Borsalino şlyapalarıyla (Borsalino, XIX əsrin ortalarından şlyapa istehsalıya məşğul olan italyan firması – red.) məşhur olan İskəndəriyyədə anadan olmuşam.
İtaliyanı əbəs yerə intellektuallar ölkəsi sayırsınız. Rafaellə (Rafael Santi, dahi italyan rəssamı, qrafiki və memarı – red.) Mikelancelonun (Mikelancelo Buonarotti, dahi italyan heykəltəraşı, rəssam, memar, şair, mütəfəkkir – red.) buralı olması faktının əslində heç bir əhəmiyyəti yoxdur.
Küçəyə çıxan hər bir avropalı orta əsrlərdən qalma kilsələrlə rastlaşır, həmin dönəm ona niyə maraqlı olsun ki? İndianapolis (İndianapolis, ABŞ-ın Orta Qərbində şəhər, İndiana ştatının paytaxtı – red.) – bax bu başqa məsələ.
Boynuma ip salsanız belə, məni orta əsrlərdən üzü bu tərəfə sürüyə bilməzsiniz. Necə ki, çoxlarını kokos ağaclarının kölgəsindən qopara bilməzsiniz.
Atam mühasib idi, babamsa mətbəəçi. Atam on üç uşağın ən böyüyü idi, mənsə onun ilk övladıyam. Mənim də birinci uşağım oğlan olub. Oğlumun oğlu da bu sıralamanı pozmayıb. Bu zəncirdən niyə söhbət açdım ki? Eko nəsil şəcərəsinin Bizans imperatorluğuna söykəndiyini söyləsələr, yəqin nəvəm də dofin (kral taxt-tacının varisi – red.) sayılacaq.
Atam cavanlıqda yaman kitab həvəskarıydı. Amma özündən savayı on iki bacı-qardaşı vardı, ailə güclə dolanırdı və atam kitab kimi dəbdəbəyə sahiblənə bilməzdi. Beləcə, küçə köşklərində mütaliə edərdi. Yaxınlaşar, piştaxtadan kitab götürər və köşk sahibi qovanadək oxuyardı. Onda növbəti köşkə yaxınlaşar, həmin kitabı tapıb qaldığı yerdən davam edərdi. Onun kitabı bu cür acgözlüklə oxuması ən əziz xatirələrimdəndi.
Babam təqaüdə çıxandan sonra sifarişlə kitab üzləməyə başladı. Evinin hər küncündə Qotyeylə (Teofil Qotye, fransız şairi və romantik məktəbin tənqidçisi – red.) Dümanın (Aleksandr Düma, fransız yazıçısı – red.) nəfis illüstrasiyalı nəşrlərinə rast gəlmək olardı. Bu, mənim gördüyüm ilk kitablar idi. 1938-ci ildə, babam öləndə kitab sahiblərinin çoxu öz sifarişini geri götürmədi. Beləcə, kitablar iri yeşiklərə yığılıb tezliklə valideynlərimin zirzəmisinə “köç etdi”. Məni vaxtaşırı şərab, ya da kömür gətirmək üçün ora yollayırdılar – həmin anları həyatımın ən xoşbəxt dəqiqələri saya bilərəm.
Hə, mən də şeir yazmışam. Bir dəfə söyləmişəm: müəyyən dövrdə poeziya yeniyetmə sızanaqlarını xatırladır. Bu mərhələsiz mümkün deyil. Oyanmağa başlayan on beş-on altı yaşlı gənclərin sızanaqları. Bərbad şairlə yaxşı şairin fərqi ikincisinin öz erkən cəhdlərini yandırmasında, birincisininsə onları dərc etməsindədi.
Bir neçə ay əvvəl özümə bir neçə min dollara kərənay (nəfəsli musiqi aləti – red.) aldım. Yəqin bilərsiniz, kərənay çalmağı bacarmaq üçün mütləq dodaqlarını məşq elətdirməlisən. Vaxtilə az qala həyat tərzimə çevrilsə də, bunu lap çoxdan unutmuşam. İndi çox pis ifa edirəm, on iki yaşımda isə mənə söz ola bilməzdi. Amma əslində kərənayı ondan yararlanmaq üçün almamışam, sadəcə keçmişimdəki kimliyinin şahidi rolunda çıxış edir.
