Söz , yazı və...

Söz , yazı və...

“Söz var kəsdirər başı, söz var kəsər savaşı, söz var ağulu aşı, yağ ilə bal edər bir söz...” Söz var vəzir edir, söz var rəzil edir. Söz var dağlar aşdırır, söz var düz yolda çaşdırır. Söz var güldürür, söz var öldürür. Söz var özdür, söz var közdür. Söz var oxunulası, söz var yazılası. Söz var yaşanmalıdır, söz var unudulmalıdır. Söz var yaşadılmalıdır, söz var unutdurulmalıdır. Söz var üstündə durmalısan, söz var həmişə üstündə dayanmalısan. Söz var dildən gəlir, söz var ürəkdən gəlir. Söz var uçub gedən, isti nəfəslərə qovuşub əriyən. Söz var boynunu büküb başa düşülmək üçün öz anını gözləyən. “Ya xeyirli söz de, ya da sus” – necə də xeyirli sözdür. Söz gümüşdürsə, susmaq qızıldır.

  ***

“Söz uçar, yazı qalar”. İgid qəhrəmanların həyatını ölümsüzləşdirən yazılar vardır, qapqaynar. Eyni dəyərlərə sahib insanların anlaşmazlıq nəticəsində dostluqlarını ölümə məhkum edən yazılar vardır, bumbuz. Müəllifi tərəfindən belə inanılmayan faydasız yazılar vardır, sanki unudulmaq üçün yazılan. Sözlər var, yazılar var; bəzəkli-düzəkli, ədəbi ifadələrlə, bədii təsvir vasitələri ilə zəngin. Halbuki natiqin həyatında heç yaşamadığı ifadələrlə bəzədiyi nitqi ölü doğulmuş uşağa bənzəyir.

  ***

 Ağzımızdan çıxmış sözlərdən və qələmimizdən hasil olmuş yazılardan savayı bizim bir bədən dilimiz də var; nə səsi var, nə də sədası, amma odur varlığımızın əsası. Onu sözlər yox, gözlər ifadə edir. Elə söz var səmimiyyətinə şübhə edilir, amma işə bədən dili qarışdıqda bütün şübhələr aradan qalxır. Buna görə də yaşamadıqlarımız nə deyilməli, nə də yazılmalıdır. Əgər deyilib və ya yazılıbsa, artıq yaşanmalıdır.
  
***

 Neçə-neçə, necə-necə sözlər istifadə etmişəm indiyə qədər… İmkanım olsaydı, sayardım hər bir kəliməmi, hər bir sözümü… İmkanım olsaydı, ölçərdim hər birinin səmərəliliyini… Və imkanım olsaydı, geri qaytarardım hər boş sözümü. Amma bir şeyi bilirəm ki, vaxt var idi onlar mənim qulum idilər, indi isə mənə ağalıq edirlər.

  ***

 Neçə-neçə, necə-necə yazılar yazmışam indiyə qədər… İmkanım olsaydı, faydalılıq şkalasında ölçərdim onları. Yazılar var yaddaşımda: haqlarında “kaş ki yazmasaydım” dediklərim… Amma təəssüf ki, lövhəyə həkk olunmuş yazıları silmək üçün keçmişimiz bizə silgi əvəzinə peşimanlıq verir. Başqa yazılar da var yaddaşımda: haqlarında “yaxşı ki, yazmışam” fikirləşdiyim anda “daha yaxşı yazmalıydım” dediklərim. Yada sala bilmədiyim yazılar da var: heç onlara görə məni nələrin gözlədiyini də bilmirəm.

  ***

 Və bir də elə vəziyyətlər var ki, onlar haqqında nə siz soruşun, nə də mən danışım! Çünki nə mənim hövsələm çatar onları deməyə, nə də sizin səbriniz yetər onları dinləməyə! Amma məni ümidləndirən bir şey var: sözlərimə, yazılarıma, vəziyyətimə yox, yalnız niyyətimədir ümidim, niyyətimə!
Top