Sevdiyin vaxtları yada salanda sənə elə gəlir ki, o vaxtdan sonra həyatında heç nə baş verməyib.
Məhəbbət iki zəif insanın görüş anıdı.
Kişi qadını nə qədər çox tanıdıqca, onun barəsində təsəvvürü daha da bəsitləşir.
Paris insanların məskunlaşdığı səhradı: əyalət şəhəri, dörd bir yanı qələbəlik olan tənhalıq.
Diktaturanın yeganə ləyaqətli işi səni seçkilərin nəticələrini bilmək üçün saatlarla radioqəbuledici qarşısında oturmaq əzabından xilas etməkdi.
Ən baha başa gələn qadın özünü satmayan qadındı.
Narkomanlıq uzun müddətli ölüm həzzi yaşamaqdı.
Sevmək başqaları üçün görünməz olan möcüzəni görməkdi.
Hansısa inanc naminə ibadət etmək lazım deyil, ibadət et ki, inanasan.
Bəzi insanlar Tanrıya bütün ağır işləri onların əvəzinə görəcək bir xidmətçi kimi baxırlar.
Xristian Dostoyevskinin əsərləri Prustun əsərlərindən daha yüksəkdə dayanır. Çünki Dostoyevski öz cinayətkar və fahişə qadınlarını alçaltsa da, onları artıq öz günahını yumuş məxluq kimi görürdü.
Sirk əsl incəsənətin son sığınacağıdı.
…Yeri gəlmişkəın, heyrətamiz bir məsələ var: biz Floberi və Stendalı nə qədər sevsək də (Tanrı özü bilir ki, mən onları nə qədər sevirəm) hiss edirik ki, Tolstoy və Dostoyevski onlardan daha dərindi. Çünki hər iki rus yazıçı başqalarının bilmədiyi, ya da artıq bilmədiyi sirri bilir.
Məni Berdyaevdə heyrətləndirən bu inqilabçının mahiyyət etibarilə Tolstoyun, xüsusən Dostoyevskinin, müəyyən qədər də İbsen və Nitşenin təsiri altında olmasıdı. Materialist rasionalizm onun üçün qəbulolunmazdı, o, bunu alınmamış cəhd hesab edir. Hələ marksist olduğu dönəmlərdə o, mənim inandıqlarıma inanırdı. O, Məsihlə idi. O, hesab edirdi ki, Oktyabr inqilabı «rus mədəniyyətinin yüksək dəyərlərinə qarşı əsl qətliam» həyata keçirib. O, hətta cürət edib belə yazmışdı: «Lenin fəlsəfi və mənəvi baxımdan reaksioner, dəhşətli dərəcədə geridə qalmış adam idi».
Fransua Moriak
«Xəzər» jurnalı