Hansı personajı uydurursan-uydur, o, sənin təcrübəndən və yaddaşından yemlənəcək.
Əsl qəhrəman həmişə səhvən qəhrəmandı. Əslində o, ətrafdakı hər kəs kimi səmimi qorxaq olmağı arzulayır.
Yəqin nə vaxtsa İen Fleminqin (Ceyms Bond haqda seriya kitabların müəllifi – red.) tipik süjetinin struktur analizini nəşr etdirməyim sizin üçün maraqlı olar.
Detektiv ədəbiyyatı fəlsəfənin mərkəzi sularını qabartdığı üçün məni özünə cəlb edir – bunların baiskarı kimdi?
“Qızılgülün adı”na başlayanda, şübhəsiz ki, Aristotelin “Poetika”sının itirilmiş cildinin (dramın nəzəriyyəsini əhatələyən iki kitabdan müasir dövrümüzə faciəyə həsr olunmuş birinci hissəsi çatıb, komediyanı açan ikinci hissəsi itirilib – red.) məğzinə varmamışdım. Amma deyəsən, kitabın yazılma prosesində nələrisə ehtimal edə bildim.
Hər dəfə kitab yazmağa başlayanda özümü iki illik müddətə məhkum olunmuş kimi hiss edirəm, çünki istənilən əsər körpəni xatırladır. Əvvəlcə ona həyat verməlisən, qayğısına qalmalısan və yalnız sonra o, yeriməyə, ən nəhayət, danışmağa başlayır.
Yaxşı kitab həmişə öz müəllifindən ağıllıdı. Çox vaxt o, hətta müəllifin belə ehtimal etmədiyi şeylərdən danışır.
Hər bir mədəni insanın ilkin öhdəliyi hər zaman ensiklopediya köçürməyə hazır olmasıdı.
Televiziyanı sevirəm və böyük ehtimalla yer üzündə ondan xoşlanmayan bir nəfər də olsun intellektual mövcud deyil. Sadəcə yəqin bunu etiraf etməkdən çəkinməyən yeganə insanam.
Hazırkı məqamda onlayn istifadəçilərin sayı məni az maraqlandırır. Onların işi-gücü xəyali ünsiyyət qurmaqdı.
Mən düzlüyün nə olduğunu bilmirəm. Heç olmasa bu məqamda haqlıyam.
Bəlkə də fikirləşdiyim qədər müdrik deyiləm, daha insanların mənə vurduqları damğadan danışmıram.
İnsanlar yüngül ədəbiyyat oxumaq istəyirlər — bunların hamısı naşirlərin yaymağa çalışdıqları uydurmalarıdı.
İnsanlar sadə şeylərdən çox tez usanırlar.
İstənilən hadisəyə paralel gətirmək olduqca asandı. Mənə 50 dollar verin, sizə bu günlə neandertalların dünyası arasındakı paralellərdən bəhs edən esse yazım.
Orta əsrləri heç vaxt qaranlıq dönəm saymamışam. Bu, intibaha təkan verən məhsuldar mühit idi.
Dünya mədəniyyəti yalnız bircə şey istəyir – sonsuzluğu ağlabatan etmək.
Mütaliə etdiyin istənilən kitabın səni digərini oxumağa təhrik etdiyindən əminəm.
Əgər kitab yazmaq niyyətindəsənsə, hər hansı bir qayda və ya düzgün rejimdən söhbət belə gedə bilməz.
Bəzən bir səhifəni on dəfə köçürürəm, əgər bu da kömək etmirsə, yazdığımı ucadan oxuyuram. Beləcə, nəyin alınmadığını anlamağa çalışıram.
Kitab yazmaq heç də həmişə sözləri kağıza həkk eləmək deyil. Səhər yeməyi süfrəsi arxasında oturarkən, ya da gəzintidə olarkən beynində bütöv bir fəsli yarada bilərsən.
İnsanı heyvandan fərqləndirən azsaylı şeylərdən biri də yalan danışma qabiliyyətidi.
İnsan imkanlarının sərhədi olduqca darıxdırıcı və məyusedicidi – ölüm.
Başqasının axmaqlığı heç vaxt səninkini azaltmayacaq.
Mənbə: Esquire jurnalı