qaldırılan orta və işarət barmağının əksinə olaraq irəli tuşlanmış işarət barmağı təslimçiliyin sinonimidi.
Vəziyyətiniz nə qədər dözülməz, nə qədər iyrənc olur-olsun, bunda kənar gücləri — tarixi, dövləti, müdriyyəti, irqinizi, valideynlərinizi, menstruasiyanı, ayaqyoluna vaxtından tez getməyinizi və və i — günahlandırmayın. Menyu böyük və darıxdırıcıdı və onun böyüklüyü və darıxdırıcılığı zatən alçaldıcıdı, bir də şüurunuzu ona qarşı ayarlamayın.
Günahı nəyinsə, ya da kiminsə üzərinə atdığınız an siz nəyisə dəyişmək üçün sahib olduğunuz qətiyyəti yox eləyirsiniz; düzdü, qətiyyətinizin kifayət qədər möhkəm olmadığını, ittiham etmək arzusu ilə alışıb-yanan barmağın buna görə dəlicəsinə çırpındığını iddiya eləyə bilərsiniz. Axı, qurban statusunun öz cazibəsi var. O, mərhəmət hissi yaradır, sizi fərqləndirir. Böyük-böyük ölkələr, qitələr qurban şüurunun doğurduğu mental endirimlərin kölgəsində nazlanır.
Şəxsi vəkillərdən tutmuş beynəlxalq borclara qədər uzanan böyük bir qurban mədəniyyəti mövcuddu. Bu sistem öz məqsədlərini bəyan eləməsinə baxmayaraq, onun fəaliyyətinin əsl nəticəsi – gözləntilərin qəsdən azaldılması, ucuz, miskin üstünlüyün də nəhəng uğur kimi təqdim olunması və ya qəbul edilməsidi. Əlbəttə, bunun müalicəvi, dünyəvi resursların yoxsulluğunu nəzərə alsaq, hətta gigiyenik tərəfləri də var. Odur ki, əlinizdə başqa şey olmayanda buna da qane olmaq mümkündü – amma müqavimət göstərməyə çalışın. Məğlubiyyətiniz nə qədər aşkar, nə qədər təkzibedilməz olur-olsun, nə qədər ki ağlınız yerindədi, nə qədər ki dodaqlarınız “yox” sözünü deyə bilir, o məğlubiyyəti inkar eləyin.
Ümumiyyətlə, həyata təkcə gözəlliklərinə yox, həm də çətinliklərinə görə hörmət eləməyə çalışın. Onlar oyunun bir parçasıdı və bir yaxşı cəhətləri var: yalan deyillər. Hər dəfə çarəsiz qalanda, ya da ümidsizliyin son həddinə çatanda, çətinliyə düşəndə, ya da başınıza xoşagəlməz bir iş gələndə unutmayın: bu – həyatdı və o, sizinlə bildiyi yeganə dildə danışır.
Başqa sözlərlə, bir az mazoxist olmağa çalışın: mazoxizm çaları olmayan həyatın anlamı natamamdı. Əgər sizə bir faydası olacaqsa, yadda saxlamağa çalışın ki, insan ləyaqəti – dəyişkən yox, absolyut anlayışdı; o, xüsusi xahişlərlə paralel mövcud ola bilməz, onun kökündə aydın görünənlərin inkarı dayanır. Əgər bu, sizə tələsik, ehtiyatsız arqument təsiri bağışlasa, ən azından, düşünün ki, özünüzü qurban hesab eləməklə siz yalnız məsuliyyətsizlik vakuumunu böyüdürsünüz. Demaqoqlar və iblislərinsə o vakuumu doldurmaqdan ötrü ürəkləri gedir, zira mələklər iflic olmuş iradəni sevmirlər.
6. Qədəm basmağa hazırlaşdığınız dünyanın nüfuzu pisdi.
O, coğrafi nöqteyi-nəzərdən daha yaxşıdı, nəinki tarixi; o, hələ də vizual baxımdan daha cazibədardı, nəinki sosial baxımdan. Tezliklə özünüz də görəcəksiniz ki, bu dünya sevimli məkan deyil. Və inanmıram ki, sizin yaşadığınız müddətdə burda nəsə dəyişsin. Ancaq bu, əlimizdə olan yeganə dünyadı: alternativlər yoxdu, əgər olsaydı belə, onların bu dünyadan yaxşı olacağına zəmanətimiz yoxdu. Bayırda sizi cəngəlliklər, səhralar, sürüşkən enişlər, bataqlıqlar və s. gözləyir – hərfi mənada. Amma həm də metaforik anlamda. Ən pisi də elə budu.
Ancaq Robert Frostun dediyi kimi: “Ən yaxşı çıxış yolu – düz üzərinə getməkdir”. Bir də Frost deyib ki – hərçənd başqa şeirində — “cəmiyyət içində yaşamaq — bağışlamaq deməkdi”.
Məhz, düz üzərinə getməklə bağlı bir-iki söz deyib çıxışımı yekunlaşdırmaq istəyirəm. Sizi bədbəxt eləmək istəyənlərə fikir verməməyə çalışın. Elələri çox olacaq – istər rəsmi vəzifədə olun, istər öz işinizi qurun. Əgər onlardan xilas ola bilmirsinizsə, dözün. Ancaq elə ki xilas oldunuz, dərhal onların varlıqlarını unudun. Ilk növbədə çalışın ki, onlardan gördüyünüz ədalətsiz münasibət haqqında əhvalatlar danışmayasınız; dinləyiciləriniz nə qədər canıyanan olur-olsun, buna yol verməyin. Bu tip nağıllar rəqiblərinizin mövcudluğunu daha da uzadır: çox güman ki, onlar sizin danışmağa meylli olmağınıza, təcrübənizi başqaları ilə bölüşəcəyinizə ümid eləyirlər. Özü özlüyündə heç bir individuum ədalətsizliyi (hətta bəlkə ədaləti də) təcrübədən keçirməyə dəymir. Belə yanaşma, çəkdiyiniz səyləri qətiyyən doğrultmaycaq: burda yalnız əks-sədanın dəyəri var. Bu, istənilən zülmkarın əsas prinsipidi – o zülmkar istəyir dövlət tərəfindən maliyyələşsin,istəyir öz “mən”ini rəhbər tutsun. Buna görə də o əks-sədanı susdurun, səslənməsinə imkan verməyin. Hadisə nə qədər xoşagəlməz, ya da əhəmiyyətli olur-olsun, həyatınızda, baş verməsinə sərf olunan vaxtdan artıq yer tutmasına şərait yatarmayın.
Düşmənlərinizin, sizi sevməyənlərin əməllərinin vaciblik dərəcəsi göstərdiyiniz reaksiyadan asılıdı. Odu ki, onlarln yanından, ya da ortasından elə keçin, sanki onlar qırmızı yox, sarı işıqdılar.
Onlar haqqında nə fikirləşin, nə də danışın; Onları unutduğunuza, ya da bağışladığınıza görə fəxr eləməyin- ən pis halda ilk işiniz unutmaq olsun. Beləcə beyin hüceyrələrinizi lazımsız həyəcandan xilas eləyəcəksiniz; hətta bəlkə o axmaqları da özlərindən xilas elədiniz, zira unudulmaq perspektivi bağışlanmaq perspektivindən daha qısadı.
Kanalı dəyişin: bu şəbəkənin yayımını dayandıra bilməzsiniz, ancaq, ən azından, onun reytinqini azaltmağa gücünüz çatır. Bu qərar, çətin ki, mələklərin xoşuna gəlsin, amma şeytanlara mütləq zərbə vuracaq, hal-hazırda isə ən vacibi budu.
Burda dayansam, yaxşıdı. əgər söylədiklərim sizə faydalı olsa, sevinərəm. Əksi olsa, bu, gələcəyə gözləniləndən daha yaxşı hazır olduğunuzu göstərəcək. Ki, zənnimcə, buna görə də qorxmaq yox, sevinmək lazımdı. İstənilən halda – həyata hazır olsanız da, olmasanız da — mən sizə uğurlar arzulayıram, çünki onsuz da irəlidə sizi əyləncə gözləmir və uğura ehtiyacınız olacaq. Ancaq düşünürəm ki, siz öhdəsindən gələcəksiniz.
Mən falçı deyiləm; gələcəyinizdən xəbər verə bilmərəm, amma belə də görmək olar ki, çox şey sizin xeyrinizədi. Birincisi, siz doğulmusunuz. Ki, özü-özlüyündə bu, artıq işin yarısıdı. Və siz demokratiyada — kabusla utopiya arasından keçən yolun ortasındakı evdə — yaşayırsınız. Alternativlərindən fərqli olaraq demokratiya fərdə daha az əngəllər yaradır.
Nəhayət, siz Miçiqan Universitetində təhsil almısınız. Məncə, bura ölkənin ən yaxşı universitetidi. Heç olmasa, ona görə ki, on altı il əvvəl o, dünyanın ən tənbəl, üstəlik ingiliscə, demək olar ki, bir kəlmə də bilməyən adamına – bəndənizə ehtiyacı olan imkanı verdi.
Mən səkkiz il burda dərs demişəm; indi sizinlə ünsiyyətdə olduğum dili də burda öyrənmişəm; keçmiş həmkarlarımdan bəziləri hələ də burda işləyir, digərləri təqaüddədi, bir qismi də indi üzərində gəzdiyiniz Ann-Arbor torpağında əbədi yuxuya gediblər. Aydındı ki, bu yerin mənim üçün böyük sentimental dəyəri var; on ildən sonra sizin üçün də eyni əhəmiyyəti daşıyacaq. Mən sizin gələcəyinizi ancaq ora qədər bilə bilərəm; bu mənada bilirəm ki, işləriniz pis getməyəcək, daha doğrusu, sizi uğur gözləyir. Zira on ildən sonra buranın adını eşidəndə içinizə dolan isti dalğanın bir mənası olacaq – bəxtiniz gətirib, ya yox, vacib deyil, siz insan olmağı bacarmısınız. Mən sizə gələcəkdə, məhz, belə uğur arzulayıram. Qalan şeylər bəxtdən asılıdı və o qədər də vacib deyil.
Mənbə: izbrannoe.com
azadliq.org